Hökumətyönlü deputatdan həyəcan təbili

17-09-2014, 10:55   
Hökumətyönlü deputatdan həyəcan təbiliQüdrət Həsənquliyev hakimiyyəti siyasi məhbusları azad etməyə çağırdı

“Bir çox hüquq müdafiə təşkilatları Azərbaycandan tələb edirlər ki, siyasi məhbus hesab olunan şəxslər dərhal azad olunsun. Mən də düşünürəm ki, Azərbaycan hökuməti həmin şəxsləri azad etməlidir”. Bu sözləri “Bizim Yol” qəzetinə hökumətyönlü deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, Azərbaycan dünyada insan haqları ilə bağlı rəy formalaşdıran qurumlarla üz-üzə gəlməməlidir: “Azərbaycan dünyada tanınan hüquq müdafiə təşkilatları ilə qarşıdurmaya getməməlidir. Siyasi məhbus hesab olunan şəxslərin barəsində ya həbs-qətimkan tədbiri dəyişdirilməli, ya da azadlıqdan məhrum olunubsa, cəzanın çəkilməmiş hissəsi başqa cəza növü ilə əvəz olunub, azadlığa çıxmalıdırlar. Yəqin ki, AŞ PA sədri ilə müzakirə olunan məsələlərdən biri bu olacaq”.

Qüdrət Həsənquliyev müsahibədə Rusiya əleyhinə də fikirlər səsləndirib. O, Rusiyanı Azərbaycanın torpaqlarını işğal edən dövlət kimi xarakterizə edib. “Mən əvvəllər də söyləmişəm ki, biz Rusiyanı vasitəçi kimi qəbul etməməliyik. Ona görə ki, bizim torpaqların həm işğal olunmasında, həm də işğal altında qalmasında Rusiyanın birbaşa iştirakı var. Bunun üçün əgər dil tapa biləriksə, Rusiyanın maraqlarını Azərbaycanda nəzərə almaqla biz çalışmalıyıq ki, Rusiya ən azından bitərəf mövqe tutsun”,- deyə deputat bildirib.

Maraqlıdır ki, Qüdrət Həsənquliyev bir müddət əvvəl verdiyi müsahibədə Rusiyanın lehinə fikirlər səsləndirmişdi. Azərbaycanın seçim qarşısında olduğu bir dönəmdə deputat Azərbaycanın Gömrük Ittifaqına üzv olmasını təşviq etmişdi. O, hətta bəyan etmişdi ki, Qarağağ məsələsinin həllinə görə, Azərbaycanda Rusiyanın hərbi bazalarının yerləşdirilməsinə də razılıq vermək olar. “Rusiya ilə hansı formadasa razılaşıb, onun maraqlarını regionda təmin eləmək, neft-qaz siyasətini razılışdırılmış şəkildə həyata keçirmək. Lazım gələrsə, qazı Rusiyaya satmaq olar. Lazımdırsa, burada Rusiyanın hərbi bazaları yerləşdirilsin. Yəni Azərbaycan öz dövlət müstəqilliyindən imtina etməmək şərtilə bir çox suveren hüquqlarından Qarabağ naminə güzəştə gedə bilər”,- deyə Qüdrət Həsənquliyev bildirmişdi. Hökumətyönlü deputatın bu fikirləri ictimaiyyət tərəfindən sərt etirazla qarşılanmışdı.

Akif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.