Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Zəlzələ zamanı nə etmək lazımdır? - ARAŞDIRMA

11-02-2023, 16:54   


Zəlzələ zamanı nə etmək lazımdır? - ARAŞDIRMA


Türkiyədə baş verən və minlərlə insanın ölümünə səbəb olan zəlzələ Suriyadakı itkilərlə yanaşı, son 10 ildə dünyada ən çox insan itkisinə səbəb olan təkanlardan biri kimi tarixə düşdü.

Zəlzələlərin tez-tez baş verdiyi Türkiyədə 1939-1999-cu illər arasında 5 böyük zəlzələ olub.

1900-cü ildən bu yana bu torpaqlarda baş verən 76 zəlzələdə 90 mindən çox insan həlak olub. Ölümlərin yarıdan çoxu 1999-1939-cu illər arasında olub.

Son 20 ildə dünyada baş verən ən şiddətli zəlzələlər arasında 2200 nəfərin ölümü ilə nəticələnən 2021-ci il Haiti zəlzələsi, 4300-dən çox insanın ölümünə səbəb olan 2018-ci ildə baş verən İndoneziya zəlzələsi və 400-dən çox insanın ölümünə səbəb olan 2017-ci ildə İran-İraq zəlzələsi yer alıb.

Alimlər qeyd edirlər ki, zəlzələlərin harada baş verə biləcəyini bilmək mümkündür, lakin onların nə vaxt baş verəcəyini proqnozlaşdırmaq hələ də çətindir. 

Beləliklə, zəlzələləri proqnozlaşdırmaq olarmı? 

Bu suala “London İmperial Kolleci”nin seysmoloqu Dr Steven Hicks, "Təəssüf ki, yox" deyə cavab verib: 

“Ancaq biz zəlzələləri proqnozlaşdıra bilərik. Ehtimal verə bilərik. Kaliforniya və Yaponiya kimi yerlərdə zəlzələnin proqnozlaşdırılması indi getdikcə daha funksional hala gəlir”.

Bəs zəlzələ zamanı təhlükəsizliyiniz üçün nə etməməlisiniz?

Zəlzələnin nə vaxt baş verəcəyini proqnozlaşdırmaq çətin olsa da, mütəxəssislərin fikrincə, hər zaman hazır olmaq lazımdır. Deməli, zəlzələ zamanı planınız olmalıdır.

Hicks deyib ki, “Əgər siz zəlzələlərin tez-tez baş verdiyi bir ərazidəsinizsə, evdə təcili yardım dəsti olsa yaxşıdır”. Çantada su, fənər, ilk yardım çantası və yemək olmalıdır.

Qırmızı Xaç Cəmiyyətinə görə, siz həmçinin çantada şəxsi sənədlərinizi, o cümlədən nağd pul və mütəmadi olaraq qəbul etdiyiniz dərmanların siyahısını və sağlamlıqla bağlı məlumatları saxlamalısınız.

Təhlükəsizdirsə, zəlzələ zamanı həmin yerdə qalın.

ABŞ Geoloji Tədqiqat Xidmətinə (USGS) görə, zəlzələyə yaxalandığınız yerdə qalsanız və hərəkət etməsəniz, xəsarət alma ehtimalınız daha azdır. Mərkəz ona görə də titrəyiş zamanı tez bayıra qaçmamağı tövsiyə edir. Çünki araşdırmalar göstərir ki, xəsarətlər ən çox binanın içində hərəkət edərkən və ya çölə çıxmağa çalışarkən baş verir. Mütəxəssislər təhlükəsizliyinizi təmin edəcək üç sözə diqqət çəkir: “çök, ört, tut”.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) internet saytında və USGS-nin tövsiyəsində isə qeyd edilir ki, “başınızı əlləriniz arasında tutaraq və ya qoruyucu materialla (yastıq, kitab və s.) qoruyun. Sarsıntı azalana qədər gözləyin və təhlükəsiz yerdə dizlərinizin üstünə çökün. Baş və boynu qoruyacaq şəkildə örtün və yıxılmamaq üçün sabit bir yerdə gözləyin. Sarsıntı dayanana qədər olduğunuz yerdə qalın”.

Qapılar zəlzələ zamanı ilk sığınacaq yerlərdən biridir. Bununla belə, ekspertlər deyirlər ki, əgər bina köhnə tikilidirsə və qapılar yükə dayanıqlı deyilsə, masa altı daha təhlükəsiz ola bilər. Şüşə və pəncərələr adətən zəlzələ zamanı ilk qırılan və ya dağılan yerlərdir. Mütəxəssislər bu yerlərdən uzaq durmağı məsləhət görürlər.

Əgər təhlükəsizdirsə, çölə çıxın.

Təhlükə bitdikdən sonra bina zədələndiyi halda binadan çıxmaq sizin təhlükəsizliyiniz üçün yaxşı ola bilər. İndiyə qədər verilən tövsiyələr binanın içərisində zəlzələ baş verərsə, nə etməli olduğunuz barədə idi. 

Bəs siz çöldə zəlzələ zamanı nə edəcəksiniz?

Mütəxəssislər "Olduğunuz yerdə qalın" deyir. Binalardan, elektrik kabellərindən, çuxurlardan, yanacaq və qaz xətlərindən, borulardan uzaq olmaq da yaralanma riskini azaldır. Ağaclardan, telefon dirəklərindən və binalardan uzaq açıq ərazidə gözləmək təhlükəsiz ola bilər.

Lakin bugünlərdə Türkiyədə baş verən zəlzələ kimi sərt hava şəraiti zamanı çöldə sığınacaqlar qurmaq və ya təhlükəsiz qapalı ərazilər yaratmaq lazımdır.

Təhlükələrdən uzaq olun.

ABŞ-da yerləşən “Earthquake Country Allians” adlı zəlzələ ilə mübarizə təşkilatına görə, ölüm və yaralanmaların əksəriyyəti sabit olmayan avadanlıqların zəlzələ nəticəsində yerindən tərpənməsi və yıxılması nəticəsində baş verir. Bu cihazlar adətən televizorlar, lampalar, şüşələr və kitab şkaflarıdır.

Yaralanmanın qarşısını almağın bir yolu bu cihazları və mebelləri çevik qayışlarla divara bərkitməkdir. Beləcə, sarsıntı zamanı onların yırğalanmasının qarşısını ala bilərsiniz. Digər təhlükə isə zəlzələ nəticəsində zədələnmiş boru kəmərlərindən qaz sızmasıdır.

Doktor Hicks  3000-dən çox insanın ölümünə səbəb olan 1906-cı ildə San-Fransisko zəlzələsini xatırladır: 

“O zəlzələdə ölənlərin çoxu yeraltı təkanlar və ya binaların çökmələri deyil, qaz borularının partlaması nəticəsində baş verib". 

Bildirilir ki, titrəmə zamanı uçucu və asanlıqla alovlanan materiallardan mümkün qədər çəkinmək lazımdır.

AFAD-ın dağıntılar altında qalındığı zaman nə etməklə bağlı tövsiyələri də var: kibrit və alışqan yandırmayın, yerinizdən tərpənməyin və toz qaldırmayın, ağzınızı və burnunuzu salfet və ya paltarla örtün, borulara, axtarış-xilasetmə qruplarına xəbərdar etməyə çalışın və fit çalın. Bağırmaqdan son çarə olaraq istifadə edin, çünki qışqırmaq təhlükəli miqdarda tozu udmağınıza səbəb ola bilər. 

Hicks zəlzələ təlimlərinin əhəmiyyətinə də diqqət çəkir: “Bəzi ölkələrdə hər il zəlzələ təlimləri keçirilir və hər kəsə nə etməli olduqları göstərilir”. Türkiyədə ilk zəlzələ təlimi ötən ilin noyabrında keçirilib.

Bəs zəlzələdən sağ çıxanlar dağıntılar altında nə qədər qala bilərlər?

"BBC"yə açıqlamasında ekspertlər bunun bir neçə amillə bağlı olduğunu deyiblər. Qəza zamanı yer, hava və suya çıxış, iqlim, hava şəraiti, sağ qalanın fiziki və psixoloji vəziyyəti kimi amillər onların nə qədər sağ qala biləcəyinə təsir göstərir. 

İnsanların əksəriyyəti fəlakətdən sonra 24 saat ərzində xilas edilir, lakin sağ qalanların bundan çox gec xilas edildiyi bir çox hallar var. Bəs qurbanların sağ qalmasında hansı amillər rol oynayır?

Maarifləndirmə və hazırlıq

Zəlzələnin nə vaxt baş verəcəyini və ya binanın nə vaxt uçacağını dəqiq bilmək mümkün olmasa da, ekspertlər fövqəladə vəziyyətdə mövcud mövqeyinizin sağ qalmağınız üçün çox vacib olduğunu söyləyirlər. Düzgün seçilmiş yer uçurum altında qorunma və havaya çıxış təmin edə bilər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə Fövqəladə Hallar Proqramının texniki əməkdaşı Dr. Jetri Regmi hazırlığın əhəmiyyətinə də diqqət çəkib:

"Möhkəm bir masa kimi təhlükəsiz yerə sığınmaq sağ qalma şansını artıra bilər. Hər bir fövqəladə hal fərqli olduğu üçün ilkin axtarış və xilasetmə səyləri yerli icmaların hazırlığından asılıdır”.

Hava və suya əlçatanlıq

Uçmuş binanın altında qalanda sağ qalmaq üçün hava və suya çıxış vacibdir. Ancaq bu, həm də zədənin səviyyəsindən asılıdır. Qanamanın olması, sağ qalma şansının 24 saatdan çox olmasını  çətinləşdirir.

Ona görə də ekspertlər bildirirlər ki, zəlzələ qurbanı dağıntılar altında çox ciddi xəsarət almamış və nəfəs almağa havası olsa, növbəti addım suya çıxışdır.

ABŞ-ın Duke Universitetinin reanimasiya üzrə professoru Riçard Edvard Munun sözlərinə görə, “su və oksigen çatışmazlığı, yaşamaq üçün kritik problemlərdir. Hər bir yetkin insan gündə 1,2 litr su itirir. Bu, sidik, tənəffüs, su buxarı və tərlə olur. İnsan 8 litrdən çox su itirəndə ağır xəstələnir". Bəzi hesablamalara görə, insanlar su olmadan üç-yeddi gün yaşaya bilər.

Zədə səviyyəsi

Bir insanın kəllə-beyin travması və ya digər ciddi zədəsi varsa, tənəffüsü məhduddursa, fəlakətdən bir gün sonra sağ qalma şansları çox zəifdir. 

Regminin sözlərinə görə, zədənin səviyyəsini qiymətləndirə bilmək vacibdir: 

"Onurğa sütunu, başından və ya döş qəfəsindən zədə alanlar travma müalicə müəssisələrinə aparılanadək qədər sağ qalmaya bilərlər. Qan itkisi, orqanlarda sınıq və yarıqlar ölüm ehtimalını artırır”.

Regmi deyib ki, sağaldıqdan sonra müalicə də bir o qədər vacibdir:

“Hətta dağıntılar altından xilas edilənlər də “Crush sindromu”ndan ölə bilər. Bu, tez-tez zəlzələ kimi fəlakətlərdə dağılmış divarların altında qalanlarda müşahidə olunur”.

ÜST rəsmisinin sözlərinə görə, "Crush sindromu" əzələlər zədələndikdə və dağıntıların təzyiqi nəticəsində toksinlər istehsal etdikdə baş verir. Dağıntı qaldırıldıqda, toksinlər bütün bədənə yayılır və ciddi nəticələrə səbəb ola bilər.

İqlim, hava şəraiti də önəmlidir

İqlim də qurbanların nə qədər yaşaya biləcəyinə təsir edir. Professor Moon deyib ki, Türkiyədə hava şəraiti vəziyyəti daha da pisləşdirir: 

"Yetkin insan bədən istiliyini saxlamaq qabiliyyətini itirmədən maksimum 21 dərəcə selsidə dözə bilir. Əgər bundan da soyuq olarsa, bu başqa məsələdir”. Bu temperaturdan aşağı olduqda bədən temperaturu ətraf mühitin temperaturunu izləyir. 

Professorun sözlərinə görə, “Hipotermiyanın dərəcəsi insanın nə qədər təcrid olunduğundan, nə qədər qorunduğundan asılıdır. Ancaq nəticədə həmin insanların çoxu hipotermiyaya tab gətirə bilmir". Əksinə, yayda insanın qapalı qaldığı yer çox isti olarsa, daha çox su itirə bilər və bu, sağ qalma şansını azaldır.

Psixoloji güc də vacibdir

Mütəxəssislərin fikrincə, diqqət yetirilməyən digər amil psixoloji güc və nəzarətdir. Onlar xəbərdarlıq edirlər ki, psixoloji sabitliyi qorumaq və sağ qalmağa diqqət yetirmək də çox vacibdir. 

Axtarış-xilasetmə üzrə mütəxəssis deyib ki, “Qorxu bizim təbii reaksiyamızdır, amma panikaya düşməməliyik. Yaşamaq üçün psixoloji cəhətdən güclü olmalıyıq. Bu, qətiyyət tələb edir. Qorxu hissindən qurtulmağa və özünü idarə etməyə çalışmaq vacibdir. Motivasiyanız "Yaxşı, indi mən buradayam və yaşamaq üçün bir yol tapmalıyam" olmalıdır. Beləliklə, daha az qışqırırsan və daha az hərəkət edirsən. Hisslərinizi və panikanızı idarə edərək enerjinizi qənaətlə istifadə etməlisiniz”.

Həyatda qalma hekayələri 

1995-ci ildə Cənubi Koreyada baş verən zəlzələdən bir nəfər 10 gün sonra dağıntılar altından çıxarılıb. Onun yağış suyu içərək və karton qutu yeməklə sağ qaldığı bildirilir. O, zehnini aktiv saxlamaq üçün oyuncaqla da oynayıb.

2013-cü ilin mayında bir qadın fabrikin dağılmasından 17 gün sonra dağıntılar altından çıxarılıb. Xilas ediləndən sonra “Bir neçə gün xilasedicilərin səsini eşitdim. Onların diqqətini cəlb etmək üçün çubuqlar və dəmir barmaqlıqlarla dağıntıları vurdum. Heç kim məni eşitmədi. 15 gün quru yeməklə qidalandım. Son iki gündə sudan başqa heç nəyim yox idi" deyib.

2010-cu ilin yanvarında Haitidə 220 mindən çox insanın ölümü ilə nəticələnən zəlzələdən sonra bir adam qarət edilmiş dükanın dağıntıları altında 12 gün sağ qalmışdı. Daha sonra bir nəfərin 27 gün sonra dağıntılar altından çıxarıldığı bildirilib.

2005-ci ildə Kəşmirin Pakistana bağlı hissəsində baş verən zəlzələdən 63 gün sonra 40 yaşındakı Naksa Bibi adlı qadın mətbəxinin dağıntıları altından çıxarılmışdı. 

Qeyd edək ki, Türkiyədə 10 vilayətdə baş verən zəlzələ nəticəsində 125 saatdan sonra dağıntılar altından çıxarılan vətəndaşlar var.

Nigar
Cebhe.info


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar