Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Türkiyəyə qarşı psixoloji savaş: Qərb nə istəyir?

3-02-2023, 18:05   


Türkiyəyə qarşı psixoloji savaş: Qərb nə istəyir?


Britaniya, Niderland Krallığı və Almaniyanın İstanbuldakı Baş konsulluqlarının fəaliyyətini müvəqqəti dayandırması Türkiyə hakimiyyətinin narazılığına səbəb olub.

Rəsmi Ankara konsulluqların təhlükəsizlik tədbiri ilə əlaqədar bağlanmasını siyasi təxribat kimi qiymətləndirib. Qeyd edək ki, Britaniya Baş konsulluğu bu qərarını böyük şəhərlərdə olan Qərb ölkələrinin vətəndaşlarının hücumların hədəfinə çevrilməsi və ya hücumlara məruz qalma ehtimalının olması ilə izah edib.

“Hazırda İstanbulda kilsələrə, sinaqoqlara, səfirliklərə, konsulluqlara və Qərbin tez-tez rastlaşdığı digər yerlərə terror hücumu təhlükəsi artıb” - Britaniya vətəndaşlarına ünvanlanmış müraciətdə belə deyilir.

İstanbul şəhərinin Beyoğlu rayonunda yerləşən Niderland Baş konsulluğu da yanvarın 30-da fəaliyyətini mümkün etiraz nümayişləri və Qərb hədəflərinə artan təhlükə səbəbi ilə müvəqqəti olaraq müraciət edənlər üçün bağladığını elan edib. 

Almaniya Baş konsulluğu işini “təhlükəsizliklə bağlı narahatlıqlar”la əlaqədar işini bir günlüyə, yəni fevralın 1-də müvəqqəti dayandırıb. 

Türkiyənin daxili işlər naziri Süleyman Soylu isə “təhlükəsizlik səbəbi ilə əlaqədar” İstanbuldakı bəzi konsulluqların müvəqqəti bağlanmasına sərt rekasiya verib.

O, Avropa ölkələrinin sözügedən addımını Türkiyəyə qarşı psixoloji müharibə adlandırıb. Nazir açıqlamasında bu qərarı “mən silahı verim, sən öl” strategiyası adlandırıb:

“Türkiyədə terror bitməsə də, artıq birinci gündəm məsələsi deyil. Terror təşkilatlarını kimin qidalandırdığını bilirik. PKK/PYD-ni qidalandıran Amerika Birləşmiş Ştatlarıdır. İllərdir Amerika və Qərb pul, logistika və insan resursları ilə qidalanan terror dövləti qurmaq xəyalından əl çəkməyib. Amerika və Qərb bizim bu coğrafiyada müstəqil və azad olmağımızı istəmir. Hər şey çox açıq və aydındır. “Sabit Türkiyə olmasın, nə olursa olsun” anlayışı ilə hərəkət edilir. 60 milyon turisti məqsəd qoyduğumuz gün onlar Türkiyədə yeni bir psixoloji savaş başlatmaq ərəfəsində idilər”.

Politoloq Əziz Əlibəyli Cebhe.info-ya açıqlamasında bildirib ki, İstanbulda terror aktının baş verəcəyi və Qərb ölkələrinin vətəndaşlarının həyatına təhlükə yaranması barədə iddialara siyasi ajiotaj yaratmağa xidmət edir. 

Ekspert hesab edir ki, terror təhlükəsi Qərb dövlətlərinin iddia etdiyi qədər real olmasa da, Türkiyədə qarşıdan gələn prezident seçkiləri ərəfəsində siyasi gərginliyin artan xətt üzrə davam edəcəyi gözlənilir:

“Türkiyəyə qarşı psixoloji həmlə var. Təhlükəsizlik və sabitlik baxımından bu həmlələri getdikcə genişləndirirlər. Türkiyənin, xüsusilə də İstanbulun terror məsələsində həssaslığını nəzərə alsaq, seçkilər öncəsi ictimai rəyi iqtidarın əleyhinə çevirməyə çalışan qüvvələrin psixoloji təzyiqi bu həssaslığın üzərindən həyata keçirilir. 

Süleyman Soylunun da, Prezident Ərdoğanın da, digər rəsmi şəxslərin də açıqlamaları da göstərir ki, konsulluqların müvəqqəti bağlanması Türkiyəyə psixoloji zərbədir. Amma İsveçdə Quranın yandırılması ilə başlanan bu tendensiya Qərb ölkələrinin İstanbuldakı konsulluqlarının adekvat cavab verməsi ilə müşayiət edildi.

Onlar guya etibarlı mənbələrdən aldıqları məlumatlara istinad edərək istanbulda terror törədiləcəyini iddia edirlər. Qərb dövlətlərində müqəddəs Qurani-Kərimlə bağlı mövcud olan mövqe tərəfdarlarının Türkiyədə terrorçuların real hədəfinə çevrilə biləcəyi barədə arqument gətirirlər. 

Təbii ki, Türkiyənin dövlət rəsmiləri dərhal buna kəskin reaksiya verərək belə bir məsələnin mövcud olmadığını bildirdilər. Amma Türkiyədə terror törətmək təcrübəsi də müəyyən qədər rahatdır. Türkiyənin hüquq-mühafizə və kəşfiyyat qurumları çox peşəkar olsa da, bu ölkəyə daxil olmuş 10 milyonlarla miqrant var ki, onların da bir qismi terrorçu qruplaşmalara bağldır.

Amma bu problemin əsasını yaradan Türkiyə deyil. Qərb bunu hazırlayan tərəflərdən biri olduğuna görə Türkiyəni həm beynəlxalq səviyyədə sabitliyin pozulduğu ölkə kimi, həm də seçkilər öncəsi siyasi mühiti gərinləşdirmək nöqteyi-nəzərindən təhdid etməyə başlayır. Britaniyanın, Niderlandın və Almaniyanın addımlarının kökündə həmin məqsəd dayanır. Lakin siyasi ajiotajın yaranması və artan xətt üzrə davam etməsi ehtimalı yüksəkdir. 

May ayının 14-də seçkilər keçirilənə qədər bu təzyiqləri ən azı iki cəbhədə görəcəyik. Birincisi, Yunanıstan-Türkiyə qarşıdurmasının artması gözlənilir. Yunanıstanın müttəfiqləri olan ABŞ-ın və Britaniyanın Türkiyə ətrafındakı hərbi bazaları üzərindən həyata keçirilməsini görəcəyik. İkincisi, Qərb ölkələrinin təzyiqləri artacaq. Həm Qərb dövlətləri, həm Türkiyə müxalifəti geriyə dönməz bir prosesə daxil olub. Türkiyədəki seçkilər Rusiya-Ukrayna müharibəsinin elementlərindən birinə çevrilir. 

Prezident Ərdoğanın Vladimir Putinlə müttəfiqlik, Rusiyanın Türkiyə ilə strateji yaxınlıq münasibətlərinin olduğunu, Türkiyənin NATO-nun üzvü olmasına baxmayaraq, Ukraynada Rusiyaya qarşı yer almadığı hər kəsə məlumdur. 

Amma Qərb Türkiyəni mövqeyindən döndərməyə və Rusiyaya qarşı istifadə etmək niyyətindədir. Müxalifətin “altılı masa"sının yaydığı sonuncu platformasının bəzi elementləri də Qərbin bu istiqamətdə siyasi, iqtisadi, psixoloji elementlərinə dəstək verdiyini göstərir. Ona görə də Türkiyənin seçki elementlərinin daxili və xarici aktorları öz işini artan xətt üzrə davam etdirəcək”. 

Müşfiq Abdulla
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar