Vladimir Putin bu gün Rusiyanın xarici siyasətinin yenilənmiş konsepsiyası haqqında fərman imzalayıb. Sənədi xarici işlər naziri Sergey Lavrov Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında təqdim edib. Prezident də sənədə elə Təhlükəsizlik Şurasının iclasında imza atıb.
“Beynəlxalq həyatda baş verən dramatik dəyişikliklər bizdən əsas strateji planlaşdırma sənədlərinə, o cümlədən diplomatik fəaliyyətin prinsiplərini, vəzifələrini və prioritetlərini əks etdirən xarici siyasət konsepsiyasına ciddi düzəlişlər etməyi tələb edir” deyə, Putin bildirib.
Sənədin girişində Rusiya “nəhəng Avrasiya və Avro-Sakit Okean dövləti”, “dünya inkişafının suveren mərkəzlərindən biri”, “qlobal güc balansının qorunmasında müstəsna rol oynayan dövlət” kimi xarakterizə olunur. Rusiyanın digər dövlətlərə və dövlətlərarası təşkilatlara münasibətində üç istiqamət göstərilir: konstruktiv, neytral və qeyri-dost…
Bildirilir ki, Rusiya Qərbin düşməni deyil, qarşıdurmanın mənasızlığını anlayacağına və çoxqütblü dünya reallıqlarını qəbul edəcəyinə ümid edir. “Moskva ABŞ və digər qeyri-dost dövlətlərin dünyada hökmranlıq, o cümlədən neokolonial və hegemon ambisiyalarını qarşısını almağa üstünlük verəcək. Moskvanın məqsədi qarşılıqlılıq prinsipi əsasında bütün dövlətlər kimi təhlükəsizliyini təmin etməkdir. Rusiya özünə və müttəfiqlərinə qarşı silahlı hücumu dəf etmək və qarşısını almaq üçün silahlı qüvvələrdən istifadə edə bilər. Rusiyanın xaricdəki humanitar siyasətinin prioritetləri rusofobiya ilə mübarizə, rus dilinin, rus mədəniyyətinin, idmanının, Rus pravoslav kilsəsinin qorunmasıdır”- sənəddə bildirilir.
Rusiya öz dövlət maraqları üçün xüsusi əhəmiyyət kəsb edən iki dövlətin adını çəkir, onları “dost və suveren qlobal güc mərkəzləri” adlandırır. Söhbət Çin və Hindistandan gedir. Sənəddə bildirilir ki, bu ölkələrlə əlaqələrin hərtərəfli dərinləşdirilməsində maraqlıdır və Asiya-Sakit okean regionunda bölücü niyyətlərə qarşı çıxır.
Rusiya yeni konsepsiyasında qarşısına İslam sivilizasiyası ilə hərtərəfli qarşılıqlı faydalı əməkdaşlıq möhkəmlənmək məqsədi qoyur. O cümlədən Afrika və Latın Amerikası ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığı vacib hesab edir.
Təbii ki, sənəddə ABŞ və Avropa İttifaqı ilə bağlı xüsusi qeydlər var. ABŞ-ın hazırkı siyasi kursu Rusiyanın təhlükəsizliyinə əsas risk mənbəyi kimi qiymətləndirilir. Avropa İttifaqına isə məsləhət görülür ki, ABŞ-dan müstəqil olduğunu nümayiş etdirərək anti-Rusiya siyasətindən imtina etsin.
Təqdim olunan sənədin ABŞ-ın ötən ilin oktyabrında açıqladığı 80 səhifəlik Milli Müdafiə Strategiyasından fərqləndirən cəhətləri müqayisə etmək təhlilçilərin işidir. ABŞ həmin strategiyada Rusiyanı əsas təhlükə kimi qiymətləndirmişdi, Moskva da indi o cür mövqe sərgilədi.
Əlbəttə ki, bizim üçün əsas məsələ Rusiyanın yenilənmiş xarici siyasətində yaxın qonşuları ilə münasibətidir. Sənəddə bu barədə yalnız bir tezis gördüm. “Yaxın xaricdə Rusiyanın əsas məqsədi regionu sülh, mehriban qonşuluq və firavanlıq zonasına çevirməkdir”. Sadəcə, bu...
Aydındır ki, Rusiyanın indi əsas dərdi biz deyilik, heç özünün sürüşkən mövqeyi ilə az qala “qeyri-dost” statusuna düşən Ermənistan da Moskvaya ciddi problem deyil. O səbəbdən yaxın qonşumuz yenilənmiş xarici siyasət prioritetində yalnız ümumi sözlərlə “reğionda sülh və əmin-amanlıqda maraqlı olduğunu” bəyan edir. Hədə, təhdid və ya hansısa mesaj yoxdur. Amma Rusiya yaxın qonşularla münasibətlərinə önəm verən ölkə olaraq, Qərbin onun nüfuz dairəsinə daxil olmaq cəhdlərindən də xəbərdardır, bu barədə dəfələrlə narahatlıqlarını da dilə gətiriblər. ABŞ-ın Orta Asiya respublikalarına yeni “kəmənd atması”, Gürcüstanda hakimiyyət dəyişikliyində maraqlı olması, Ermənistanda Avropa İttifaqının müşahidə missiyasının yerləşdirilməsi, Bakı-İrəvan arasında sülh sazişinin imzalanması üçün vasitəçiliyi bu cəhdlərin yalnız görünən tərəfləridir. Amma Rusiya əsas xarici siyasət prioripotetlərində bu narahatlıqlara toxunmayıb, hər halda, sənədin açıqlanan hissəsində belədir.
Ola bilsin ki, Rusiya “yaxın xaricdən” arxayındır, məsələn, Ermənistanın ona qarşı “ikinci cəbhə” açmaq planına qarşı hazırlıqları, arxayınlıqları var. Mümkündür ki, Rusiya nəhəng dünya siyasətində məsələn, Cənubi Qafqazı o qədər də önəmli hesab etmir. Amma nahaq. Rusiya nəzərə almalıdır ki, onun sərhədlərində stabillik indi çox kövrəkdir, hətta son aylar daha da “nazik simlər” üzərinə keçib. Bir neçə ay əvvələdək regionda əsas təhlükə Ermənistan idisə, indi o sıraya aktiv olaraq İran da qoşulub.
Bəzi iddialara görə, İranın anti-Azərbaycan siyasətində Rusiyanın barmağı da ola bilər. Ermənistan və İran Rusiyanın yaxın qonşuları kimi regionda “su minası” kimi vurnuxurlar və hər an harasa dəyib “partlaya bilərlər”. Bu isə Rusiya üçün ciddi problemlər yarada bilər. O səbəbdən Rusiya yenilənmiş xarici siyasət konsepsiyasında yaxın ətrafına münasibətdə daha diqqətli olmalı, xüsusən Tehranı regionda yeganə stabilləşdirici və balanslaşdırıcı ölkə olan Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkməyə təhrik etməlidir. Əks halda, Rusiyanın təhlükəsizliyi heç gözləmədiyi tərəfdən ciddi risk altına düşə bilər...
musavat.com