Hakimiyyət Avropa Parlamentindəki müzakirələrdən qorxuya düşüb

17-09-2014, 18:01   
Hakimiyyət Avropa Parlamentindəki müzakirələrdən qorxuya düşübAzərbaycanlı deputat iqtidara qarşı sanksiyaları nəzərdə tutan qətnaməni anons etdi

AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şults, Avronest PA-nın həmsədrləri və Avropa Parlamentinin üzvlərinə müraciət edib.

Müraciəti “teleqraf.com” saytı yayıb. Mətnindən görünür ki, müraciət sabah Avropa Parlamentində Azərbaycanla bağlı keçiriləcək müzakirələrə təsir göstərmək üçün hazırlanıb. Müraciətdə həmin müzakirələrin nəticəsi kimi Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların qəbul oluna biləcəyindən narahatlıq əksini tapır.

Müraciətlə bağlı məlumatda qeyd olunur ki, sənəd Avropa Parlamentinin almaniyalı deputatı Aleksandr Graf Lambsdorfun ALDE qrupu adından təqdim etdiyi təcili qətnamə layihəsi barədədir.

“Son zamanlar Avropa Parlamenti və digər Avropa təşkilatlarında bəzi siyasətçilər Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrindən biri olan Azərbaycana qarşı qərəzli kampaniyalara və kəskin hücumlara başlayıblar. Bu qərəzli kampaniyada almaniyalı deputat Aleksandr Graf Lambsdorf və onun təmsil etdiyi yaxın ətrafı xüsusi aktivlik nümayiş etdirirlər. Cənab Lambsdorfun ALDE qrupu adından təqdim etdiyi qətnamə layihəsi bu kampaniyanın tərkib hissəsidir. Belə ki, qətnamə layihəsinin tərtibatı, yoxlanılmamış faktlara istinad edilməsi, bölgədə olan geosiyasi gerçəkliklərin nəzərə alınmaması, suveren dövlətə qarşı sərt və qeyri-adekvat sanksiyaların tətbiq edilməsinin tələb edilməsi, hüquqi məsələlərin siyasi müstəvidə həll edilməsinə çağırışlar bu sənədin tələsik və açıq-aşkar qərəzli hazırlanması ilə bərabər, məqsədyönlü antiazərbaycan xarakter daşımasını sübut edir”, - deyə Elxan Süleymanovun müraciətində qeyd olunur.
Azərbaycanlı deputata görə, qətnamə layihəsində ölkəmizdəki hadisələr yalnız mənfi prizmadan qiymətləndirilir.

Elxan Süleymanovun müraciətindəki təqdim etdiyimiz bu kimi qeydlər isə Avropa Parlamentində müzakirə üçün hazırlanmış qətnamə layihəsində nələrin əks olunduğunu nişan verir:

“Müəllif layihənin N bəndində çox ümumi formada ölkədə jurnalistlərin təqib edildiyini bildirir, lakin bunun sübutu olaraq hər hansı konkret fakt və ya istinad vermir. Layihənin təklif olunan qərarlar hissəsinin 2-ci bəndində barələrində istintaq tədbirləri davam edən şəxslərin dərhal və qeyd-şərtsiz azad edilməsi tələb edilir...
Dərin təəssüf doğuran məqamlardan biri də ondan ibarətdir ki, müəllif QHT-lərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericiliyi düzgün qiymətləndirmir, onların fəaliyyətində mövcud olan qeyri-şəffaflığa və məsuliyyətsizliyə bəraət qazandırır... AP adından Avropanın ən mühüm donor təşkilatı olan Avropanın Demokratiyaya Dəstək Fondunun (EED) təşəbbüskarı və belə demək olarsa, bir növ qəyyumu rolunu üzərinə götürmüş Lambsdorf nə üçün qətnamə layihəsində Azərbaycandan olan tərəfdaşlarını qeyri-şəffaf və qeyri-qanuni fəaliyyətə sövq edir?..
Nə üçün Lambsdorf bir sıra həbs edilmiş, barələrində istintaq işləri davam edən və ya məhkəmə qərarları qəbul edilmiş şəxslərin “dərhal və qeyd-şərtsiz azad olunmasına və onlara qarşı qaldırılan bütün ittihamların rədd edilməsinə” çağırış edərək, məhkəmələrin səlahiyyətinə aid olan sırf hüquqi məsələni siyasi müstəvidə saxlamağa və onun Azərbaycana qarşı siyasi təzyiq formasında həll edilməsinə çalışır?”.

Elxan Süleymanovun bu müraciəti yalnız onun öz təşəbbüsü ola bilməz. Aydındır ki, belə məsələlər hakimiyyətdə ən yüksək səviyyədə müzakirə olunur və uyğun qərarlar verilir. Bu baxımdan Elxan Süleymanovun müraciətini Azərbaycan haklimiyyətinin Avropa Parlamentində baş tutacaq müzakirələrdən narahatlığı kimi qiymətləndirmək olar.

azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.