Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Varı çox, ağlı dayazın 111 günlük “hakimiyyəti”nin sonu: Xankəndidə ümidsizlik, parçalanma: “Biz son mərhələdəyik”

23-02-2023, 23:35   


Qarabağdakı xunta rejiminin oyuncaq “dövlət naziri” Ruben Vardanyan cəmi 111 gün oturduğu kreslosunu itirdi. Ötən ilin sentyabrında Rusiya vətəndaşlığından “imtina edərək” Xankəndiyə “xilaskar” obrazında gəlmiş Vardanyan noyabrın 4-də baş terrorçu Araik Arutyunyandan “supernazir” postunu qopara bilmişdi, bu tezliklə postundan gedəcəyini ağlına da gətirməzdi...

Düzdür, Vardanyanın pulu çoxdur... “Forbes” jurnalı hələ 2021-ci ildə onun 1 milyard dollarlıq sərvətə sahib olduğunu yazıb. 24 yaşından Rusiyada ilk investisiya bankı “Troyka Dialoq”un direktoru kimi çalışmağa başlayan Ruben Karlenoviç Vardanyan 2012-ci ildə “Sberbanka”a 1,35 milyard dollara satılan “Troyka Dialoq”dan yüz milyonlarla dollar gəlir əldə etmişdi. Sonrakı dönəmlərdə çoxsaylı fondların, şirkətlərin, “AvtoVAZ” və “KamAZ”ın səhmlərinin bir hissəsinin sahibi kimi adı çəkilib. Amma pul olmaqla deyil ki, gərək adamda ağıl da olsun. Bir azca ağıl bəzən böyük pullar əldə etməyə yetər bəlkə də, lakin gərək siyasətdən, geopolitikadan anlayışın olsun. Əks təqdirdə, 1968-ci ildə İrəvanda doğulmuş Rubenin onunla heç bir bağlılığı olmayan Xankəndidə nə ölümü var idi?

e189f541f6ff435296c2ac574645b3f7.jpg (220 KB)

Postsovet məkanın məşhur “qanuni oğrusu” olan “Ded Xasan”la belə məxfi əlaqələri barədə məlumatlar dolaşan, Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) tərəfindən cinayətkar əməlləri ortaya çıxarılan Ruben Vardanyan Qarabağa gəlişi ilə özü barədə az qala “dissident” təsəvvürü yaratmağa cəhd göstərmişdi. Təsəvvür edin, az qala bütün dünya ilə müharibə aparan Rusiyanın vətəndaşlığından imtina edir və “əzabkeş” Qarabağ ermənilərinin yanına gəlir, onlara “xoşbəxt həyat” vəd edir. Amma “tamaşa” çox tez ifşa olundu. Qısa müddətdə avropalı, amerikalı da anladı ki, Vardanyan əslində milyardlarının sanksiyaların təsiri altına düşməməsi üçün Rusiyadan imtina edib, özü də razılaşdırılmış şəkildə. Əks təqdirdə Rusiyanı dar ayaqda qoyub qaçan artistləri belə hədələyən, onları xain adlandıran Rusiya rəhbərliyi qısa müddətdə Vardanyanı vətəndaşlıqdan rəsmi qaydada çıxartmazdı, “göz üstə qaşın var” demədən.

Səbəbi bəlli idi: Vardanyan pullarını xilas etmək naminə üzərinə böyük bir yük götürmüşdü, Rusiyanın əvvəlcə Qarabağda, daha sonra isə Ermənistanda həyata keçirmək istədiyi planların mərkəzində dayanmaq öhdəliyi. Çox tez ifşa olundu.

Mühüm bir xatırlatma edək:

2022-ci ilin 17 noyabrında Bakıda Avropa İttifaqı rəsmiləri ilə görüşən Prezident İlham Əliyev Azərbaycanın Qarabağ erməniləri ilə onların hüquqları və təhlükəsizliyi barədə söhbətə hazır olduğunu vurğulayarkən bunları demişdi: “Biz Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Bəzi ölkələrdən, yəni kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda proses daha dinamik gedə bilərdi”.

1668747757_maxresdefault.jpg (190 KB)

O zaman Prezidentin dedikləri şimşək effekti verdi. Ruben Vardanyan bu tezliklə ifşa olunacağını gözləmirdi, bəlkə heç moskvadakı himayədarları da Bakıdan belə sərt mövqe gözləmirdilər, düşünürdülər ki, Azərbaycan rəhbərliyi 30 il ərzində olduğu kimi, Qarabağdakı separatçı rəhbərliyi görməzdən gələcək, onlara məhəl qoymayacaq və bu minvalla Vardanyan Xankəndi mərkəz olmaqla, Qarabağın dağlıq hissəsində “əsl xilaskar”a, “qəhrəman”a çevriləcək və daha sonra Nikol Paşinyana alternativin olmadığı Ermənistanda xalq ayağa qalxıb “Ruben” deyəcək. Amma Azərbaycanın ekofəallarının dekabrın 12-sindən etibarən Laçın-Xankəndi yolunda başlatdığı dinc aksiyadan sonra Vardanyan üçün gerisayım başladı. Təsəvvür edin, Putin Vardanyanın Rusiya vətəndaşlığını dekabrın üçüncü ongünlüyündə təsdiqlədi, amma bu addım belə, Azərbaycanın prinsipial mövqeyini dəyişə bilmədi. Dövlətimiz əmin idi: Vardanyan Moskvadan konkret təlimatla gəlib və gəldiyi kimi, geri qayıtmalıdır!

Heç şübhəsiz ki, siyasət aləmindən anlayışı olmayan Ruben Vardanyan Ağdərədəki mis, molibden, qızılın “qoxu”suna gəlmişdi həm də. Yəni Rusiyanın canişini Xankəndidə “dövlət naziri” kreslosunda yayxanır, paralel olaraq Azərbaycanın sərvətləri hesabına varidatını artırır, eyni zamanda Moskvadan növbəti təlimat gözləyir, gözləntiləri bu idi...Amma arzuları suya düşdü. “Troyka Dialoq” investisiya bankı, ümumilikdə 76 törəmə şirkətinin ofşor şəbəkəsi hesabına “çirkli pullar”ın yuyulması sahəsində “ad çıxarmış” Vardanyan bir də onda ayıldı ki, Azərbaycanın Ağdərə bölgəsindəki mədənləri qanunsuz talan edən “Base Metal” zavodu da işini dayandırdı...

Yoxsa bundan əvvəl necə havalı idi. İllah ki, Xankəndidə çoxminli mitinq keçirəndə, daha sonra Xocavənd, Əsgəran, Ağdərə, Xocalıda “sakinlərlə” görüşlər keçirdi, onların dəstəyini qazanmağa çalışdı, vədlər verdi. 30 ildir gestapo mühitində, separatçı-terrorçu rejimin girovluğunda it zülmü ilə yaşamağa vadar olan bir ovuc erməni də gözlərini döyə-döyə ona qulaq asırdılar, düşünürdülər ki, milyarder gəlibsə, deməli, onlara “gün ağlayacaq”.

Amma nə baş verdi: bu kütbeyin erməni milyarder 20-25 min nəfəri belə, cəmi 100 gün ərzində normal qidalandırmağı bacarmadı, yumurtanı belə, talonla satmağa başladı. Böyük iddiaları olan, “sonadək döyüşəcəyik” deyən Vardanyan sonradan üsyanla üzləşəcəyini anladı, “hərbi vəziyyət” elan edib, bütün səlahiyyətləri əlində cəmlədi, ardınca da “blokada” şousu qurub, hətta xəstələrin belə, bölgədən çıxarılmasına maneçilik törətdi.

Bu, “dövləti” olmayan “dövlət naziri” növbəti dəfə özünü BBC-nin “Hard Talk” verilişində Stephen Sackur-un suallarını cavablandırarkən ifşa etdi. Elementar qaydada cavablandıra bilmədi sualları, hətta Rusiyanı tənqid etməkdən belə, çəkindi, bununla da “rus canişini” olduğuna şəkk-şübhə qoymadı.

Xankəndiyə “hava yolu” tələb etməklə nə qədər sərsəm niyyətə düşdüyünü qanmadı özü havadan asılı vəziyyətdə qalmış Vardanyan. Ekofəalların aksiyası dövründə iki gündən bir “qaz kəsildi”, “işıq kəsildi”, “internet kəsildi” deməklə zəhlətökənlik edən bu, oyuncaq “nazir” fərqinə varmadı ki, ermənilər onun gəldiyi günədək daha yaxşı yaşadıqlarını, Azərbaycandan da hər hansı təpki, təzyiq görmədiklərini düşünürdülər. Çünki Azərbaycan dövlətinin Qarabağdakı dinc ermənilərlə hər hansı problemi yoxdur, bunu dəfələrlə bəyan edib. Hətta Azərbaycan əsgərindən siqaret və yemək istəyən erməninin Laçın yolunda sovqatla evinə yola salınmasını bütün dünya izlədi. Dövlətimiz humanistdir, hətta Laçın dəhlizinə alternativ yol çəkdi Qarabağ ermənilərinin rahat gediş-gəlişini təmin etmək üçün. Amma bütün bu hüquqlar Vardanyan kimi avantüristə şamil oluna bilməzdi. Ona görə də Azərbaycan Prezidenti onun Qarabağdan getməsini tələb kimi qoymuşdu. Hələ ki, ilkin addım atılıb, qondarma postundan qovulub, amma davamı gəlməlidir, Vardanyan kimi katalizator torpaqlarımızda qala bilməz!

Prezident İlham Əliyev Münhen Konfransı çərçivəsində keçirilən müzakirələr zamanı açıq və konkret şəkildə bir daha bu mövzu ilə bağlı dövlətimizin mövqeyini bəyan etmişdi. Sitat: “Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Bu gün Dövlət katibi Blinkenin qarşısında mən Ermənistandan olan həmkarıma bu barədə dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs - Vardanyan bizim ərazimizi tərk etsin!”

Azərbaycan dövlətinin başçısı indiyədək nə dediyibsə, onun icrasına nail olub, bunu vaxtaşırı ermənilər də etiraf edirlər. Söhbət BMT Təhlükəsizlik Şurasının 30 il ərzində icra olunmayan 4 qətnaməsini təkbaşına yerinə yetirən dövlətin liderindən gedir! Bu mənada Vardanyanla bağlı tələbi sözsüz ki, icra olunmalı idi, bu, həm Ermənistanın, həm də Qarabağ ermənilərinin xilası deməkdir.

1645017403_425131590_0_120_1280_840_1920x0_80_0_0_babb112f8ec1aebb2d13aa7061342a0c.jpg (350 KB)

Qarabağ separatçıları arasında parçalanma baş verməkdədir, artıq ziddiyyətlər dərinləşir. Qondarma “parlamentin “üç müxalif fraksiyası” “Milli Məclis” adlı oyuncaq qurumun iclasını boykot edib.

Vardanyan gələndən “küncə” sıxışdırılan Araik Arutyunyan üçün Azərbaycan dövlətinin qətiyyətli mövqeyi göydəndüşmə oldu, dərhal Rubenin “qətl fərmanı”nı imzaladı. Bəli, əslində bu postdan qovulması Vardanyan üçün ölümə bərabərdir. Arutyunyan könlünü almaq istəyib Vardanyanın və “O, Artsaxdakı vəziyyətə və gələcək problemlərə görə mənim şəxsi məsuliyyətimin miqyasını və dərəcəsini dərk etdi və anladı”, - deyib. Yəni anladılar ki, Azərbaycan dövlətinin tələbini icra etməyin alternativi yoxdur.

Sosial mediada Vardanyan mövzusu ilə bağlı statuslara ironik şərhlərlə rastlaşırıq bəzən. Özümüzünkülər “nə baş verib ki”-deyə, rişxənd edirlər. Hakimiyyətə müxaliflik olar, amma milli məsələlərdə yox. Diqqət edin, görün Qarabağdakı qondarma “parlament”in “Ədalət Partiyası fraksiyası”nın katibi Metakse Akopyan nə deyib: “Artsax prezidenti Arayik Arutyunyan Ruben Vardanyanı dövlət naziri vəzifəsindən azad etməklə Azərbaycanın tələbini yerinə yetirib. Əslində Azərbaycan Artsaxda hansı siyasi proseslərin baş verəcəyinə qərar verir. Arutyunyan bunu göstərdi. Bütün bu prosesdə Artsax birləşəndə və Ruben Vardanyan da ona qoşulanda Artsax prezidenti yenidən məğlubiyyətçi mövqe nümayiş etdirərək bizim mübarizə yolundan geri çəkildi. O, bu birliyə xəyanət etdi. Belə çıxır ki, parçalanmanı gətirən birlikdən danışan prezidentdir. Artıq kimin dövlət naziri olacağının əhəmiyyəti yoxdur, Artsaxda dövlət idarəçiliyi uğursuzluğa düçar olub”.

Bunu Xankəndidəki separatçı deyir, Azərbaycan dövlətinə yenildiklərini etiraf edir, AZƏRBAYCAN PREZİDETİNİN SÖZÜNÜN XANKƏNDİDƏ DƏ EŞİDİLDİYİNİ etiraf edir, amma bizim bəzi müxaliflər...

Təsəvvür edin, Vardanyan Qarabağa gələndən sonra proseslərin 1988-89-cu illərə qaytarıldığı, separatçıların yenidən Rusiyanın təlimatı ilə “miatsum” oyununa başladığı barədə şərhlər verilirdi, erməni separatçılar ümidlənmişdi, hətta son iki gün ərzində separatçılar Ağdərə, Şuşa, Xocavənd istiqamətində silaha əl atmışdılar. Qarabağdakı separatçı hərəkarın başlanmasının 35 illiyi ilə bağlı Xankəndidəki mərasimdə Vardanyan tən ortada, Arutyunyan isə kənarda, keşişə sıxılaraq dayanmışdı. Vardanyanın təkidi ilə hətta Arutyunyan “hərbi vəziyyətdə seçkilərin keçirilməsi qaydaları”na dəyişiklik etməli olmuşdu, hər an özünü “prezident” elan edəcəyini zənn edirdi. Amma birdən ümidləri çilikləndi.

1669698762_0001-900x423.jpg (58 KB)

Erməni separatçılar ümidsizliklə yazırlar ki, Paşinyanın “artsax”ı Azərbaycana təslim etmək planı var, “biz son mərhələdəyik”.

Bunu Qarabağ ermənisi, “deputat”ı deyir.

Belə bir nəticə Azərbaycan dövlətinin uğuru deyil, bəs nədir?!

Beləliklə, “təlimatla gəlmiş” Vardanyanla bağlı layihə burdaca sona çatdı, amma məsələ bitməyib, qarşıda bütün separatçıların Qarabağdan rədd edilməsi, həmçinin silahlı birləşmələrin tərksilahı, Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olan ermənilərin bu ərazilərin əsl sahibləri ilə yanaşı yaşayışını təmin etmək, eyni zamanda Laçın yolunun girişində, Gorusl sərhəddə nəzarət-buraxılış məntəqəsinin, gömrük postunun qurulması kimi mühüm işlər var...

Dövlətimizə inanır və güvənirik!

 musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar