İran Türkiyə və Azərbaycanın Xoya yardım təklifindən niyə imtina etdi-İlginc səbəb...

2-02-2023, 16:35   



 

Və ya müsəlman qonşusunu “quyruğu” ilə qorxutmağa çalışan “Şir”in özünü ifşası 

İran 30 il ərzində Ermənistana hər cür yardım etdi və işğal dönəmində Qarabağdakı məscidlərdə donuz saxlayanlara dəstəyini bu gün də davam etdirir. 

İran Qarabağdakı separatçı-terrorçu rejimə də əlindən gəldiyi qədər kömək etdi, ta ki, Azərbaycan dövləti Xankəndiyə yanacaq və digər yüklər daşıyan, Ermənistan nömrə-nişanlı TIR-ların yolunu kəsdi, bu məkrli planı ifşa etdi, bir müddət donquldanıb, kiridilər.

İran hətta keçən ilin payızında Laçın yolu ilə Qarabağdakı qanunsuz silahlı birləşmələrə - faktiki olaraq terrorçu şəbəkəyə təmrinlər keçmək üçün azı 27 (24-30 noyabr 2022-ci ildə) vətəndaşının yolladı. İran vətəndaşı olan bu cinayətkar şəbəkə üzvlərinin pasportlarını belə, dövlətimizin müvafiq qurumları masaya qoydular, bu dəfə də “iki min illik dövlətçilik ənənəsi” olan rejim tələyə düşdü, ifşa oldu. Amma İran yenə də Azərbaycan ərazilərinə iddia edən, minlərlə müsəlman-azərbaycanlının qanını tökmüş Ermənistanın müdafiəsindədir. Azərbaycanın Tehrandakı səfirliyində alçaq hücumu təşkil etməzdən əvvəl Tehranla İrəvanın “bacı” olduqlarını rəsmiləşdirdilər, həmçinin iki il əvvəl Qarabağ uğrunda döyüşmək üçün qadın terrorçuların dəstəsini yaradan baş “Erato”çu, Azərbaycanda 67 məscidi yer üzündən silən ölkənin hökumət başçısının arvadı Anna Akopyanı məclislərinin başında oturtdular, sonra da Quma aparıb, məscid adına xələl gətirdilər...

326764909_721836172659465_884869.jpg (58 KB)

Azərbaycanın Qarabağ zəfərindən sonra özünü anlaqsız vəziyyətdə aparan, iki il ərzində Azərbaycan sərhədlərində iki böyük hərbi təlimlər keçirən, Ermənistanın sərhədlərini özünün qırmız xətti sayan İran bütün bu məkrli mövqeyindən də usanmadı...Keçən ilin sonlarında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən 500 ədəd “Dehlavieh” tank əleyhinə idarə olunan raket kompleksi və 100 ədəd “Almas” tank əleyhinə raket kompleksi Ermənistana hədiyyə olundu! Sanksiyalardan əhalisi fəlakətli durumda yaşayan müsəlman (?) İranın terrorçu, qəbiristanlıq qənimi, uşaq və qadın qatili Ermənistana hədiyyəsinə baxın – 600 raket!!!

İran belə İrandır...Erməni qaniçənlərinə hər cür yardım edən, Azərbaycan Respublikasına qanlı-qanlı baxan fars-molla rejimi İranda yaşayan 40 milyonluq azərbaycanlıya gözünün ucu ilə də baxmaq istəmir! Sonuncu nümunə: Xoy fəlakəti! İki həftədir ki, Xoy bölgəsində acınacaqlı vəziyyət hökm sürür, fasilələrlə baş vermiş iki güclü zəlzələ nəticəsində 100-ədək kənd dağılıb, azı 3 nəfər həlak olub, 1200-dən çox insan yaralanıb, minlərlə ev yerlə bir olub, insanlar küçələrdə qalıb. Rəsmi açıqlamaya əsasən, şəhər və kəndlərdə azı 3500 mənzil xətər görüb bu zəlzələdən. Amma İran hakimiyyəti özünü elə aparır, sanki nə zəlzələ olub, nə vətəndaşları taleyin ümidinə buraxılıb. Düşmənçilik başqa necə olur ki? Şərt deyil sən əlinə avtomat alıb azərbaycanlını qətlə yetirəsən, elə körpə balaların küçədə, yorğana bükülmüş halda yatmasını, yaşlıların, qadınların şaxtadan donmasını məmnunluqla seyr etməyin özü də düşmənçiliyin başqa üzüdür.

28 yanvarda, Xoy şəhərində və ətraf ərazilərdə 6,1 bal gücündə zəlzələ baş verən gün, azərbaycanlılar fəryad edən zaman fars rejiminin başı Tehrandakı ermənilərin anti-Azərbaycan aksiyasını təşkil etməyə, təhlükəsizlik tədbirlərini həyata keçirməyə qarışmışdı. Həmin gün ermənilər Laçın yolunun “açılması”, “blokada”nın aradan qaldırılması tələbilə mitinq keçirdilər Tehranın mərkəzində. Kimsənin burnu da qanamadı bu aksiyada. Amma bir gün əvvəl Tehrandakı səfirliyimizdə terror törədilmişdi. Məntiqlə İran hakimiyyəti həssas dönəm olduğunu əsas gətirib, ermənilərin anti-Azərbaycan aksiyasına icazə verməməli idi, ya da dağıtmalı idi. Lakin...Tehrandakı səfirliyimizdə Şəhid olan Orxan Əsgərovun xatirəsini anmaq, səfirlik önünə gül qoymaq üçün əraziyə gələn azərbaycanlıları yaxına buraxmayan fars-molla rejimi ermənilərə meydan sulamaq imkanı yaratdı...Bütün bunlar əhalisinin sayı 400 min nəfərdən artıq olan Xoy bölgəsində yaşanan faciələrin fonunda baş verdi.

Necə olur ki, İran Qarabağda evi başına uçmayan bir ovuc erməniyə görə hər şeyə gedir, gizlin yollarla, beynəlxalq hüququ pozmaqla separatçılara yardım edir, bu cəhdlərin qarşısı alınanda da “cin atına minir”, lakin bugünki İran sərhədləri daxilində yaşayan azərbaycanlılara yardım əlini uzatmır? Bu, nə islam, nə müsəlmanlıq? Axı, əl tutmaq Əlidən qalıb deyilər, fars şovinistləri bu deyimi eşitməyibmi? Kasıba, biçarəyə, evsiz-eşiksiz qalmışa əl tutmaq bineyi-qədimdən savab əməl sayılıb, təkcə İslamda da yox, elə bütün dinlərdə. Bu münasibətin səbəbi bəlli: evləri dağılan, küçələrdə gecələyənlər azərbaycanlılardır, ona görə!

İran Cənubi Azərbaycanı da tikə-parça edib vaxtilə, Xoy bölgəsi Qərbi Azərbaycan ostanlığının tərkibinə verilib. Adının tarixi 2700 il öncəyədək gedib çıxan bir bölgənin əhalisinə qarşı nifrətə baxın ki, İran rejimi nə özü zəlzələdən zərərçəkmişlərə yardım edir, nə də yardım təklifini qəbul edir. İran Qızıl Aypara Cəmiyyətinin simasına baxın: Türkiyənin Qızıl Aypara Cəmiyyətinin Xoy sakinlərinə yardım təklifini qəbul etməyib! Belə ki, İran tərəfi “heç bir yardıma” ehtiyaclarının “olmadığını” bildirib. “Baş vermiş zəlzələdən sonra yaranan humanitar fəlakətin yaratdığı fəsadları İran tərəfinin aradan qaldıracağı bildirilib. Ona görə də Türkiyə bu məsələdə öz dəstəyini göstərə bilmir”, - Türkiyənin Qızıl Aypara Cəmiyyətindən deyilib. “Amerikanın Səsi” radiosunun jurnalisti Ali Rza Kuluncu da tvitter səhifəsində yazıb ki, İran Türkiyə “Kızılay” təşkilatının Xoyda baş vermiş zəlzələ ilə bağlı yardım təklifindən imtina edib. “İran rəsmiləri Xoy zəlzələsindən sonra Türkiyə “Kızılay”ının yardım təklifindən imtina edib.  “Keçmişdə, xüsusən türklərin yaşadığı bölgələrdəki zəlzələlər mövzusunda İran dövlətinin həm bacarıqsızlığına, həm də diskriminativ siyasət yürütdüyünə çox şahid olmuşuq”, - deyə jurnalist bildirib.

Türkiyə Qırmızı Aypara Cəmiyyətinin başqanı Kərəm Kınık isə bu barədə öz səhifəsində bu barədə aşağıdakıları yazıb: “Zəlzələdən sonra dərhal yardım təklifimizi onlara çatdırdıq. Ancaq zəlzələnin öhdəsindən gələ biləcək qədər imkanları olduğunu ifadə edərək, bizə təşəkkür etdilər”. Münasibət bu. Tamamilə normal qaydadır, qonşunun evi yananda, dağılanda birinci qonşu köməyə çatır, yetişir. Biz belə gördük, belə etdik, hətta ermənilər bizə düşmənçilik edəndə, Spitak və Leninakana ilk yetişən olduq. İndi də qardaş Türkiyə hətta heç şübhəsiz, zəlzələ qurbanlarının milliyyətinə fərq qoymadan yardıma tələsib, Xoy və Van şəhərləri arasında nə məsafə var ki...Fars rejimi araya sədd çəkdi...

İran rejiminin mahiyyətinə bələd idik, vaxtilə də bənzər situasiyalar olub, elə bir neçə il əvvəl Cənubi Azərbaycandakı zəlzələ bölgəsinə, elə qış günlərində yardım aparan Azərbaycan Respublikasının rəsmi qurumlarına əngəl yaradılmışdı. O zaman inandıra bilərdilər ki, İranın köməyə ehtiyacı yoxdur, özü öhdəsindən gələ bilər və s. Amma indi...

İranın Xoy camaatına yardımı da nədən ibarət imiş? Bunu sosial şəbəkə üzərindən izlədim, hər 4-8 ailəyə bir çadır (!) təklif olunur. Çadırın mahiyyəti nədir ki, İran rejimi bunu da soydaşlarımıza çox görür?! Özü də 5-10 dərəcə şaxtada o mollalardan hansı biri çadırda gecələyər, özü də qonşunun ailə-uşağı ilə birgə? Bu, nə əxlaqdır, ey Məhsa Əminini baş örtüyünü “düzgün örtmədiyinə görə” qətlə yetirilən “əxlaqlı” rejim?!

Soyuqdan titrəyə-titrəyə kömək istəyən uşaqlara baxıram, adamın ürəyi parçalanır. Azərbaycanca soyuqda donduqlarını, aclıqdan əziyyət çəkdiklərini, geyim-keçimlərinin olmadığını deyir körpə balalar, çörək növbəsində dayananların gözlərində kədəri seyr etmək...Bu anlar adamı dirigözlü öldürür. Fars rejimi niyə utanmır? Niyə Allahdan qorxmur?!  

Milli Məclisin üzvü Aqil Abbas Musavat.com-a açıqlamasında maraqlı bir tarixçəni xatırladıb. Deyib ki, Azərbaycan-Ermənistan müharibəsi zamanı İranda zəlzələ olanda Azərbaycandan İrana həkimlər yola salınmışdı, onları qəzaya salıb öldürmüşdülər. Amma millət vəkili bütün bunlara baxmayaraq, zəlzələ fəlakəti ilə üzləşən insanlara yardım etməyin vacibliyindən danışıb. Deyib ki, İran yardımı rədd etməklə səhvə yol verir. “İran hökuməti icazə verməsə, heç nə etmək mümkün deyil. Güman edirəm ki, kənar vilayətlərdə yaşayan azərbaycanlılar köməklərini əsirgəmirlər. İran hökuməti icazə versə, şəxsən özüm də maddi yardım göndərərəm”. Bu sözləri kim deyir? Xatırladaq: İranın da iştirakı ilə Qarabağdakı saray kimi evi darmadağın edilən ağdamlı Aqil Abbas! Bax, budur Azərbaycan insanının mövqeyi, evini dağıdan, rayonundakı Allah evində ferma saxlayan düşmənlə əlbir olan ölkəyə yenə də məsləhət verir ki, daşı ətəyindən tök, maaşımdan kəsib, sənin vətəndaşına yardım etmək istəyirəm!

Və son anda aldığımız məlumat: ikitərəfli münasibətlərdə böhrana baxmayaraq, Azərbaycan dövləti də diplomatik kanallarla İrana, Xoy əhalisinə yardım təklif edib. Lakin İran Azərbaycanın yardım təklifini də qəbul etməyib! Fərqə baxın, bir həftə əvvəl səfirliyində terror törədildiyi üçün səfirini geri çağıran ölkə olub-keçənlərə rəğmən humanizm prinsipindən çıxış edərək, insanlıq nümunəsi göstərərək “o bizim siyasətimiz, bu, bizim adətimiz” kimi milli köklərimizdən gələn adətə uyğun şəkildə mövqe nümayiş etdirir, insanlıq faciəsinin tezliklə aradan qaldırılması üçün təşəbbüs göstərir, lakin İran Türkiyə kimi, Azərbaycanın da yardımını rədd edir! Nəticədə: on minlərlə azərbaycanlı qışın soyuğunda, açıq havada qalıb, insanlıq dramı yaşanır! Bu, insanlara qarşı soyqırımın başqa bir növüdür. Qırmaq istəyirlər azərbaycanlıları! Pandemiyanın hələ də dünyanı təhdid etdiyi bir zamanda küçələrdə gecələyən o uşaqlar kütləvi şəkildə xəstəliyə yoluxsa, onda necə olacaq? Çadır göndərməyən rejim dava-dərmanmı göndərəcək?

W1siZiIsIjIwMjMvMDEvMjcvMjIvNTcv.jpg (58 KB)

Sonda: Tehrandakı səfirliyimizdə terror aktı törədiləndən dərhal sonra ehtimallarımızı söyləmişdik. Bu xain hücumun İran xüsusi xidmətinin əlaltısı olan beyni yuyulmuş azərbaycanlı tərəfindən həyata keçirildiyini ehtimal etmişdik. Rejimin hadisədən bir neçə saat sonra terrorçunu efirə çıxarıb, onun Azərbaycan dilində (!) müsahibəsini yayımlaması məkrli niyyəti ortaya qoydu. Məqsəd bəlli: fars-molla rejimi Cənubi Azərbaycanda ana dilində təhsil almaq hüququ belə, əlindən alınan, Azərbaycan dövlətinin açıq mətnlə bu reallığı dilə gətirməsinin qarşısında Güneylə Quzey arasında təfriqə yaratmaq istədi. Düşündü ki, bir terrorçunun Azərbaycan dilində danışması Güneydəki 40 milyon türkün ana dilində danışmasını tələb edən Bakıya cavab olar. Arxadakı niyyət bu idi həm də...Amma gördü ki, yox, o taylı-bu taylı azərbaycanlılar bu şeytan toruna düşmədilər, yenə də “Bakı-Təbriz-Ankara”, Yaşasın Azərbaycan” deyilər, güneylilər Prezident İlham Əliyevin şəkillərini vururlar başları üstünə, Azərbaycan bayrağını asırlar, “Cənab Prezident bizə yardım edin”- müraciətini ünvanlayırlar Bakıya. Bunun ardınca nə Ankara, nə də Bakının Xoya yardım təklifinə müsbət cavab vermədi. Əks halda, güneylilər “İran bizə yardım etmədi, Türkiyə və Azərbaycan dərdimizə dərman elədi”-deyəcəkdilər. Bax, budur Xoya gedən yardım karvanlarının qarşısının kəsilməsində məqsəd.

Amma Təbriz, Mərənd, Ərdəbildən üzü Xoya doğru yardımlar daşınır, bu, qürur verir. Azərbaycan türkləri gördülər ki, onların nicatı bir-birinə dayaq olmaqdadır. Bu, Güneydəki Oyanış Hərəkatı üçün də mühüm bir sınaq olacaq heç şübhəsiz...

İran bu gün Azərbaycan bölgələrində, elə Xoyun özündə və Soyuqbulaqda hərbi obyektlərinin, silah anbarının PUA ilə vurulmasından daha çox rəncidədir, nəinki oradakı azərbaycanlıların fəlakətindən...

Zəlzələ bölgəsinə yardım təkliflərindən imtinanın bir səbəbi də olmamış deyil: qonşularını quyruğu ilə qorxudan “Şir” özünün gücsüzlüyünü nümayiş etdirmək istəmir, təbii ki...

 musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar