Məmurlar vəd versə də, əməl olunmayıb; nümayəndə heyəti etiraz olaraq, səfəri yarımçıq dayandırıb və ölkəni tərk edib
Işgəncələrin qarşısının alınması üzrə Birləşmiş Millətlər Təşkilatının Alt Komitəsi (IQAT) Azərbaycanda qarşılaşdığı maneələr üzündən səfərini dayandıraraq, ölkəni tərk etmək qərarına gəlib. Qeyd edək ki, Alt Komitə Azərbaycanın da tərəf olduğu BMT-nin Işgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının fakültativ protokolu (OPCAT) əsasında burada öz mandatını həyata keçirərkən maneələrlə qarşılaşıb.
Bu barədə “Turan”a BMT-nin Ictimai Informasiya Departamentinin Azərbaycandakı ofisindən məlumat daxil olub.
Məlumata görə, Azərbaycanın rəsmi qurumları cəzaçəkmə yerlərinə məhdudiyyətsiz girişlə əlaqədar vəd versələr də, nümayəndə heyətinin həmin müəssisələrin bir neçəsinə ümumiyyətlə daxil olmasına imkan verilməyib. Daxil ola bildikləri cəzaçəkmə müəssisələrində də öz vəzifələrini tam yerinə yetirmələrinin qarşısı alınıb.
“Fakültativ protokol üzrə Azərbaycanın götürdüyü öhdəliklərin ciddi pozulması nəticəsində və nümayəndə heyəti 8-17 sentyabr tarixləri arasında planlaşdırılan səfərinin bütövlüyünün bu dərəcədə çətinliklərlə üzləşməsi səbəbindən missiyanı vaxtından əvvəl dayandırılması qənaətinə gəlib”, - deyə məlumatda bildirilir.
Nümayəndə heyəti sentyabrın 14-də fəaliyyətini dayandırıb, lakin bəzi üzvlər Bakıda qalaraq topladığı məlumatlar əsasında Azərbaycan rəsmilərilə müvafiq danışıqları davam etdiriblər. Sentyabrın 16-da nümayəndə heyətinin rəhbəri Aişa Şucun Muhammad xarici işlər nazirinin müavini ilə görüşüb.
“IQAT Azərbaycanda işgəncə və pis rəftarın qarşısının alınması məqsədilə ölkənin IQAT-la konstruktiv dialoqa başlamasını və fakültativ protokol çərçivəsində öz beynəlxalq öhdəliklərinə riayət etməsini gözləyir. OPCAT çərçivəsində IQAT müxtəlif azadlıqdan məhrumetmə yerlərinə səfər etmək və azadlıqdan məhrumetmə yerlərində işgəncə və pis rəftar riskinə qarşı ciddi təminatları yaratmaq üçün dövlət orqanlarına tövsiyələr vermək mandatına malikdir”, - deyə məlumatda qeyd edilir.
IQAT nümayəndə heyətinə aşağıdakı üzvlər daxildir: Aişə Şucun Muhammad (nümayəndə heyətinin rəhbəri), Miloş Yankoviç, Marqaret Suzuko Osterfeld, Miqel Sarre-Iquiniz və Viktor Zaharia (təqiblər üzrə əlaqələndirici şəxs).
Ölkəyə edilən səfərin sonunda IQAT qapalı hesabat vasitəsilə dövlətə, ehtiyac yarandıqda həm də MPM-ə tövsiyə və müşahidələrini təqdim edir.