Çin Ukrayna savaşına qatılır: Rusiyanı dəstəkləyən Fransa və Almaniya isə ABŞ-a xəyanət edir

25-02-2023, 19:36   


Ukrayna savaşı ucbatından sarsıdıcı iqtisadi zərbələrlə üzləşən rəsmi Pekin təklif etdiyi sülh şərtləri bloklanacağı təqdirdə, Rusiyaya açıq və birbaşa hərbi dəstək vermək məcburiyyətində qala bilər... Kollektiv Qərbin parçalanma mərhələsinə yaxınlaşması ilə ziddiyyətlərin daha da kəskinləşməsi savaşın qloballaşaraq, dağıdıcı xarakter almasına münbit şərait yaradır...

Ukrayna savaşı ətrafında yaranmış situasiya sürətlə dəyişir. İndi bu savaş poliqonunda maraqları olan kənar güclər arasında ziddiyyətlər daha da dərinləşir. Görünən odur ki, Ukrayna savaşı "bataqlıq effekti" ilə daha çox dünya nəhəngini öz içinə doğru çəkməyə başlayıb.

Ukrayna savaşına münasibətdə uzun müddət formal neytrallıq nümayiş etdirən, susqunluğunu qorumağa çalışan Çin də hərəkətə gəlməkdədir. Belə ki, rəsmi Pekin bundan sonra Ukrayna savaşına münasibətdə geopolitik seçim etmək məcburiyyətində qalıb. Yəni, Çin hansısa keyfiyyətdə bu savaşa müdaxilə etməlidir.

Məsələ ondadır ki, rəsmi Pekin Ukrayna savaşının Çinə zərbə vurduğunu nəzərə alır. Çünki Rusiyaya qarşı sanksiyalar dolayısı ilə Çin iqtisadiyyatında ağır sarsıntılara yol açmağa başlayıb. Hər halda, unutmaq olmaz ki, həm Rusiya, həm də Avropa Birliyi ölkələri Çinin əsas iqtisadi-ticari partnyorlarıdır.

1647326821_1644327317_b291bf1bf78330b87c6835bb7eb8f573.jpg (53 KB) 

Sanksiyalar Rusiya və Avropa Birliyinə təsir göstərdikcə, onu nəticələri istər-istəməz Çin iqtisadiyyatında özünü göstərir. Ona görə də, rəsmi Pekin Rusiya və Avropa Birliyi ölkələri ilə ticarət dövriyyəsinin aşağı düşməsinə bundan sonra reaksiyasız qalmaq niyyətində deyil. Və belə vəziyyətdə rəsmi Pekin Çini də zəiflətməkdə olan Ukrayna savaşının sona çatdırılması üçün hərəkətə keçmək qərarı vermiş kimi görünür.

Təbii ki, Ukrayna savaşına müdaxilə üçün Çinin qarşısında əsasən iki seçim var. Birinci seçim ondan ibarətdir ki, Çin Rusiyaya hərbi dəstək verə, NATO-nun Ukraynaya yardımlarını balanslaşdıra və Kremlin savaşda sürətli qələbəsini təmin etməyə çalışa bilər. Bu halda, Ukrayna savaşının tezliklə sona çatması ehtimalı güclənər, Çin də iqtisadi-ticari sarsıntılardan xilas olmaq şansı qazanar.

Halbuki, bu, rəsmi Pekin üçün kifayət qədər riskli seçim variantı da sayıla bilər. Çünki Rusiyanın birbaşa dəstəklənməsi Çinə NATO ilə açıq hərbi qarşıdurma təhlükəsi də vəd edir. Halbuki, NATO ilə savaş təhlükəsi doğura biləcək hərbi qarşıdurma rəsmi Pekinin qətiyyən maraqlarına uyğun deyil. Və Çin hansısa hərbi-siyasi blok ilə dağıdıcı müharibə əvəzinə, iqtisadi-ticari alətlər üzərindən inkişaf edib, daha da güclənməyə üstünlük verir.

Təbii ki, belə vəziyyətdə rəsmi Pekin üçün sülh prosesinə stimulverici siyasi müdaxilə ilə Rusiyaya hərbi dəstək variantlarını paralel şəkildə hərəkətə gətirmək daha sərfəli görünür. Yəni, Çin hazırda bir tərəfdən, Rusiya və Ukrayna arasında sülh müqaviləsinə nail olmaq cəhdlərini ön planda tutmağa çalışır. Digər tərəfdən isə sülh prosesi baş tutmazsa, Rusiyaya hərbi dəstək vermək məcburiyyətində qala biləcəyini qabardır. Və bununla da, NATO-ya Çinin də əvvəl-axır Ukrayna savaşına birbaşa müdaxilə etmək məcburiyyətində qala biləcəyini sezdirməklə, hələlik Rusiyaya qarşı "proxy müharibə" aparan beynəlxalq rəqiblərini sülh barədə düşünməyin vacibliyinə inandırmağa çalışır.

e847d5aba9c26f1e666ab8301662e85a.jpg (999 KB) 

Göründüyü kimi, rəsmi Pekin kifayət qədər təmkinli və dəqiq geopolitik manevrlər edir. Üstəlik, Çinin Ukrayna savaşını dayandırmaq üçün artıq elan etdiyi 12 şərt olduqca, ədalətli məzmun daşıyır. Çünki rəsmi Pekinin sülh sazişinin imzalanması ilə bağlı təklif etdiyi bütün şərtlər birmənalı şəkildə beynəlxalq hüquq normalarına əsaslanır. Və bu baxımdan, Ukrayna savaşının dayandırılması üçün ilkin hüquqi baza rolunu oynaya bilər.

Məsələ ondadır ki, rəsmi Pekin Rusiya və Ukraynanı beynəlxalq hüquq normalarına riayət etməyə çağırır. Beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinə hörmətlə yanaşmağın vacibliyini vurğulayır. Hətta savaşdan sonra Ukraynanın bərpa prosesinin beynəlxalq hüququn tələblərinə uyğun reallaşdırmağı, müharibədən sonra zərərçəkənlərin, eləcə də hərbi əsirlərin problemlərinin ədalətli həll olunmasını təklif edir.

Göründüyü kimi, rəsmi Pekinin bu şərtləri əslində, ilk növbədə Ukraynanın maraqlarına cavab verir. Çünki rəsmi Kiyev bu şərtlər altında imzalanacaq sülh sazişi ilə Rusiyanın işğal etdiyi ərazilərini qaytarmaq şansı qazana bilər. Ukraynanın Pekindəki səfiri də ilk açıqlamasında Çinin sülh şərtlərindən məmnun olduğunu vurğulamışdı. Ancaq bir müddət sonra Ukrayna prezidenti Volodimir Zelenski rəsmi Pekinin sülh şərtləri ilə razı olmadıqlarını vurğulayıb. Və sülh danışıqlarının yalnız Rusiya Krım da daxil olmaqla, işğal etdiyi bütün Ukrayna ərazisilərindən çıxdıqdan sonra başlaya biləcəyini bildirib.

Maraqlıdır ki, Ukrayna prezidentinin bu açıqlaması Çinin sülh şərtlərinə ABŞ, Avropa Birliyi və NATO-nun münasibəti məlum olduqdan sonraya təsadüf edir. ABŞ, Avropa Birliyi və NATO-nun verdiyi reaksiyalar isə təxminən bir-birini təkrarlayır, rəsmi Pekinin sülh şərtlərinin yalnız Çinin maraqlarını ifadə etdiyini qabardır. Və rəsmi Pekinin həmin sülh şərtlərinin Rusiyanı xilas etmək məqsədi güdməklə yanaşı, həm də Çinin maraqlarına cavab verdiyini ön plana çəkir.

3d695b48ffa7ddc79e9a3a739ae466b55270583b.jpg (65 KB) 

Belə anlaşılır ki, rəsmi Pekinin şərtləri müzakirə edilmədən geri çevrilir. ABŞ və NATO Ukrayna savaşının hələ davam etməsində israrlı olduğunu sezdirir. ABŞ və Qərb Rusiyanın uzun müddət "savaş bataqlığı"nda qalıb, tamamilə zəifləməsində maraqlıdır. Ona görə də, istənilən sülh təşəbbüsünü dərhal bloklamağa çalışır. Rəsmi Kiyev isə hazırda Ukraynaya Rusiya ilə savaşda intensiv hərbi dəstək göstərən ABŞ və NATO-nun razılığı olmadan hər hansı sülh təşəbbüsünə müsbət reaksiya vermək şansına malik deyil.

Bütün bunları nəzərə aldıqda, prezident V.Zelenskinin Avropaya səfiri zamanı Fransa və Almaniyanın Rusiya ilə sülh danışıqlarına başlamaq təkliflərinə müsbət reaksiyadan yayınması qətiyyən təəccüblü görünmür. Ancaq bununla belə, Fransa və Almaniyanın həmin təşəbbüsü Rusiya əleyhinə koalisiyada müəyyən parçalanmanın olduğunu da təsdiqləyir. Bu iki dövlət hətta Çindən fərqli olaraq, Ukraynaya Rusiyanın maraqlarını daha çox ifadə edən sülh variantı irəli sürür.

Belə anlaşılır ki, Fransa və Almaniya hazırda Rusiyanın maraqlarını ifadə etməyə çalışır. Bu iki dövlət prezident Vladimir Putini və Rusiyanı xilas etmək cəhdi ilə yeni dünya düzənində daha həlledici mövqelər qazanmağa can atır. Bu baxımdan, Ukrayna savaşı ətrafında ziddiyyətlərin dərinləşmə ehtimalı tamamilə inandırıcı görüntülər almaqdadır.

Məsələ ondadır ki, bir tərəfdən dolayısı ilə Rusiyanı qorumağa çalışan Fransa və Almaniyanın mövqeyi kollektiv Qərbi tədricən parçalanma mərhələsinə yaxınlaşdırır. Digər tərəfdən, sülh şərtləri irəli sürən Çin əks reaksiya ilə üzləşdikdən sonra Rusiyaya dəstək vermək məcburiyyətində qala biləcəyini sezdirir. Və belə davam edərsə, Ukrayna savaşı ətrafında yaranmış vəziyyətin daha da qəlizləşərək, dağıdıcı qlobal savaşa yol aça biləcəyi qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar