Azərbaycanda casus şəbəkəsi: İran agentlərindən sonra növbə rus agentlərinindir?

3-02-2023, 15:41   


“İstənilən halda dövlətlər qarşı tərəfin gələcək perspektivdə düşmən halına gəlməsi ehtimalına nəzərə alıb, həmin ölkələrin hakimiyyətlərinə təsir etmək üçün belə bir şəbəkəni formalaşdırır. Beynəlxalq təcrübədə bu, mövcuddur”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev deyib.

O, Azərbaycanda İran agentura şəbəkəsinin üzlərinin deşifrə edilməsindən sonra ölkədə digər agentura şəbəkələrinin olub-olmamasından, habelə Azərbaycan xüsusi xidmət orqanlarının onlara qarşı müvafiq əməliyyatları keçirib-keçirməyəcəyindən söz açıb:

"Buna indi İran və Ermənistana istinadla yanaşmalıyıq. Çünki bu 2 ölkə bizi düşmən olaraq görür. Məncə, İranın bu düşmənçiliyinin açıq müstəviyə keçməsi çox yaxşı oldu. Düşmənçilik pərdələnəndə, dost kimi görünəndə daxildə kəşfiyyat çox gözəl işləyir. Amma açıq düşmənçilik bildiriləndən sonra kəşfiyyat orqanlarının yeritdiyi siyasət deşifrə olunur”.

Müsahibimiz nümunə də çəkib:

“Birinci Qarabağ müharibəsindən sonra Koçaryanla Sarkisyan Moskvaya getmişdilər ki, Abel Aqanbekyanla görüşsünlər və Qarabağı necə işğal etdiklərini söyləsinlər. Aqanbekyan isə onlara demişdi ki, siz erməni xalqına nə qədər pislik etdiyinizi bilmirsiniz. Çünki müharibə olmasaydı, yeritdiyimiz kəşfiyyat üsulu sayəsində biz Azərbaycanı elə ələ alacaqdıq ki, yekunda ora bizim olacaqdı. İndi isə bu, müharibəyə çevrildi, hər şey aşkara çıxarıldı və kəşfiyyatçılarımız təmizləndi. İndi də İranla belədir”.

E. Şıxəliyev əlavə edib: “Məsələn, mən desəm ki, filan ölkənin Azərbaycanda şəbəkəsi güclüdür, gərək ad göstərim. Amma hipotetik olaraq, üçüncü ölkələrin Azərbaycanda fəaliyyəti mövcuddur. Biz ən çox İran agentlərini aşkar etdik, bundan əvvəl isə Ermənistan agentləri var idi. İndi də Rusiya barəsində bu söhbətlər gəzib-dolaşır. Ona görə ki, postsovet ölkələr hazırda mərkəzdən qaçma siyasəti yürüdürlər deyə, adətən, FSB tərəfindən bu kimi fəaliyyətlə icra olunub. Bu fəaliyyətin praktiki mövcudluğuna gəldikdə bu, hələ ki fikir olaraq mövcuddur. Əsaslandırmaq üçün, ilk növbədə, bu, aşkar edilməli və təmizlənməlidir”.

Ekspertin sözlərinə görə, ən çox şəbəkələşdirmə isə 2 istiqamətdə olur:

“Birincisi, siyasi təsir üçün kəşfiyyatın şəbəkələşdirilməsi; ikincisi, məxfi məlumatların əldə olunması. Məxfi məlumatlar da, əsasən, hərbi əməliyyatlardır. İndi isə Azərbaycanda bu 2 istiqamətdə əllərində məlumatlı olan ölkələr İran və Ermənistandır. Rusiya da bunda maraqlıdır, çünki Rusiya hələ də öz mövqeyini müəyyənləşdirə bilmir ki, bunlar bizim mütəffiqlərimizdir, yoxsa Ukraynaya yanaşma kimi bizi də təsir altında saxlamaq üçün belə yanaşır, bilinmir”.

Polkovnikin fikrincə, bütün dövlətlər ölkələrin daxilindəki prosesləri izləmək üçün bu və ya digər formada bunu təşkil edirlər:

“Beynəlxalq hüquqda bunun adını konsulluq qoyurlar və oradakı xarici nümayəndənin əsas məqsədi məlumatların toplanmasıdır, xüsusən də kəşfiyyat məlumatları. Bu zaman dövlət bu kəşfiyyat məlumatlarının önəminə və bu şəbəkələrin yaranması baxımından bunun tətbiq edilməsi formasını nəzərdən keçirəndən sonra müvafiq şəbəkələşməyə qarşı konkret tədbirlər görməyə çalışır. Biz indi bunu İrana edirik, çünki İran artıq açıq müstəvidə öz fəaliyyətini düşmənçiliyə keçirib”.

Hərbi analitik düşünür ki, Azərbaycana qarşı pis niyyəti olan dövlətlər nə qədər olsa da, bu, prosesin Azərbaycanın nəzarətində ola bilən bir hissəsidir:

“Onlar o zaman deşifrə olunurlar ki, artıq bütün “qırmızı xətt”ləri keçirlər. Bugünkü gündə İran bunu din üzərindən edirdi, eləcə də bu toxumları müstəqillikdən sonra yalnız din üzərindən əkməyə çalışırdı, daha sonra narkotik ticarətini buraya daxil etmişdi. Yəni siyasi istəkləri bu idi. Qısası, hər zaman Azərbaycanda bu kimi ölkələr olacaq və ölkədə şəbəkələşmə, agentura şəbəkəsinin olacağı istisna edilmir. Bizim də vəzifəmiz ondan ibarətdir ki, bunları ifşa edib zərərsizləşdirək”.

Rafi MÜSLÜMOV

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar