Fevralın 1-dən baş verən iki vergi dəyişikliyi - kim itirir, kim qazanır...

2-02-2023, 10:06   


Ekspertlərin yanaşması fərqlidir; deputat əmanətlərə vergi güzəştlərinin uzadılmasını təklif edir, iqtisadçı isə deyir ki...

Azərbaycanda fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinə tətbiq olunan vergi güzəştinin müddəti başa çatıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli banklar və xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən divident, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilib. Qeyd olunan güzəştin müddətinin 2023-cü il fevralın 1-dən başa çatdığını nəzərə alaraq, həmin tarixdən etibarən bankların fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.

Xidmət bildirir ki, banklar tərəfindən fiziki şəxslərin əmanətləri üzrə 1 fevral 2023-cü il tarixədək hesablanmış, lakin əmanətçilərə ödənilməmiş faizlər onların ödənilmə tarixindən asılı olmayaraq gəlir vergisinə cəlb edilməyəcək. Bu baxımdan, yerli banklar və xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin ödəmə mənbəyində gəlir vergisinə cəlb edilməsi yalnız 01.02.2023-cü il tarixindən sonra hesablanmış faizlərə münasibətdə tətbiq ediləcək.

Azərbaycanda bir sıra tanınmış ekspertlər hesab edirlər ki, fiziki şəxslərin əmanət gəlirlərinə vergi güzəştinin müddəti artırılmalıdır. İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov hesab edir ki, güzəştlərin dayandırılması əmanətlərin azalmasına gətirib çıxaracaq: “Əmanətlərin gəlir vergisindən azad edilməsi banklara daha çox depozitin cəlb edilməsinə imkan yaratdı. Doğrudur, bu yeganə səbəb deyildi. Amma vergisiz əmanətlər vətəndaşlar üçün daha cəlbedici idi. Əgər 2016-cı illərdə dəyişikliklər qəbul edilən zaman banklarda fiziki şəxslərin 8 milyard 77 milyon manat əmanəti var idisə, ötən müddətdə bu göstərici 11 milyard 743 milyon manatadək yüksəldi. Bu o deməkdir ki, həmin müddətdə banklarda fiziki şəxslərin əmanətləri 45.0 faizdən çox artıb. Doğrudur, bu artımlarda 2017-ci ildən sonra əldə edilən maliyyə stabilliyinin xüsusi rolunu da qeyd etmək lazımdır. Nə təklif edirik?

Vergi güzəştinin uzadılmaması əmanətlərin həcminə və xüsusən də valyuta strukturuna neqativ təsir göstərə bilər. Bu, milli valyutada yığımlara marağı da azalda bilər. Belə ki, bu dəyişikliklər qəbul edilən zaman əmanət portfelində manatla depozitlərin payı cəmi 18.0 faiz idisə, indi bu rəqəm 61.0 faizədək yüksəlib. Göründüyü kimi, manatın stabilliyi, milli valyutada depozitlərə daha çox dividentin ödənilməsi kimi faktorlarla yanaşı vergi güzəştləri də manatla yığımlara marağı artırıb.

O baxımdan daha məqsədəuyğun olardı ki, ya Vergi Məcəlləsinə dəyişiklik edilib güzəşt müddəti daha 1 il uzadılsın və ya sığorta olunan əmanətlər gəlir vergisindən azad olunsun. Birinci halda, növbəti 1 il müddətdən yeni mexanizm hazırlamaq mümkündür. Həmin mexanizm artıq 2024-cü ilin fevralında tətbiq olunan zaman hər hansı çətinlik yaratmaz. İkinci halda, əmanətçilərin əksər hissəsinin depozitləri sığortalanan olduğu üçün bu, əksər fiziki şəxsləri əhatə edəcək".

Ekspert Eldəniz Əmirov da hesab edir ki, güzəştin bitməsi geri effektlər yarada, əmanət həcmlərinin azalmasına gətirib çıxara bilər: “Bankların təqdim etdiyi depozit faizlərini onsuz da inflyasiya yeyir. Digər tərəfdən də güzəştin aradan qalxması insanların öz əmanətlərini daşınmaz əmlaka yönəldəcəkləri daha real görünür. Çünki bankların təklif etdiyi faizlər qarşılığında infilyasiya + vergi daşınmaz əmlakı daha səmərəli yatırım istinadına çevirir. Bu isə tələbin artması fonunda daşınmaz əmlak bazarında qiymət artımlarını mart-aprel aylarına doğru hiss etdirməyə başlayacaq”...

Bank sahəsi üzrə mütxəssis Əkrəm Həsənovun fikrincə, əmanət faizlərindən vergi tutulması zəruridir: “Hər bir şəxs qazandığı gəlirdən vergi verir, əmək haqqından belə vergilər ödəyirik. Üstəlik, pulu qazananda, həm də xərcləyəndə vergi veririk, hər hansı məhsulu alanda 18 faiz ƏDV vergisi ödədiyimizi unutmayaq. Yəni o pulu qazananda da, xərcləyəndə də vergi tutulur. Onda əmanətdən niyə tutulmasın, özü də faiz gəlirindən 10 faiz. Adamlar var ki, yüz adamın adı altında bankda pulu var. Beynəlxalq praktikada da belədir ki, daha çox pulu olandan daha çox vergi tutulur. Bu məsələdə mən vergi orqanının tərəfindəyəm”.

2022-2023-cü illər üzrə Yol Xəritəsi vergi sistemində biznes üçün  əhəmiyyətli yeniliklər vəd edir - AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı depozit gəlirlərinə tətbiq olunan vergininin maliyyə bazarına necə təsir edəcəyini açıqlayıb. Mərkəzi Bankın sədri Taleh Kazımov dünən keçirilən mətbuat konfransında qeyd edib ki, Vergi Məcəlləsinə əsasən, 7 il müddətinə depozit gəlirlərinə güzəşt tətbiq olunub. Bu dövr artıq başa çatıb. Bu verginin tətbiqi qanunvericiliyin tələbidir: “Bu, əmanətlərdə hər hansı təhdid yaratmır. Təhlillər göstərir ki, əmanət gəlirlərinin yenidən vergiyə cəlb olunması depozit portfelinin həcminə ciddi təsir göstərməyəcək. Hesab edirik ki, banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Ola bilər ki, bu, kredit faizlərinə təsir etsin. Bunu isə qarşıdakı təhlillərimiz əsasında deyə biləcəyik. Biz gözləyirik ki, depozitlərin banklardan çıxmaması üçün faizlər vergi faizi nisbətində artırılacaq”.

Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyev isə əlavə edib ki, AMB əmanət faizlərinin vergiyə cəlb edilməsinin maliyyə sabitliyinə və əmanətlərin həcminə ciddi təsir göstərməyəcəyi qənaətindədir.

Mərkəzi Bank rəsmilərinin açıqlamalarına əsasən Azərbaycanda ötən il bankların depozit portfeli artıb. Bildirilir ki, fiziki şəxslərin əmanət portfeli 27 faiz, hüquqi şəxslərin depozit portfeli 24 faiz artıb.

Əkrəm Həsənov: "Mərkəzi Bankın - RƏHBƏRİNİN DƏYİŞƏCƏYİNİ GÖZLƏYİRƏM" -  FED.az

Əkrəm Həsənov

Fevralın 1-dən etibarən Azərbaycanda həmçinin 5 il müddətində yalnız kütləvi təklif edilmiş, tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə dividend, diskont və faiz gəlirləri vergidən azad edilib. Vergi güzəştinin məqsədi qiymətli kağızların kütləvi təklif üsulu ilə fond birjasında yerləşdirilməsinin stimullaşdırılması və tənzimlənən bazarda qiymətli kağızlara marağın artırılmasıdır.

Digər dəyişiklik istiqrazlar üzrə ödənilən diskont və faiz gəlirlərindən verginin hesablanması qaydasının qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması və əsas meyar kimi istiqraz mülkiyyətçisinin həmin istiqraza malik olduğu günlərin sayının nəzərə alınmasıdır. Bu dəyişiklik istiqrazlar üzrə diskont və faiz gəlirlərindən formalaşan vergi yükünü optimallaşdırmaqla investorların kapital bazarında fəal iştirakını və investor bazasının genişləndirilməsini stimullaşdıracaq. Eyni zamanda hüquqi şəxslərin istiqrazlar üzrə əldə etdiyi faiz gəlirlərini ödəmə mənbəyində deyil, ümumi mənfəətdə bəyan etməsi və vergi ödəməsi müəyyən edilib.

Azərbaycan Mərkəzi Bankında hesab edirlər ki, bu dəyişikliklərin tətbiqi nəticəsində investisiya qiymətli kağızları olan səhm və istiqrazların kütləvi təklif üsulu ilə yerləşdirilməsinə və emitentlərin fond birjasında listinqə çıxışına maraq artacaq. Dəyişikliklər birjadankənar bazarın kiçilməsi və fond birjasında bağlanan əqdlərin sayının artması fonunda bazarın şəffaflığının yüksəlməsinə və investorların kapital bazarında iştirak imkanlarının genişləndirilməsinə əhəmiyyətli töhfə verəcək.

Rəsmi məlumatlardan aydın olur ki, 2022-ci ildə Azərbaycanda qiymətli kağızlar bazarı ciddi şəkildə kiçilib. Mərkəzi Bankın məlumatına əsasən ötən il ərzində qiymətli kağızlar bazarında 15 milyard 563 milyon manatlıq əməliyyat aparılıb ki, bu da 2021-ci illə müqayisədə 7,8 faiz azdır. İllik göstəricinin 8 311,9 milyon manatlıq hissəsi ilkin bazarda (0,5  faiz azalma), 7 milyard 251,2 milyon manatlıq hissəsi isə təkrar bazarda (15 faiz azalma) formalaşıb. Hesabat dövründə qiymətli kağızlar bazarında 11 018 əqd bağlanılıb. Bu, illik müqayisədə 12,3 faiz azalma deməkdir. Əqdlərin 2 156-sı ilkin bazarın (20,2 faiz azalma), 8 862-si isə təkrar bazarın (10,2  faiz azalma) payına düşüb.

Azərbaycanın qiymətli kağızlar bazarında dövlətin payı çox yüksək olaraq qalır. 2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 8 milyard 312,8 milyon manatlıq hissəsi və yaxud 53,4  faizi dövlət qiymətli kağızlarının, 2 milyard  189,7 milyon manatlıq hissəsi və yaxud 14,1 faizi korporativ qiymətli kağızların, 5 milyard 060,5 milyon manatlıq hissəsi və yaxud 32,5 faizi isə repo əməliyyatlarının payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 14,1 faiz çox, 8,6 faiz və 29,7  faiz azdır.

Ötən il ərzində bu bazarda bağlanmış əqdlərin isə 2 506-sı və yaxud 22,7 faizi dövlət qiymətli kağızlarının, 4 400-ü və yaxud 39,9 faizi korporativ qiymətli kağızların, 4 112-si və yaxud 37,3 faizi isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 13,6 faiz çox, 27,6 faiz və 4 faiz azdır.

Statistika göstərir ki, ötən il qiymətli kağızlar bazarında dövlətə qiymətli kağızları üzrə əqdlərin sayı az olsa da, onların həcmi bazarın yarıdan çoxunu təşkil edib. Bu baxımdan, Mərkəzi Bank və hökumətin bazarı qeyri-dövlət sektoru oyunçuları üçün cəlbedici etməyə çalışması başadüşüləndir. Lakin o da məlumdur ki, Azərbaycanda qiymətli kağızlar bazarının inkişafını əngəlləyən amillər fundamental xarakterli olmaqla, onların aradan qaldırılması eyni həcmdə dəyişikliklər, real sektorda böyük islahatlar tələb edir...

Dünya SAKİT,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.