Zəlzələlər niyə Yaponiyaya daha az zərər vurur?

25-02-2023, 19:42   


Zəlzələlər niyə Yaponiyaya daha az zərər vurur?


Mərkəzi Kahramanmaraş olmaqla 11 vilayətində baş verən 7,7 və 7,6 bal gücündə iki zəlzələnin minlərlə insanın həyatına son qoyduğu və böyük dağıntılara səbəb olduğu Türkiyədə insanların çoxu zəlzələlərdən tez-tez sarsılan, lakin binaları dağılmayan Yaponiyadan bəhs edirlər.

Cebhe.info xəbər verir ki, ümumiyyətlə, zəlzələ baş verən ölkələrdə böyük dağıntılarla bağlı əsas problemlərdən biri kimi binaların qaydalara əsasən tikilmədiyi göstərilir.

Nəticədə isə minlərlə insan dağıntılar altında qalaraq həyatını itirir. Bu problemin həlli yollarından biri kimi binaların daha təhlükəsiz tikilməsi və bununla bağlı Yaponiyanın tikintidə tətbiq etdiyi qaydalar əsas gətirilir. 

Dünyadakı aktiv vulkanların 10 faizinin yerləşdiyi qırılma xətləri üzərində yerləşən Yaponiyada hər il 1500-ə yaxın zəlzələ baş verir. Dörd böyük adadan ibarət ölkədə bu zəlzələlər okeanın üstündə və ya altında olarsa, sunami adlanan nəhəng dalğalar da əmələ gəlir.

Yaponiyanın zəlzələnin şiddətinə görə "şindo" adlanan öz zəlzələ intensivliyini ölçmə sistemi var. Yaponiyanın digər ölkələrdən ən mühüm fərqi odur ki, ölkə zəlzələ reallığını qəbul edib ona uyğun hərəkət edib, hazırlaşır. 

Son 20 ildə Yaponiyada 6 və daha yuxarı bal gücündə ən azı 28 zəlzələ baş verib. Bunların arasında ən ölümcül 1995-ci ilin yanvarında Kobedə baş vermiş Böyük Hanşin-Avaji zəlzələsi və 2011-ci ilin martında Fukuşimada baş vermiş Böyük Şərqi Yaponiya zəlzələsi idi. İnsan tələfatına səbəb isə birincidə yanğınlar, ikincidə baş verən nəhəng sunami olub. 

Zəlzələyə necə hazırlaşırlar?

Yaponiya zəlzələ tarixinə görə digər ölkələrlə müqayisədə dünyanın zəlzələyə ən çox hazırlaşdığı ölkə kimi tanınır. 

Tokio Böyükşəhər İdarəsi, binaları zəlzələyə daha davamlı hala gətirərək, yeni revize edilmiş plana görə, 2030-cu ilədək Tokionu birbaşa vurması gözlənilən 9 bal gücündə çox böyük zəlzələdə can və mal itkisini əvvəlki təxminlərlə müqayisədə 30 faiz azaltmaq üçün tədbirlər görəcəyini açıqlayıb.

Əvvəlki hesablamalara görə, Tokioda belə bir zəlzələdə 9 minə yaxın insanın öləcəyi, 100 mindən çox binanın dağılacağı təxmin edilirdi.

Tokio qubernatoru Yuriko Koikenin ötən həftə verdiyi açıqlamaya görə, son 10 ildə görülən tədbirlərlə təxmin edilən insan itkisi 6100 nəfərə düşüb.

Böyükşəhər rəhbərliyi yeni ortaya çıxan risk faktorlarına görə tədbirlər görməyə davam edir.

Məsələn, şəhərdə göydələnlərin sayının artması ilə zəlzələ zamanı elektrik enerjisinin kəsilməsi təhlükəsi yarandıqda hər mərtəbədə generator və akkumulyator sisteminin quraşdırılması nəzərdə tutulur. 

Plana əsasən, toplaşma mərkəzlərində "Wi-Fi" nöqtələrinin yaradılması da nəzərdə tutulub. Nəhayət, fəlakət zamanı yerli səviyyədə rəhbərlik edə biləcək insanların hazırlanmasıdır.

Tikintilərdə və qaydalarda nə var?

İstanbul Teknik Universitetinin Fəlakətlərin İdarə Olunması İnstitutu və İnşaat Mühəndisliyi fakültəsinin müəllimi Fatih Sütçü Yaponiyanın Tokio Texnologiya İnstitutunda zəlzələ izolyasiyası üzrə tədqiqatlarını davam etdirir. 

Sütçü izah edir ki, Yaponiyanın bir çox bölgəsində torpaq əslində bina tikmək üçün çox uyğun deyil. Bununla belə, zəmin tədqiqatına və bunun nəticəsində zərurət olduqda torpağın yaxşılaşdırılmasına böyük əhəmiyyət verilir.

Bundan başqa, binaların təməli zəif qruntlarda qoyularkən 60-70 metr dərinliyə enən "kazıklar" yerləşdirilir.

Beləliklə, binanın demək olar ki, üçdə biri yerin altında qalır və binanın yükləri bərk qrunt təbəqələrinə ötürülür. Sütçü Yaponiyada zəlzələyə davamlı evlərin və binaların zəlzələdən titrəmək üçün tikildiyini də açıqlayır.

O deyir ki, Yaponiyada 8 min, Türkiyədə isə 100 belə bina var. Onlardan dördü İstanbuldakı Başakşehir Çam Sakura Şəhər Xəstəxanası kimi xəstəxana olaraq xidmət edir. Yaponiyada zəlzələyə ən davamlı binalarda nəhəng barabanlara bənzəyən “rezin izolyator rulmanları” adlanan zəlzələ izolyasiya materiallarından istifadə edilir.

Baş verə biləcək fəlakətdən insanlar necə xəbərdar olur? 

Yaponiyada fəlakətin qarşısının alınması sistemi həyata inteqrasiya olunub. Ölkədə istifadə edilən smartfonların demək olar ki, hamısında zəlzələdən 5-10 saniyə əvvəl insanlara özünü qorumağa imkan verən zəlzələ xəbərdarlığı sistemi var.

Bundan əlavə, istəyənlər "Safety Tips" və ya "Yurekuru" adlı erkən xəbərdarlıq sistemi tətbiqlərini endirə bilərlər.

Yaponiyada qaydalara görə, hər evdə fəlakətdən əvvəl təcili yardım dəsti saxlanılır. Məktəb yaşından öncə belə, uşaqlara təbii fəlakət təlimləri verilir. Hər kəs zəlzələ zamanı nə edəcəyini bilir. Məsələn, masa kimi bərk bir əşyanın altına girmələri və ya heç olmasa başlarını yastıqla örtmələri tövsiyə olunur.

Onlara zəlzələ bitənə qədər yerindən tərpənməmələri və çölə atılmamaları tövsiyə olunur. Eynilə hündür binadasınızsa, silkələnmə bitənə qədər binadan çıxmamalı və pəncərələrdən uzaq durmalısınız.

Zəlzələyə şöldə yaxlananlar isə açıq ərazidə qalmalıdırlar. Zəlzələdən sonra insanların təcili yardım mərkəzlərinə müraciət etmələri tövsiyə olunur.

Nigar Abdullayeva
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.