Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“DÜNYA TARİXİNDƏ CƏMİ 8-10 DƏFƏ BELƏ ZƏLZƏLƏ BAŞ VERİB” – Türkiyədəki zəlzələnin niyə bu qədər dağıdıcı olduğu açıqlandı

13-02-2023, 16:56   



Professor Okan Tüksüz: "İndiyə qədər bu səviyyədə bir zərər qeydə alınmayıb"

Yaponiyalı professor Toda Şinjin: "Bu böyüklükdə zəlzələlər min ildə bir dəfə müşahidə olunur"

Kahramanmaraşda baş verən və 10 vilayətdə hiss edilən zəlzələ nəticəsində böyük insan tələfatı və dağıntılar baş verib. Hazırda zəlzələ nəticəsində baş verən dağıntıların miqyasının bu dərəcədə böyük olmasıyla bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri dağıntıların bu qədər böyük olmasını tikintilərdəki səhlənkarlıqla bağlasa da, əksər mütəxəsislər bunu fəlakətin miqyasının böyük olmasıyla əlaqələndirir.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, zəlzələ mütəxəssisi, professor Okan Tüksüz təbii fəlakət nətcəsində baş verən dağıntıların miqyasının bu dərəcədə böyük olmasıyla bağlı bir sıra açıqlamalar verib.

Mütəxəssis baş verən təbii fəlakətin dünyada nadir zəlzələlərdən biri olduğunu bildirib:Belə bir təbii fəlakət indiyə qədər dünyada cəmi 8-10 dəfə baş verib. Bu zəlzələlərin də əksəriyyəti yaşayış olmayan ərazilərdə olub. Ona görə də indiyə qədər bu səviyyədə bir zərər qeydə alınmayıb. Bu zəlzələnin ən mühüm cəhətlərindən biri odur ki, 10 vilayətdə və yaşayış məntəqələrinin sıx olduğu bölgədə baş verib”.



O. Tüksüz qeyd edib ki, bölgədə iki dəfə, ardıcıl zəlzələnin olması təbii fəlakətin miqyasına böyük ölçüdə təsir edib: “Geologiya tarixində bu böyüklükdə zəlzələlər nadir hallarda baş verir. Bu, son dərəcə gözlənilməz bir zəlzələ idi. Birinci zəlzələnin vurduğu ziyan, ikinci dəfə daha da artıb. Daha dəqiq desək, birinci zəlzələdə binaya ziyan dəydi, ikinci zəlzələdə isə dağıntı baş verdi. Həmçinin zəlzələnin yer səthində yaratdığı sarsıntı da güclü idi. Bu 3 amili yan-yana qoysaq, doğrudan da bu zəlzələni 20-21-ci əsrlərin ən mühüm zəlzələləri sırasına daxil edə bilərik”.

“Bu fəlakət iki zəlzələnin gücünə mütənasib idi. İkincisi, yer səthiylə əlaqəlidir. Dağılmış şəhərlərə baxdığımızda onların çox əhəmiyyətli bir hissəsinin çox zəif bir yerdə inşa edildiyini görərik. Zəif torpaq zəlzələ dalğalarını gücləndirir və onları binalara ötürür.

Həm də uzun müddətdir bu bölgədə zəlzələ baş vermirdi. Bu fayda sonuncu zəlzələ 1513-cü ildə baş verib. Yəni, 510 ildir ki, burada enerji toplanılırdı. Nəticədə də sonda belə bir miqyasda təbii fəlakət baş verdi”,-deyə o, bildirib.



Yaponiyalı professor Toda Şinjin bildirib ki, Türkiyədə baş verən zəlzələ dünyanın quruda baş verən ən böyük zəlzələlərindən biridir.

Onun sözlərinə görə, bu böyüklükdə zəlzələlər min ildə bir dəfə müşahidə olunur: "Türkiyədə baş verən zəlzələ dünya tarixində böyük iz buraxdı. Dünyada belə bir zəlzələ, dəyişiklik və qırılma yalnız min ildə bir dəfə olur. Türkiyədəki zəlzələnin buraxdığı enerji Yaponiyada baş verən Kobe zəlzələsindən 15 dəfə çoxdur".

Daha əvvəl Türkiyədə araşdırmalar aparan Şinjin bu zəlzələnin Çində Siçuan, Alyaska, Yeni Zelandiya və Tibetdəki zəlzələlərdən daha böyük və daha şiddətli olduğunu deyib. Şinjin fevralın 6-da Kahramanmaraşda ard-arda baş verən iki zəlzələnin birbaşa yaşayış məntəqələrində baş verməsinə xüsusi diqqət çəkib.

Elvin

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar