Sanksiyalar İranı dağıdacaq? - “SSRİ-dən güclü ölkə deyil...”

26-02-2023, 22:54   


Sanksiyalar İranı dağıdacaq? - “SSRİ-dən güclü ölkə deyil...”


ABŞ və Böyük Bitaniya İrana növbəti sanksiyalar tətbiq edib.

Bununla bağlı ABŞ Ticarət Nazirliyi 4 sərəncam verib. Onlardan biri Rusiyanın İran dronlarından istifadəsinin qarşısını almaq üçün İrana yeni ixrac məhdudiyyətləri qoyur. Amerika ilə yanaşı, Britaniya da SEPAH-ın Qüds qüvvələrinin aviasiya sənayesinin beş rəsmisinə sanksiya tətbiq edib. Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. Bu addım İranin istehsal etdiyi dronların Ukraynaya qarşı istifadə etmək üçün Rusiyaya təhvil verilməsinə görə atılıb. 

Qeyd edək ki, son vaxtlar İrana qarşı sanksiyaların sayı artır. Bu qadağalar daha çox İranın Ukraynaya qarşı hərbi əməliyyatlarda istifadə etmək üçün Rusiyaya zərbə dronları verməsi, molla rejiminə qarşı keçirilən etiraz aksiyalarında insanların qətlə yetirilməsi, edamlar və rəsmi Tehranın nüvə proqramı ilə bağlıdır. 

Sanksiyalara baxmayaraq, İran rejimi öz mövqeyindən çəkilmək istəmir. Terrorun, müharibələrin və zorakılığın dəstəklənməsi İranın dövlət siyasətinin əsas kursu olaraq qalır.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, İrana qarşı 40 ilə yaxındır sanksiyalar tətbiq olunur. Ona görə dörə daxili istehsalın artırılmasına üstünlük verən İran hakimiyyəti əhalinin istehlak məhsulları ilə təminatını bu yolla həyata keçirir. İstehsalın təşkili İrana başqa ölkələrə də məhsul ixrac etməyə imkan verir. Ancaq sanksiyalar İran iqtisadiyyatının müxtəlif sahələrində, xüsusilə də neft-qaz sektorunda müasir texnologiyaların əldə edilməsinə mane olur:

 "Müasir avadanlıqların olmaması İranın ixracatına mənfi təsir göstərir. Ölkə iqtisadiyyatının ayaqda durmasında mühüm rol oynayan neft-qaz sektoruna qoyulan embarqo öz nəticəsini verib. İranın daxili siyasi vəziyyəti də böhrana yuvarlanıb. Rialın dollar qarşısında məzənnəsini itirməsi vəziyyəti çətinləşdirir. Daxili istehsalın olması və İranın neft satışı həyata keçirməsi rejimin ayaqda durmasına səbəb olub. Amma onun məhvinə gətirib çıxarmır.

İranın sərnişin təyyarə parkının yenilənməməsi sanksiyalardan irəli gəlir. Lakin sanksiyaların İrandakı terrorçu rejimin dəəyişməsinə gətirib çıxaracağını düşünmürəm. İranda rejimin dəyişilməsi üçün kənar müdaxilə olmalıdır. Yəni İran hakimiyyətinə qarşı hərbi əməliyyatlar keçirilməlidir. Vaxtilə İraqda, Liviyada olduğu kimi, İranda da diktatura rejiminə hərbi müdaxilə yolu ilə son qoyulmalıdır”. 

O bildirib ki, digər variant isə xalqın inqilabi çevriliş yolu ilə rejimi dəyişməsidir:

“Qeyd edim ki, İran rejiminin daxili dayaqları hələ möhkəmdir. Ancaq bu, uzunmüddətli olmayacaq. Əgər SSRİ kimi fövqəldövlət dağıldısa, İran da dağılacaq. İran SSRİ-dən güclü ölkə deyil".

 Müşfiq Abdulla
 Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar