Niyə meteorit dinozavrları öldürdü, amma məməlilərə şans verdi?

25-03-2023, 20:18   


dinozavr, həyat tərzi, meteorit

ŞƏKLİN MƏNBƏYİ,NASA / DON DAVIS


66 milyon il əvvəl Yer kürəsində Təbaşir dövrü başa çatdı. Eni 10 kilometrə çatan nəhəg meteoritin Yerə düşməsi bir milyard atom bombası gücündə partlayışla nəticələndi və bu partlayışın dalğası bir neçə dəfə planetin ətrafında dövrə vurdu.

O partlayış meşələri yerlə yeksan etdi, nəhəng sunamilər yaratdı, atmosferə bir neçə kilometr hündürlüyündə milyonlarla ton his və toz qalxmasına səbəb oldu.

Meteorit planetin sahiblərini - dinozavrları məhv etdi (hamısını və dərhal yox, amma belə bir zərbədən sonra onlar özlərinə gələ bilmədilər), bütün flora və fauna növlərinin dörddə üçünü yoxa çıxardı, amma əvvəllər arxa planda qalan kiçik və gözə dəyməyən bəzi məməlilərə toxunmadı: ona qədər bu canlılar dinozavrlarla rəqabət apara bilmirdilər, təkamül yoluyla diş və caynaq əldə etməyə vaxtları çatmırdı, çünki onları tutub yeyirdilər.

Sağ qalan canlılar arasında bizim çox uzaq qohumlarımızdan biri də vardı - ilk primatlardan hesab olunan purqatorius.

Bu məxluq kiçik dələ ilə torpaqqazan növləri arasında bir canlı idi; çox güman, qazma çuxurlarda yaşayırdı, həşəratları və rastına çıxan hər şeyi yeyirdi; iddiasız və gözə batmayan bu heyvan indiki standartlara görə gəmiricilər sinfinə yaxın idi.


heyvan, inkişaf

ŞƏKLİN MƏNBƏYİ,ANDREY ATUCHIN

Şəklin alt yazısı,

Bu fəlakətdən sağ çıxan canlılardan biri bizim çox uzaq əcdadımız olan kiçik purqatorius idi

"Siçovul hər yerdə sağ qalacaq" - "Məməlilərin yüksəlişi və hökmranlığı" kitabının müəllifi Steve Brusattenin və onun Edinburq Universitetindəki paleontoloq həmkarlarının vermək istədiyi mesaj budur. Onlar təbii fəlakətdən sonra dramatik şəkildə dəyişmiş həyat şəraitinə erkən məməlilərin necə belə tez uyğunlaşa bildiklərini öyrənmək qərarına gəliblər.

Meteorit düşəndən dərhal sonra məməlilərin böyük əksəriyyəti - hər 10 növdən 9-u yox oldu. Amma sağ qalanlar üçün böyük perspektivlər açıldı.

“Təsəvvür edin ki, siz bizim siçan boyda olub künclərdə vurnuxan o qorxaq uzaq əcdadlarımızdan birisiniz. Və birdən tarixi məqam yaranır – bütün tiranozavrlar və digər nəhəg kərtənkələlər qəfildən yoxa çıxırlar və qarşınızda böyük bir dünya açılır” - Brusatte belə deyir.

heyvan, inkişaf

ŞƏKLİN MƏNBƏYİ,SARAH SHELLEY

Şəklin alt yazısı,

Məməlilər milyonlarla il kiçik ölçülərdə və gözə batmaz halda dinozavrların kölgəsində yaşayıblar

Ən yaxşısı balaca olmaqdır

O həmçinin qeyd edir ki, "Bu məməlilər siçan və ya siçovul kimi görünürdülər, elə onlar kimi də davranırdılar və bu cür də qala bilərdilər, amma "yeni möhtəşəm dünyada" inkişaf etməyə başladılar, çünki apokalipsisdən sonrakı dəhşətli şəraitə çox yaxşı uyğunlaşmışdılar".

Xırda heyvanlar daha asan çoxala bilirdilər.

Yerin altında sağ qalmaq

Məməlilərin fəlakətdən sonrakı mühitə müvəffəqiyyətlə uyğunlaşmasının başqa bir səbəbi onların bədənlərinin paleosen dövründəki çox qəribə quruluşu ola bilər.

Ondakı və indiki məməlilərin ayaq sümüklərinin müqayisəli analiziylə məşğul olan, Edinburq Universitetinin başqa bir paleontoloqu Sarah Shelley-nin sözlərinə görə, qədim məməlilərin sümükləri indikilərin sümüklərindən heyrətamiz dərəcədə fərqlənir - onlar daha böyük və daha bərk olublar.

heyvan, inkişaf, paleontologiya

ŞƏKLİN MƏNBƏYİ,SARAH SHELLEY

Şəklin alt yazısı,

Müasir donuz və inəklərin uzaq əcdadları olan periptikuslar tendensiyanın əksinə olaraq əzələ və çəki artırmağa başladılar

Post-apokaliptik dövrün heyvanlarında güclü əzələlər və müasir qazıcı heyvanların sümüklərinə bənzəyən möhkəm sümüklər olub.

"Buradan belə bir fərziyə yaranıb ki, qazmağı bacaran heyvanlar fəlakətdən sağ çıxa biliblər. Onlar torpağın altında olduqları üçün zərbədən və ondan sonra başlamış yanğınlardan sağ çıxıblar, nüvə qışını da orada gözləyiblər və ümumiyyətlə, uzun müddət yerin altında olublar" – Shelley belə deyir.

Hərəkət edən və etməyən hər şeyi yemək

Meteorit düşəndən sonra qurudakı, demək olar, bütün bitkilər (bir çox qida zəncirlərinin ilkin halqası) məhv oldu. Nəticə etibarilə qida məsələsində çox seçici olmayan məməlilər üstünlük əldə etdilər, digərləri isə sadəcə acından öldülər.

Shelley deyir ki, "Fəlakətdən sağ çıxan heyvanlar bunu ilk növbədə ona görə bacardılar ki, bir yox, bir neçə şeylə qidalandılar. Bu, sağ qala bilmək üçün əla strategiyadır".

Az fikirləşmək

Fəlakətdən sonrakı dövrdə ekosistemlər tədricən canlandı və əvvəllər dinozavrların tutduğu boşluqları məməlilər doldurmağa başladılar.

Onların ölçüləri artmağa başladı, amma beyinlərinin inkişafı bədənlərinin böyüməsi ilə ayaqlaşmırdı.

heyvan, inkişaf, məməlilər

ŞƏKLİN MƏNBƏYİ,SARAH SHELLEY

Şəklin alt yazısı,

Dinozavrların nəsli kəsildikdən az sonra girahius (solda) və arktosion (sağda) kimi iri otyeyənlər və yırtıcılar meydana çıxdı

"Bunu başa düşmək çox vacibdir, çünki ilk baxışda elə anlaşıla bilər ki, sağ qalmağımızın və sonradan planetin sahibinə çevrilməyimizin əsas səbəbi ağlımız olub. Amma faktlar göstərir ki, fəlakətdən sonra yaranmış vəziyyətdən çıxmağımıza kömək edən şey beynimiz olmayıb” – Edinburq Universitetinin daha bir paleontoloqu Ornella Bertrand belə deyir.

O qeyd edir ki, erkən paleosen dövründə bədən ölçüsünə nisbətən böyük beyin məməlilər üçün hətta maneə ola bilərdi:

"Böyük beyin nəyə lazımdır ki? Onu saxlamaq çox xərc tələb edir. Böyük beyni olanın gücləndirilmiş qidalanmaya ehtiyacı var və qida azdırsa, bütün bir növ sadəcə məhv olacaq".

dünya, kainat, kosmos, fərziyyə

ŞƏKLİN MƏNBƏYİ,NASA

Şəklin alt yazısı,

Dağıdıcı (yaxud da məməlilərə yuxarıdan göndərilmiş) meteorit Yerdəki həyatın gedişini dəyişdi

Bertrand deyir ki, “Biz bu planetdə təsadüfən peyda olmuşuq. Meteorit yan keçə, ya da planetin başqa yerində okeana düşə bilərdi və nəticədə heyvanlar başqa prinsipə əsasən sağ qala bilərdilər. Bu haqda fikirləşəndə adam az qalır dəli olsun”.

Beləliklə, bu gün planetimizdə yaşayan bütün məməlilər həmin meteoritə “çox sağ ol” deyə bilərlər.

BBCçcom

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.