Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Səni yer üzündən silərəm demişdi, Hacıbala Abutalıbov isə mənə zəng vurmuşdu ki...” - SENSASİON ETİRAFLAR

4-02-2023, 16:13   



“Nə ATV-yə, nə də “Xəzər”ə gedirəm, getmək də istəmirəm”

“Hacıbala Abutalıbov Heydər Əliyevdən sonra bizə salam da vermədi”

“İndi az qala sponsor bizimlə evlənsin”

“Onun adını çəksəm, bizim böyük müğənninin stereotipi dağılacaq bir anın içərisində”

“Binalar, parklar tikmək istəyirəm”

Daim pozitiv ab-havada yaşayıb-yaratdığına görə özünü daxilən gənc hesab edən “Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanovla Gənclər Günündə görüşdük.

musahibe.jpeg (294 KB)

Bəy xitabını sevməyən Tahir İmanovun Musavat.com-a müsahibəsini təqdim edirik:

- Bu gün Gənclər Günüdür. Sizcə, gəncliyin yaşı varmı?

- Bu gün mənimçün tarixi bir gündür. Çünki 25 il əvvəl “Parni iz Baku” KVN komandasının tərkibində Gənclər Forumunun bədii hissəsində çıxış etmişəm. Baxmayaraq ki, gələn il 50 yaşım tamam olacaq, mən özümü yaşlı hiss etmirəm. Biz daxilən həmişə gəncik, çünki həmişə pozitiv ab-havada yaşayıb-yaratmışıq. İndi də eyni ab-havada yaşayırıq. Düşünürəm ki, pozitiv insan həmişə özünü gənc hesab edəcək. Bədbinlik insanı həm qocaldır, həm də xəstəliklər yaradır. Digər tərəfdən, tarixi gündür ona görə ki, bu yaşıma qədər “Yeni Müsavat” Media Qrupuna birbaşa müsahibə verməmişəm. Mən həmişə çəkinmişəm. Çünki bəzi jurnalistlər əksər hallarda tanınmış insanların müsahibələrindən sözləri, cümlələri kontekstdən çıxarıb başqa bir tərzdə təqdim ediblər. Müəyyən problemlər yaranıb, həmin tanınmış şəxsiyyətlər çətinliklər, gərginliklər yaşayıb. Biz qadağada olarkən ilk zəng “Azadlıq” radiosundan gəldi. Mən qəti şəkildə imtina etdim. Hörmətsizlik göstərmək istəmirəm, sadəcə, bu, mənim mövqeyimdir. Çünki səhv etmirəmsə, ondan 2-3 il öncə onlar bizim dahi kinorejissorumuz Rüstəm İbrahimbəyovdan müsahibə aldılar, müəyyən cümlələri kontekstdən çıxardılar. Bildiniz, o nəyə gətirib çıxardı. Hamıya bəllidir ki, müəyyən bir dövrdə medianın bəzi nümayəndələri bizim keçmiş dövlət xadimlərinə, məmurlarına tabe olublar.

Nəzərə alsaq ki, bizə qadağa qoyan qüvvələr və medianın həmin nümayəndələri o qüvvələrə tabe idi, aydın məsələ idi ki, ssenari istənilən formada yazıla bilərdi. Bizi düşmən də, nankor da çıxara bilərdilər. Bir sözlə, o qadağanı ictimaiyyət qarşısında düzgün çıxarmaq üçün istənilən yollara, ssenarilərə əl ata bilərdilər. Amma biz teatr olaraq, yaradıcı insanlar, yaradıcı heyət olaraq birmənalı qərar qəbul etdik ki, o cür saytlara, jurnalistlərə müsahibə verməyək. Təəssüflər olsun ki, son dövrdə cümlələri kontekstdən çıxaran jurnalistlər çoxalıb. Bilmirəm, reytinq qazanmaq üçün, qalmaqal yaratmaq üçün. Ona görə mən həmişə çəkinmişəm. Məsələn, mən özümü AzTV-də sərbəst hiss edirəm. Baxmayaraq ki, eyni tipli suallardır, orada pozitivlik var. Mən ora gözəl əhval-ruhiyyə ilə gedirəm və gözəl əhval-ruhiyyə ilə də qayıdıram. Digər kanallara getmirəm, inciklik hələ də daxilimdə qalıb. Məsələn, qadağamızın ən pik dövründə (2014-2019-cu illər) telekanalları kəskin şəkildə tənqid etmişdim. Doğrudur, mənimlə yanaşı, digər saytlar da tənqid edirdi. Televiziya məkanına telekanalizasiya deyənlərə kimsə nəsə demədi. Tahir İmanov danışdı, bomba partladı. Mən həmin məmurun adını o vaxt da çəkməmişəm, indi də çəkmək istəmirəm. Mən onu o vaxt da pisləməmişəm, indi də pisləmək istəmirəm.

cabir.jpeg (298 KB)

Mənə çoxu zəng edir ki, hamı Vasif Talıbovdan danışır, yazır, siz niyə nəsə demirsiz, yazmırsız. Mən onlara başa salıram ki, o vaxt onu tənqid etməmişəmsə, indi etsəm, bu, ən azından kişilikdən olmaz. Bunun üçün müvafiq qurumlar var. Mən indi niyə nəsə deməliyəm? Kimi yumor prizmasından tənqid etmişəmsə, onun haqqında danışa bilərəm. Həmin məmurun sifarişi ilə ATV və “Xəzər”də demək olar ki, eyni ssenari ilə, eyni cümlələrlə xəbərlərdə bir süjet efirə getdi. Nazpəri Dostəliyevaya, “Şeron” qrupuna qadağa qoymuşdu, ANS-in bağlanmasında da onun çox böyük rolu olub. Süjetin konteksti belə idi ki, Tahir İmanov tükənib. Sanki Tahir İmanov 30 il ərzində səhnəyə tək çıxıb. Hədəf mən idim. Məni bir anın içərisində düşmən etdilər. Mən cavab vermədim. Mənimçün istənilən halda nümunə Heydər Əliyev olub. Həyatımda nəsə baş verəndə həmişə Heydər Əliyevin çıxışlarına müraciət edirəm. H.Əliyev Prezident Aparatında jurnalistlərlə görüşü zamanı demişdi ki, mən saytları, qəzetləri oxumuram, onlara cavab da vermirəm. Mən də onlara cavab vermədim. Çünki it hürər, karvan keçər. İkincisi, fikirləşdim ki, hər şeyin bir vaxtı var, cavab verəcəyik. Onlara ən gözəl cavabı 2019-cu ildə ölkə başçısı verdi. Martın 1-də incəsənət xadimləri ilə görüşdə bu məsələ də qalxdı, Prezident dedi ki, hesab edirəm özəl kanallar çox böyük bir səhv edib. Bundan gözəl cavab ola bilməz. Mən susdum.

WhatsApp Image 2023-02-03 at 11.30.08 (1).jpeg (248 KB)

Həmin süjetdə mənə ən çox toxunan söz o oldu ki, Tahir İmanovun çörəyi dizi üstədir. Əgər mən o telekanallardan 1 qəpik maaş alsaydım, deyərdim ki, bəli, onlar haqlıdır. Mən onlardan 1 qəpik də almamışam, əksinə, həmişə sponsor axtarmışam qapıları döyə-döyə. Bilirsiz sponsor axtarmaq necə alçaldıcı bir prosesdir? Sponsor axtarıb onlara layihələr aparmışam.

Olaydan bir müddət keçmişdi, toyda idik. Gördüm həmin mətni oxuyan xanım aparıcı (hazırda “Xəzər”də işləyir) mənə tərəf gəlir, dedi, gəlmişəm sizdən üzr istəməyə. Mən onun yerinə kövrəldim ki, bu qadında nə qədər güc, cəsarət var. Ona hörmətim artdı. Kişilərin isə kişiliyi çatmadı məndən üzr istəsinlər. Düşünürəm ki, səhvi etiraf etmək böyüklükdən irəli gəlir. İkincisi, onun səhvi də yox idi. O, canlı efirdə idi həmin vaxt, yazılanı oxuyub. Mən onu o hadisədən əvvəl dəfələrlə konsertə də dəvət etmişdim. Dediyim səbəbdən nə ATV-yə, nə də “Xəzər”ə gedirəm, getmək də istəmirəm. Mən inanmıram ki, onlar məndən üzr istəyəcəklər. Yenə deyirəm, bununçün kişilik, cəsarət lazımdır. Heç vaxt heç vaxt demə prizmasından yanaşsaq, bəlkə də nə vaxtsa həmin telekanallara gedərəm, bilmək olmaz. Bu məsələ öz həllini tez tapa bilərdi. İkincisi, mənim ora getməyimin nə mənası var? Mən gedib orada səviyyəsiz musiqini təbliğ edənlərlə bir masada oturum? Mən orada bizim mədəniyyətimizə zərbə vuran insanlarla bir masada oturum? Mən orada xalqımıza qarşı mənəvi cinayət törədənlərlə bir yerdə oturum? Qeyri-mədəniyyəti, qeyri-dilləri təbliğ edənlərlə, c, ç ilə danışanlarla bir yerdə oturum? Mən kiçik də olsa, mənəvi cinayətin tərkib hissəsi olmaq istəmirəm. Bu, mənim haqq və hüququmdur. Məsələ burasındadır ki, ziyalılarımız dəfələrlə televiziyamızı tənqid edib. Xalq yazıçısı Anar medianı görün nə qədər tənqid edib. Çingiz Abdullayev, tanınmış saytlar. Heç kəs onlara nəsə demir. Tahir İmanov danışan kimi onlara dərhal nəsə olur. Fürsətdən istifadə edib demək istəyirəm ki, bizə qadağa qoyan, bizi 5 il çörəkdən məhrum edən, telekanallardan uzaqlaşdıran keçmiş məmurlara, onların ailələrinə, doğmalarına can sağlığı arzu edirəm. Allah onları, ailələrini qorusun. Tam səmimi sözlərimdir. Çünki mən babalarımızın, ulu babalarımızın, böyüklərimizin sözünü iki edə bilmərəm - istənilən pisliyə yaxşılıqla cavab ver. Yaxşılıqla cavab verirəm.  

yaxsi.jpeg (303 KB)

- Gənclərə nə kimi tövsiyələriniz var?

- İstənilən dövrlərdə qocalan nəsil həmişə cavan nəsli tənqid edib. Birincisi, mənim haqqım yoxdur xalqa, elə-obaya, gənclərə ağıl verim. Onu qoy məndən yaşlı nəsil, haqqı çatan etsin. Mən məsləhət verə bilərəm ki, xalqımızın gözəl adət-ənənələri var, o adət-ənənə üzərində yaşasınlar. Mən məsləhət edərdim ki, hansı sahədə işləmələrindən asılı olmayaraq, işə can yandırsınlar. Ən vacib məsələ budur. Bu gün tədbirdə çox gözəl bir söz eşitdim – dedilər ki, can yanmasa, Vətən yanar. Çoxları elə düşünür ki, can yandırmaq üçün tanınmış insan olmalısan, böyük vəzifədə işləməlisən. Xeyr, bu, belə deyil. Fəhləsindən tutmuş məmuruna kimi. Can yandırmayan vətəndaşdan, məmurdan xalq xeyir görməyib. Bizim gəncliyimizin ən gözəl illəri KVN-lə keçdi. KVN Heydər Əliyev deməkdir.

WhatsApp Image 2023-02-03 at 11.30.08.jpeg (242 KB)

Çünki Azərbaycanda KVN hərəkatı birbaşa Ümummilli liderin adı ilə bağlıdır. Bizim Heydər Əliyevlə cəmi 1 rəsmi görüşümüz olub – 9 dekabr 2000-ci ildə. “20-ci əsrin çempionu” adının alınması ilə bağlı görüş olub. Digər görüşlərimiz qeyri-rəsmi olub. Biz o böyük şəxsiyyətdən məsləhətlər almışıq və o məsləhətləri bu gün mən gənclərə vermək istəyirəm. Can yandırın, heç nədən, heç kimdən qorxmayın, haqsızlığa qarşı mübarizə aparın.  

- Sosial şəbəkələrdə ünvanınıza yazılan tənqidləri, təhqirləri oxuyursunuzmu? 

- Mən son illər sosial şəbəkələrdə daha fəal olmuşam. Öz profilim yoxdur, Teatrın profilini istifadə edirəm. Tənqidləri çox az oxuyuram, amma oxuyuram. Bilirsiz, tənqiddən çox təhqir var. Bizim adət-ənənəmizdə söyüş olmayıb. Biz həmişə çəkinmişik. Amma təəssüflər olsun ki, indi sosial şəbəkələrdə tənqiddən çox təhqir, söyüş, nalayiq sözlər yazılır. Hansısa məmurdan inciyən, xaricə köçən öz yutub kanalında həmin məmuru təhqir edir. Guya bunlar müxalifətdir, mən onlara müxalifət demirəm, çünki bizim müxalifətin vaxtilə parlaq nümayəndələri olub. Orada oturub, hansısa məmurun nəslini, anasını, atasını söymək müxalifətçilik deyil. Bu, tərbiyəsizlikdir, mədəniyyətsizlikdir. Gənclərimiz sosial şəbəkələrdə çox aktivdir. Onlar o təhqirə cavab versələr, yaxşı olar. O videoya mənim anam da baxa bilər axı. Sənin qohumların baxıb nə deyəcək? Ona görə də can yandırmaq məsələsində fəal olmaq lazımdır və gənclərimizə tövsiyə edərdim ki, bu cür yaşasınlar.  Məşhur ifadənizə yazılan rəylərdən xəbəriniz var? Cümlələri kontekstdən çıxaran jurnalistlərimiz var. Bizim pisliyimizi arzulayan insanlar var. Arxamızca danışan, sosial şəbəkələrdə şirə, pələngə, adi həyatda isə dovşana çevrilən insanlar var. Onlardır hamısını edən. Eləsinlər, onların da peşəsi odur. Cəmiyyətə belə insanlar da lazımdır ki, pislə yaxşı arasında fərqi görsünlər. Qanunları dövlətimiz tərtib edir. Mən nə edə bilərəm? Mən birincisi, buna yumor prizmasındam öz fikrimi söyləyə bilərəm. Çünki mənim peşəm budur. Bilirsiniz ki, dəfələrlə konsertlərimizdə bahalaşma məsələsinə toxunmuşuq. Mənim məşhur cümləmə gəlincə, burada nə var ki? Mən demişəm ki, ruzini verən Allahdır. Bəlkə elə deyil? Kim tərəddüd edirsə, kimin şübhəsi varsa, gəlib desin ki, məsələn, mənim ruzimi Allah yox, yerin altında yaşayan qurdlar verir. Yaxud da mənim ruzimi su, ot verir. Mənim ruzimi Allah verir. Düşünürəm ki, buna görə üsyan qaldırmaq düzgün deyil. Həmişə evdəkilərdən bir söz eşitmişəm, deyiblər ki, nədənsə xoşun gəlmirsə, onun yerinə başqa bir şey təklif et. Əgər təklif edə bilmirsənsə, o zaman sus. Ya xeyir danış, ya da sus. Bu, çox vacib bir məsələdir.  

- Təhqirlərə cavabınız olur?

- O cür fikirlər əvvəllər mənə təsir edirdi, indi isə yox. Yenə deyirəm, sosial şəbəkələrdə pələngə, dinozavra çevrilməkdənsə, adi həyatda pələng, dinozavr olun. Sözünüzü kişi kimi deyin. Sosial şəbəkədə onları yazanların əksəriyyəti saxta adlarla yazır. Görün onlar necə qorxaq insanlardır ki, əsl adlarını da yazmırlar.

Cabir Novruz ən sevdiyim şairdir. Onun vəzifə haqda bir şeiri var, şeirin bir-iki yerində millət sözü işlədilib. Bu yaxınlarda sosial şəbəkədə həmin şeiri paylaşdım. Şərhlərdə yazmışdılar ki, millət yox, xalq, millətin adından danışmayın. Bu, savadsızlıq, cahillikdir? Müəllifi yazdığım halda soruşurlar ki, bu, kimin şeiridir? Biri yazır ki, Allah rəhmət eləsin, amma indi buna ehtiyac yoxdur. Biz özümüz bilərik, ehtiyac var, ya yox. Xoşunuz gəlmirsə, səhifəni tərk edin.  

WhatsApp Image 2023-02-03 at 11.30.07.jpeg (318 KB) 

- Nikol Paşinyanı parodiyanız səs-küylü oldu. İdeya necə yaranıb?   

- Şuşaya getmişdim, məni qınadılar ki, savaşmamısan, sənin nə ixtiyarın var ora getmisən. Bəs kimin ixtiyarı var? Burada suallar çoxdur. Bizim 1 milyon qaçqınımız var. Onların hamısı savaşmayıb deyə torpaqlarına qayıtmasınlar? Bu, savadsızlıqdan irəli gəlir. Birincisi, mən Şuşaya dövlət tədbirinə getmişdim. İkincisi, öz sevincimi, daxilimdə olan 30 illik həsrəti, o emosiyaları tamaşaçılarımla bölüşmək istəyirdim. Ən əsası, müharibə başlayanda nə Cabirin məndən xəbəri olub, nə də mənim ondan, ikimiz də müraciət etmişdik ki, bizi savaşa aparsınlar. Mənim yaşım uyğun gəlmədi, Cabir də işi ilə bağlı dövlətə başqa bir sahədə lazım idi. Mənə dedilər ki, sizin növbəniz çatanda xəbər edəcəyik. Biz hazırkı məkanda oturub fikirləşdik ki, bu dövlətə töhfəmizi hansı formada verək. Cəbhəyanı bölgəyə hər adamı buraxmırdılar, konsertin yeri deyildi. Beləliklə, qərara gəldik ki, sosial şəbəkədə aktivləşək. Həmin vaxtdan mənim sosial şəbəkələrdə aktiv həyatım başladı. Biz bir neçə layihə yaratdıq. Birinci layihəmiz Nikol Paşinyanın parodiyası idi. Bu günə kimi o layihəni davam etdirirəm. Sadəcə olaraq, Paşinyan son vaxtlar susur, danışmır. Mən düşmən mətbuatını diqqətlə izləyirəm. Ermənilər haqda 3 dildə - Azərbaycan, rus, ingilis dilində 20-30 saniyəlik çarxlar yaratdıq. Məşhur ermənilərin öz milləti, mədəniyyəti haqqında tənqidedici sitatları idi, biz onları kompüter qrafikası formasına gətirdik və kadrarxası mətnlə səsləndirdik. Üçüncüsü, “Planeta Parni iz Baku” Без Шуток! adlı layihə yaratdıq. 5-6 layihə başa gəldi. Gecə-gündüz işlə, onları montaj et, sonda bir çoxu yazdı ki, niyə rus dilində. Həmin zaman cavab vermədim. Sual edirəm, erməniyə Azərbaycan haqqında həqiqəti hansı dildə çatdırmaq olar? Mən dünyaya hansı dildə çatdırmalıyam? Bu, dırnaqarası vətənpərvərlikdir. Mən çox yaxşı bilirəm, nə vaxt Azərbaycan dilində, nə vaxt rus, yaxud ingilis dilində danışmalıyam. Mən ingilis təmayüllü məktəbdə oxumuşam. Özləri heç nə etməyən, sosial şəbəkələrdə şirə, pələngə dönən insanları biz təkbətək söhbətlərə də çağırmışıq. Onlar deyir ki, bağışlayın, mən yazmamışam, mənim adımdan dostum yazıb. Elə bəhanələr gətirirlər ki, adamın onlara yazığı gəlir. Mən Allaha dua edirəm ki, onlara ağıl versin. Mənim silahım duadır. Biz gərək əlimizdən gələni edək ki, pisi yaxşıya çevirək. Onlar da bizim vətəndaşlarımızdır. Biz gərək başa salaq. Böyüklərimiz də bizi başa salıb. 

- Sponsoru axtarırsınız, yoxsa özü sizi tapır?

- Çox böyük əziyyətlərdən keçmişik. Sponsor axtarmaq kimi ikinci alçaldıcı proses düşünməyin. Son illər incəsənətə nifrət etmişəm. Hər dəfə bu yaşda qapı döymək... Sponsor məsələsi 90-cı illərdə qaldı. Anar Məmmədxanov çıxıb deyirdi ki, “Parni iz Baku” KVN komandasının sponsoru filan şirkətdir, bununla da bitirdi. İndi az qala sponsor bizimlə evlənsin. Adım konsert boyu 4 dəfə çəkilsin, səhnəcik olsun, zarafat olsun və s. Bu, sponsorluq deyil axı, bu, aktyorluqdur. Bunlar başqa şeylərdir. Sponsor Hacı Zeynalabdin Tağıyev olub. Xalqa yardım edib, vəfatından sonra biliblər ki, o edib. “Parni iz Baku”nun sponsoru dövlətimiz olub. Cənab Prezident İlham Əliyev hər dəfə deyib ki, mənim adım heç yerdə getməsin. Sponsorluq məsələsini televiziyalar ucuzlaşdırıb. Mən şəxsən artıq o verilişlərə baxmıram. Çünki aparıcı yazıq mövzuya keçmək istəyir, amma məsələn, tumu reklam edirsə, az qala onu da çırtlayacaq ki, baxsınlar. Sonra kolbasaya, sosiskaya, süd məhsullarına keçir, adam iyrənir, nifrət edir. Mən belə sənəti, belə televiziyanı istəmirəm. Çünki hər şeyi telekanallar öz istədikləri səviyyəyə gətirib çatdırıblar. Əgər onlar şərt qoysaydı, inanın ki, sponsorlar gedəcəkdi. Başqa variant yoxdur. Biz 30 il ərzində televiziya vasitəsilə bu xalqın zövqünü korladıq. Məndən soruşurlar ki, niyə görsənmirsiniz? Dedim ki, böyük Azərbaycan müğənnisi Akif İslamzadədən soruşublar ki, Akif müəllim, oxumursunuz? O da cavab verib ki, oxuyuram, siz mənə qulaq asmırsınız. Mən də həmin şəxsə dedim ki, biz varıq, siz başqa şeylərə baxırsınız. Mənə dedi ki, Akif İslamzadə kimdir? Bu, faciədir. Əgər indi Akif İslamzadəni tanımırlarsa, bir azdan Rəşid Behbudovu, Şövkət Ələkbərovanı tanımayacaqlar. Bir azdan Üzeyir Hacıbəyovu, Fikrət Əmirovu, Qara Qarayevi tanımayacaqlar. Bizim nəhəng mədəniyyətimizdən bayağılıq qalacaq.  

- İranın iç üzü ortadadır. Bəs bu xain ölkənin qara əməllərini səhnəciklərinizə daşımaq fikriniz var? 

 - İran Azərbaycanın ərazi bütövlüyünü, rifahını, inkişafını istəməyib və istəmir. Bu, artıq sübut olundu. Bunu Vətən müharibəsində də gördük. Torpaqlarımız 30 il idi ki, işğal olunmuşdu, bizə qarşı soyqırımlar, faciələr törədilib. İran isə bütün bunlara susurdu. Biz onlarla bağlı dəfələrlə tənqidedici səhnəciklər yazıb-yaratmışıq. Hazırkı dönəm üçün də yazmağın vaxtı gəlib çatıb. 12, 13, 14 may tarixlərində keçiriləcək konsertlərimizdə bu mövzuya mütləq toxunacağıq. Anonslar üzərində işləyirik. Bir azərbaycanlı kimi öz vətəndaşlıq borcumu verməliyəm, bunu mütləq göstərməliyəm. Əslində, bunların hamısını böyük satiriklərimiz - başda Cəlil Məmmədquluzadə olmaqla göstərib. Azərbaycanı sevən, başa düşən adam üçün “Ölülər” əsərində hər şey əks olunub. İslama xas olmayan məsələləri Azərbaycana farslar gətirib. Nə qədər ki, varıq, Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını qoruyub saxlamalıyıq. Tarix göstərdi ki, ən çətin dövrdə bizim köməyimizə qardaşlarımız gəldi.    

- Sizi daha çox Hacıbala Abutalıbovun parodiyası ilə tanımışıq. Onunla nə vaxtsa görüşmüsünüzmü?

- Ümummilli lider Heydər Əliyev konsertlərimizə gələndə çox az adam bizə irad bildirərdi. Çox az məmur qrim otağına qalxıb bizə nəsə deyərdi. Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmov Heydər Əliyev Sarayının 5-ci mərtəbəsində yerləşən qrim otağına qalxıb, öz iradını bildirmişdi. Nə qədər ki, Heydər Əliyev bizim konsertləri izləyirdi, nə qədər ki, bu həyatda var idi, Hacıbala Abutalıbov bizi dəstəkləyirdi. 2000-ci ildə bizim 5 konsertimiz var idi. Hacıbala Abutalıbovu ilk dəfə parodiya edəndə səhər tezdən mənə zəng gəldi. Özünü təqdim etdi, dedi ki, vaxtınız varsa, bu gün görüşək. Dedim ki, konsertə hazırlaşıram, dedi, 5 dəqiqə vaxtınızı alacam. Görüşdük, parodiyaya görə mənə təşəkkür etdi. Soruşdum ki, parodiyadan necə xəbər tutmusunuz? Dedi ki, cənab prezident mənə bu haqda deyib. Bildirdi ki, imkan varsa, qısa zamanda o çıxışa baxmaq istəyirəm. Dedim ki, qısa zamana söz vermirəm, amma kaset hazır olan kimi göndərəcəm. Ondan sonra bizə salam da vermədi. Bizi harda görürdü üzünü çevirirdi. Parodiyaya məruz qalmış məmurların 90 faizinin bizdən zəhləsi gedir desəm, yanılmaram. Heydər Əliyev faktoru var idi, ondan çəkinirdilər.  

menn.jpeg (244 KB)

- Sizi təhdid edən məmur olub? 

- Məni ölümlə təhdid edən bir nəfər olub. Başına oyun açaram, səni yer üzündən silərəm demişdi. Allah ona can sağlığı versin. Onun adını çəksəm, bizim böyük müğənninin stereotipi dağılacaq bir anın içərisində. O, müxtəlif illərdə Azərbaycanı dünya arenasında təmsil edib, Azərbaycanın fəxridir. O illərdə müxtəlif təzyiqlər var idi, məmurlar öz narazılıqlarını bildirirdilər. Biz də hər dəfə konsertdən sonra Heydər Əliyevlə görüşəndə bu barədə bildirirdik.

Heydər Əliyevin çox güclü hafizəsi var idi. O cür çətin iş qrafikindən sonra gəlib 3 saat konsertdə oturasan, sona kimi izləyəsən, sonra kulis arxasında gənc aktyorlarla ünsiyyətdə olasan, onlara atalıq edəsən. Heydər Əliyev orada bizimlə ata, baba kimi danışırdı. Bir anın içərisində unudurduq ki, qarşımızda dünya şöhrətli bir siyasətçi dayanıb. Çünki özünü çox sadə aparırdı. İstənilən şəxs həmin mühitdə ürəyini aça bilər. Söhbətdən 10-15 dəqiqə sonra cibimizdə 1 qəpik pul olmasa da, deyirdik ki, hər şey yaxşıdır.

tahir.jpeg (271 KB)

Elə insan var idi ki, kostyumu belə yox idi. O dövrdə maddi durumumuz çox pis idi. Hər dəfə özümüzə söz verirdik ki, cənab prezident gələndə problemlərimizi danışacağıq, onu görəndə hər şey yaddan çıxırdı. Ölkənin Qarabağ kimi problemi var idi, qaçqınlarımız, sosial-iqtisadi problemlər. Biz Heydər Əliyevin istirahətinə minor notlar qatmaq istəmirdik. Sadəcə, deyirdik ki, cənab prezident, hər şey yaxşıdır, bəzi məmurlar bizə təzyiq edir. O söhbətlərdən 2 il keçmişdi, 30 dekabr 2000-ci ildə Heydər Əliyevin “Parni iz Baku” ŞHK üzvlərini qəbul edərkən etdiyi çıxışdan sitatını yazmışam – “Biz ölkəmizdə, cəmiyyətimizdə olan nöqsanları aşkar edib, onlarla mübarizə aparmalıyıq.

WhatsApp Image 2023-02-03 at 11.30.08 (2).jpeg (240 KB)

Çox adam hesab edir ki, bu mübarizənin əsas yolu inzibati yoldur. Bu, heç də belə deyil. Yumor və satira cəmiyyətimizdə olan nöqsanların aradan qaldırılmasına kömək edir və mən hesab edirəm ki, sizin bu tamaşalarınızın hər bir nömrəsinin özünəməxsus qiyməti var. Heç kimdən və heç nədən qorxmayın. İstəyirəm ki, siz bu işi davam etdirəsiniz”. Bu, gələcəyə bir mesaj idi. Lakin üzərindən xeyli müddət keçdikdən sonra bizə qadağa qoydular. 

- Bəhram Bağırzadəni öz fikirlərinə görə tənqiddən çox təhqir edənlər oldu. Haqq kimdədir? 

- Bəhram Bağırzadənin həmin cümləsi kontekstdən çıxarılıb. Əsli-kökü kənddən, rayondan olan bir insan rayonluları necə tənqid edə bilər? Mən də rayonluyam. Şəhər adamı da, rayon adamı da özünü pis apara bilər. Söhbət özünü tərbiyəsiz aparanlardan gedir. Jurnalistlər Bəhramın başına belə bir oyun açıblar. Bu söhbəti Bəhram 5 il əvvəl edib. Onu gündəmə gətirən insanlar niyə indiyə kimi susublar? Dırnaqarası qəhrəmanlar niyə indi bunu edib? Niyə bizim böyük aktyorumuzun karyerasına zərbə vurmağa çalışırlar? Edə bilməzlər. Allah ucaldan insanı kimsə alçalda bilməz. Mən düşünürəm ki, bu sualları naftalindən həmin materialı çıxaran insanlara vermək lazımdır. Hansısa cümləni kontekstdən çıxarıb bununla gündəmə gəlmək, reytinq qazanmaq ən azından nakişilikdir. Tənqidi başa düşmək olar, niyə onun vəfat edən anasını, atasını söyürsən? Azərbaycanı sevən insan söyüş söyməz, təhqir etməz. Bu, bizim millətə yaraşmır. Hesab edirlər ki, söz azadlığıdırsa, mən belə edə bilərəm. Əgər bu, demokratiyadırsa, gedin Quranı yandıranı alqışlayın. O boyda Rüstəm İbrahimbəyovu bir anın içərisində düşmən etdilər. O cür şəxsiyyəti qeyri-azərbaycanlı etdilər. Əsl azərbaycanlılar heç vaxt belə şeylər etməz. Əsl azərbaycanlı ölünün arxasınca danışmaz. Əsl kişi iradı üzə bildirər. Rüstəm İbrahimbəyovun arxasınca danışanları, onun ünvanına nalayiq sözlər deyənləri mən dəfndə gördüm. Mən gördüm ki, onlar necə qeyri-səmimi ağlayırlar, kövrəlirlər, onun övladlarını qucaqlayırlar. Mən Rüstəm İbrahimbəyovun qızı ilə 5-ci sinifdən paralel oxumuşam. Oğlu ilə dostluq etmişəm. Böyük azərbaycanlı, böyük kino xadimi, böyük şəxsiyyət və gözəl insana Allah rəhmət eləsin! Elə bir dövrdür ki, birləşməkdənsə, parçalanırıq.  

- Dostunuz var?  

- KVN-dən başqa dostum yoxdur. Ən yaxın dostlarım Teatrımızın üzvləridir. Bu 5 il ərzində bir çoxu maaşsız işlədi, dözdülər. Mən Teatrın gənc truppasına təşəkkür edirəm. Həmişə onları tənqid etmişəm, onlarla emosional danışmışam, tonumu qaldırmışam. Bu gün fürsətdən istifadə edib onlara çox sağ olumu bildirirəm. Mən valideynlərimə çox sağ ol deyirəm. O dövrdə bizi dəstəkləyən dövlət məmurları da olub. Onlara da öz təşəkkürümü bildirirəm. Onların bəzilərini işdən çıxarıblar, şəxsi nömrələrini də bilmirəm. Mənim Elmar Məmmədyarovla, Əbülfəs Qarayevlə çox yaxşı münasibətim olub. Ə.Qarayevlə indi də yaxşı münasibətim var. Elə məmurlar da var, deyir ki, sizə dəstək göstərsəm də, adımın çəkilməsini istəmirəm. Bu dəstəyi Azərbaycan naminə etmişəm. Qadağalara görə mən min dəfə Allaha şükür etdim. Sənət adamlarını tanıdım. Həmin müğənnilər qadağada olanda mən həftədə 1 dəfə, vaxtım olanda zəng vurub hal-əhval tuturdum. Amma 1 nəfər zəng edib soruşmadı ki, KVN necə dolanır. Bizim ruzimizi Allah verdi. Mən qadağa dövründə nə edim, necə edim demədim. Gecə-gündüz Allaha dua edirdim ki, məni komandamın yanında pis duruma salma, məni bu savaşdan qalib çıxart. Mən bilirdim ki, bu qadağanın növbəti addımı KVN-lə dövlət başçısının arasını vurmaq olacaq. Azərbaycan KVN-i bu dövlətə görə yaşayıb, yaradıb. “Planet Parni iz Baku” KVN komandası dövlətin dəstəyi ilə ən böyük titullarını qazanıb.

ona.jpeg (291 KB) 

- Qadağaların psixoloji basqısı ilə necə mübarizə aparırdınız? 

- Mən 2015-ci ildə ailə qurdum. Ailəm, övladım hər şeyi unutdururdu. Liftə minəndə göz yaşlarımı güclə saxlayırdım. Evə çatanda 11 aylıq qızım ata deyərək məni qucaqladı, öpdü, o zaman başa düşdüm ki, uşaq, ailə olmasaydı, bilmirəm yaşayardım, ya yox. Olduqca çətin məsələ idi. ATV və “Xəzər”də haqsızlıqla dolu bir süjetə baxandan sonra komandada iştirak etdiyim bütün illər gözümün qabağından gəlib keçdi. 2 dəqiqəlik süjetlə bütün nailiyyətlərimizə xətt çəkdilər. Haqsızlıq heç vaxt yaxşılığa gətirməyəcək, gərək haqsızlığa qarşı mübarizə aparasan. Gərək danışasan. Yenə deyirəm, narazı camaat niyə susur? Niyə gözləyirsiniz ki, Tahir İmanov, Çingiz Abdullayev danışsın? Sosial şəbəkə var, telefonu götürüb çəkin, deyin ki, cənab Prezident, Mehriban xanım, mənə qarşı haqsızlıq ediblər. Prosesi yaradaq ki, haqsızlıq da aradan qalxsın. Sosial şəbəkələrdə siyasətçilərin arxasınsa, bizim arxamızca, digər incəsənət xadimlərinin arxasınca danışmaq, onları təhqir etmək ən böyük haqsızlıq, nakişilikdir. Həyatda şir, pələng olun, sosial şəbəkələrdə yox.  

- Qadağalı dövrünüzdə sizi kimlər xatırladı?

-  Qadağalı dövrdə biz səhnə fəaliyyətimizin 25 illiyini qeyd edirdik. Demək olar ki, bu, heç bir dövlət qurumunun, eləcə də telekanallarımızın yadına düşmədi. ADA Universitetindən başqa. Onlar böyük bir tədbir keçirdilər, bütün komandamızı, mərhum kapitanımızın həyat yoldaşını – İradə Məmmədxanovanı da dəvət etdilər. Sanki bizə dünyanı bəxş etdilər. Tələbələrlə görüş oldu, ADA-nın prorektoru, aparıcı müəllimləri orada idi. Çox gözəl, səmimi bir görüş keçdi. Bu, “Parni iz Baku” üçün böyük bir mükafat oldu ki, birincisi, yaddan çıxmamışıq, ikincisi, gənclərlə görüşmək mənim üçün həmişə bir bayramdır.   

- “Lider” ən gözəl illərimizi əlimizdən aldı...

- “Planet Parni iz Baku”nun ilk məhsulunu 16 martda keçmiş “Lider”də buraxdıq. Yeri gəlmişkən, bizə ilk qadağanı “Lider” kanalı qoymuşdu. Ən gözəl illərimizi əlimizdən aldılar, işsiz qalmışdıq.  Gələn il “Planet Parni iz Baku” KVN Teatrının 20 yaşı olacaq. Təntənəli yubiley keçirmək fikriniz var? Biz indiyə qədər təntənəli heç nə keçirməmişik. “Parni iz Baku”nun dövründən – 90-cı illərdən bu günə kimi biz ənənəvi aprel konsertlərimizlə tamaşaçıların hüzuruna gəlmişik. Əvvəllər düşünürdüm ki, ölkə rəhbərinin adına bir məktub yazım, Teatrımızın aktyorlarına, ssenari müəlliflərinə fəxri adlar verilsin, amma indi bu haqda düşünmürəm, istəməyəcəm də. Necə ki, Süleyman Ələsgərovla bağlı məsələlərdə heç nə istəməyəcəm. Mən o qədər məktub yazdım ki, məktəb ləvazimatları mağazalarında kağız qalmamışdı.

WhatsApp Image 2023-02-02 at 17.35.33.jpeg (306 KB)

- Sizcə, mədəniyyət naziri mədəniyyətlə əlaqəli bir şəxs olmalıdır?  

- Mədəniyyət naziri Zakir Nəriman oğlu Bağırov kimi olmalıdır. Uzun müddət Azərbaycan SSR-in mədəniyyət naziri işləyib. Hesab edirəm ki, Azərbaycan mədəniyyətinin ən pik illərində mədəniyyətə başçılıq edib, Heydər Əliyevin birbaşa kadrı olub. 59 yaşında ürəyindəki problemə görə vəfat edib. Canını yandıra-yandıra işləyib. Onun dövründə Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Müslüm Maqomayev, Rəşid Behbudov, Şövkət Ələkbərova, Mirzə Babayev, Tofiq Quliyev, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Cahangir Cahangirov, Xəyyam Mirzəzadə, Arif Məlikov yaşayıb-yaradıb. Hərəsinin öz kaprizləri olub. Sirr deyil ki, incəsənət xadimləri həssas qəlbli insanlardır. Hərəsinə xüsusi yanaşma lazım idi. Zakir Nəriman oğlu Bağırov bunu bacarırdı. Mədəniyyətdə böyük bir vəhdət yaratmışdı. Ona görə də mədəniyyətimiz inkişaf edirdi. AzTV-də bir verilişə baxmışdım. Zakir Bağırovun həyat yoldaşı Toma xanım danışır ki, bir gün Zakir pis əhval ruhiyyədə evə gəlmişdi, özünə yer tapa bilmirdi. Heydər Əliyevə zəng vurdu. Bildirdi ki, vəziyyət pisdir, Fikrət Əmirov, Qara Qarayev və Niyazi bir-biri ilə danışmır. Heydər Əliyev Zakir Bağırova deyib ki, sabah hamınız gəlin birlikdə nahar edək. Səhəri gün Heydər Əliyev onları görüşdürür, barışdırır. Ondan sonra Zakir Bağırovun əhvalı düzəlir.

- Hansı sferada çalışmaq istərdiniz?

- Mən bu söz-söhbətlərdən, dedi-qodulardan, mübarizədən bezmişəm. Haqsızlıqlardan sonra bu sahəyə nifrət etmişəm. Artıq o istək yoxdur. Bu gün başqa peşəm olsa, gedib onunla məşğul olaram. Rusiya telebazarına daxil olmaq istəyirdik, film çəkmişdik, hətta bir serialın pilot versiyasını da çəkmişdik, sonra pandemiya başladı. Ötən il isə müharibə başladı deyə hər şey dayandı. Bir vətəndaş kimi mən Rusiyada heç nə etmək istəmirəm. Haqsızlıq olan yerdə çətindir. Özümü daha çox tikintidə görürəm. Binalar, parklar tikmək istəyirəm. Ağac əkməkdən çox xoşum gəlir. 

- Babanız Süleyman Ələsgərovla bağlı müraciətlərinizə hansı cavabları almısınız?  

- Mənim babamın arxasınca da danışırlar. Biri yazıb ki, sən niyə öz baban üçün Prezidentə müraciət etdin? Mənim ilk növbədə Xalq artisti, professor, dövlət mükafatı laureatı, Azərbaycan musiqisinə böyük töhfələr vermiş bir insan haqqında xahişim olub. Ümumiyyətlə, Süleyman Ələsgərov mövzusu mənimçün bağlanmışdı, yenidən açıldı. Gələn il Süleyman Ələsgərovun 100 illiyidir. Mən Nazirlikdən onun yubileyinin keçirilməsini, yubileylə bağlı hansısa silsilə tədbirlər keçirməsini istəməyəcəm. Çünki mən bezmişəm. O boyda şəxsiyyətin 90 illik yubileyi qeyri-rəsmi keçdi. Mədəniyyət Nazirliyi bununla bağlı Prezident Aparatına müraciət etməmişdi. 90 illiyin üstündən 5 il keçib, nəvəsi yalvara-yalvara qalmışdı ki, cənab Prezident, mənim babamın adına bir küçə verin. Mən bunu babam kimi yox, ictimai xadim kimi xahiş etmişəm. 2004-cü ildə Süleyman Ələsgərovun 80 illiyi idi, mən dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etdim. Nə telefona, nə də məktublara cavab verən oldu. Bu, sayğısızlıqdır. Halbuki o dövrün mədəniyyət naziri ailəmizin bir üzvü idi, dayımla 10 il bir partada oturub, cavab gəlmədi. Mən o zaman Ramiz Mehdiyevin oğlu, dostum Teymur Mehdiyevə müraciət etdim. Hazırda onunla münasibətim yoxdur, 10 ildən çoxdur ki, onun üzünü də görmürəm. Teymur mənim sonuncu ümid yerim idi. Fevralın 22-i yubiley olmalı idi, fevralın 21-i idi, Nazirlikdən cavab yox idi. Teymura zəng edib dedim ki, məsələ belədir, xahiş edirəm kömək et. Dedi ki, mən deyərəm, amma söz vermirəm. Fevralın 22-də AzTV-də xəbərlər gedəndə Teymur mənə zəng vurub dedi ki, bax. Sərəncamda deyilirdi ki, yubileyi keçirilsin, yaşadığı evə barelyef vurulsun və məktəbə adı verilsin.

eseb.jpeg (309 KB)

Məktəbə adı dərhal verdilər. Barelyefi Əbülfəs Qarayev açdı. Halbuki bunu Polad Bülbüloğlu etməli idi. Yubiley isə sərəncamdan il yarım sonra keçirildi. 2005-ci ildə təsadüfən baş nazirin sabiq müavini Abbas Abbasovu gördüm, o da bizim ailəmizə yaxın insandır, babamı şəxsən tanıyırdı. Yubiley haqda soruşdu, dedim ki, yubiley keçirilməyib. Yanımda Polad Bülbüloğluya zəng vurdu. 85 illik yubileyi keçirmək istədik, icazə vermədilər. Halbuki digərlərinə keçirirlər. Filarmoniyada icarə haqqını ödədik, keçirdik. 90 illik yubileyinə təqdimat vermədilər, qeyri-rəsmi keçdi. Biz heykəl də istəmirdik, istəyirdik ki, küçələrin birinə adı verilsin. Sonra ailəmə dedim ki, mən bu istiqamətdə mübarizəmi dayandırıram. Süleyman Ələsgərov bəstəkarlıqdan başqa mühüm vəzifələr tutub. Filarmoniyanın müdiri olub, indiki Musiqi Kollecinin müdiri işləyib, Mədəniyyət İdarəsinin rəisi olub, faktiki olaraq o dövrdə mədəniyyət naziri olub. Azərbaycan xoruna rəhbərlik edib, kamera müdiri olub. Onun sonuncu vəzifəsi Konservatoriyanın Şuşa filialının rektoru olub. Onun tələbələri xalq artistləridir. İşğal dövründə hamısı söz vermişdi ki, Şuşa azad olunsun, biz Süleyman Ələsgərovun əsərlərini orada səsləndirəcəyik. Onun adı da çəkilmədi. Niyə hər dəfə Tahir İmanov danışmalıdır? Mən danışıram, pis, narazı adam oluram. Mən danışandan il yarım sonra hansısa tədbirdə Süleyman Ələsgərovun bir əsərini səsləndirdilər, onunla da bitdi.

O insanlar hansı ki, babamın dəfnində, yubileylərində bizim evə gəlirdilər, söz verirdilər ki, Şuşa azad olunanda Süleyman əminin əsəri birinci səslənməlidir, Şuşa azad olunsun, biz onun konsertini keçirəcəyik, onlara bir-bir zəng vurdum, susdular. Sən xalq artistisən, danış, etirazını bildir, sənə ya hə, ya da yox deyəcəklər. Ona görə də bu məsələ mənimçün bağlıdır. Onun nəvəsi kimi bir borcum var – bir layihə keçirəcəm. Hər dəfə mübarizə aparmaqla, hər dəfə stress keçirməklə məndən artıq Tahir qalmayacaq. Bəhram bu yaxınlarda Fikrət Əmirovun yubileyi ilə bağlı da öz narazılığını bildirmişdi. Mədəniyyət Nazirliyində işləyən aparat rəhbəri, mədəniyyətə aid olmayan bir qız məsələyə münasibət bildirib. Dedilər ki, əvvəllər Vergilər Nazirliyində işləyib. Sual yaranır, orda işləmisən vergilərdən danış, sən Fikrət Əmirovdan necə danışa bilərsən? Bəhramın buna ən azından haqqı çatır. Çünki biz göz açıb o böyük sənətkarları görmüşük. Mən 2012-ci ildə Fikrət Əmirovun 90 illik yubileyində olmuşam. O dövrdə göstəriş var idi ki, 1 saat 10 dəqiqədən çox yubiley keçməsin. Fikrət Əmirov, Niyazi kimi şəxsiyyətlərin yubileylərinə limit qoymuşdular. Əsərlər elan olunmadan ifa olunurdu. Mən babamın 90 illik yubileyini keçirəndə 1 saat 45 dəqiqə idi xronometrajı. Başıma oyun açdılar. Kimlər zəng etmədi, dedilər qısalt, dedim etməyəcəm. Səbəb o idi ki, birdən böyük məmurlardan hansısa gəlsə, onlar üçün darıxdırıcı olmasın. Səbəb Azərbaycan mədəniyyətini Zakir Bağırov kimi sevməməkdir, can yandırmamaqdır. Ona görə də mədəniyyətimiz talan olundu, oğurlandı. 

- Rafael və Coşqunla münasibətiniz necədir? Aktyorun qadın paltarında çıxışına necə baxırsınız?

- Sonuncu dəfə Rafael və Coşqunla Tünzalə Əliyevanın dəfnində görüşmüşük. Münasibətlərimiz yaxşıdır. Kişinin qadın obrazını canlandırmasına gəlincə, mənim kimisə tənqid etməyə, ağıl verməyə haqqım yoxdur. Şəxsən mənimçün düzgün deyil. Mən də nə vaxtsa dəfələrlə qadın rolu oynamışam. Əsasən əxlaqsız qadınları və bayağı müğənniləri oynamışam. Buna görə peşmanam. Bu obrazlar tənqidedicidir. Biz sanki bu obrazlarla başa salmaq istəyirdik ki, belə olmaz. Sonra tövbə etdim, onunçün qadın aktrisalarımız var, qadın rolları onlara həvalə olunur. Bilirsiniz, hər bir malın alıcısı var. Zövqlər fərqlidir. Mən necə deyim ki, ay filankəs, düzgün edirsən, yaxud da etmirsən. Bu, onun seçimidir. Mühakimə etmək üçün başqa qüvvələr var. Biz dost, qardaş kimi görüşəndə üzlərinə deyə bilərik bu barədə. Mən TV, sayt, sosial şəbəkə vasitəsilə kiminsə arxasınca danışmağı özümə sığışdırmıram. Özləri bilər, mənim onların sənətinə, fəaliyyətinə hörmətim var. Tərəf müqabili olmuşuq, ən birincisi, çörək kəsmişik.  

- Daim gündəmdəsiniz? 

- Mən həmişə gündəmdə deyiləm. Məndən də məşhur insanlar var. Mənimçün reytinqin bir əhəmiyyəti yoxdur. Bayaq dediyim kimi, hər bir malın öz alıcısı var. Bizim sadiq tamaşaçılarımız var, hansı ki, səbirsizliklə yaz konsertlərimizi gözləyir.

- Teatrın heyəti harada məşq edir? 

-  Uzun müddət Filarmoniyada məşq etmişik. Ondan əvvəl uzun müddət Abşeron mehmanxanasında məşq etmişik. Oranın rəhbəri Aqil Paşayev bizim teatrın yaradıcılarından biri olub. O vaxt yalvara-yalvara qalmışdıq. Əbülfəs Qarayev dedi ki, mən sizə bina verəcəm, gedin Kərəm müəllimdən icazə alın, Kərəm müəllim də dedi ki, o, icazə verməlidir. Mədəniyyət Nazirliyi ilə Əmlak Komitəsi arasında 5 il bir karusel getdi. Bizə mədəni şəkildə yox dediklərini başa düşəndən sonra o karuseli dayandırdıq. Onsuz da artıq istəmirəm, mənim o yaşım da deyil. O həvəs də yoxdur ki, öz teatrım olsun, ona rəhbərlik edim. Ən gözəl illərimdə bunu etmək istəyirdim. Gəncliyimin ən gözəl illərində telekanalda olmaq istədim, “Lider” qadağa qoydu. Ən gözəl illərimdə teatr binası istəyirdim, vermədilər. Mən düşünürəm ki, hər bir layihənin öz yaşı var. Hazırda mənimçün ən əsas məsələ övladlarımı layiqli şəkildə böyütmək, onlara düzgün tərbiyə, mədəniyyət vermək və bununla da cəmiyyətimizə keyfiyyətli vətəndaş bəxş etməkdir. 

- Sənətkar sənəti nə vaxt tərk etməlidir?  

- Bizə dəfələrlə deyiblər ki, düşünmürsünüz ki, getmək vaxtıdır? Heydər Əliyev konsertimizə gələndə biz hamı üçün yaxşı idik, ondan sonra bizi ayaq üstə alqışlayan insanlar elə hiss etdirdilər ki, sanki bu ölkənin tarixində olmamışıq. O kubokları gətirən, o adları qazanan biz deyilik. 

kubok.jpeg (309 KB) 

- Necə istirahət edirsiniz? 

- Xaricə getməyə imkanım yoxdur. Biletlərin qiymətindən xəbəriniz var? Mən 5, 6 və bazar günləri ailəmlə Bakıdan gedirəm. Telefonlarım demək olar ki, sönülü olur. İstirahət edirəm. Ən gözəl istirahətim övladlarımla keçirdiyim vaxtdır. Onlara dərs keçirəm, onlarla oynayıram, özümdən müxtəlif oyunlar fikirləşirəm. Mən onlara Azərbaycanda analoqu olmayan nağıllar danışıram. Bəlkə də o nağılları bağçalarda tərbiyəçilər bilmir. Nağılları müxtəlif obrazlarla, səslərlə, kuklalarla göstərirəm. Onlara əsl şou göstərirəm. Uşaqların öz nağıl qəhrəmanları olur. Böyük qızımın canavardan xoşu gəlir. Bizdə canavar, Qarı nənə yaxşı bir personajdır. Uşaqları pozitiv mühitdə böyütmək istəyirəm.  

- Mediaya sözünüz... 

- Mediaya müraciətim odur ki, kimsə kimisə sifarişli məqalə yazmağa vadar etsə, əvvəlcə hər şeyi ölçüb-biçsin, çünki istənilən yalanın, böhtanın cavabı olmalıdır, həm bu, həm o dünyada. Tək bu günü düşünməsinlər, bu günün sabahı da var. Bu həyatı düzgün yaşamaq olduqca çətin məsələdir. Amma pislik etməklə, ev yıxmaqla, çörəyə bais olmaqla, şərləməklə yaşamaq olduqca asan işə çevrilib. Bütün bunları nəzərə alaraq sənətimə və sənətdə olan bir çox insanlara nifrət etmişəm. Park, ev tikmək istəyirəm. Başqa sahədə işləmək istəyirəm. Biz dünyamızı dəyişəndə bir anın içərisində haqqımızda yazdıqları yox olacaq, birdən-birə korifey, əvəzolunmaz olacağıq. Biz birdən-birə əfsanəvi, qəhrəman olacağıq. AzTV-də ildə bir dəfə verilişlər olacaq və s. Təəssüflər olsun ki, bu, mədəniyyətimizin çox pis qanunudur. Çox istərdim ki, Cabir Novruzun məşhur şeiri öz aktuallığını itirsin. 

Aytən Novruz,
Fotolar: Elçin Əkbərov
Musavat.com   

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar