Naxçıvan şəhərində, Böyük bağın girişində Nəriman Nərimanovun heykəli aprelin 1-də söküldü və bununla da sosial şəbəkələrdə ciddi müzakirələr başladı.
Sosial şəbəkə istifadəçiləri iki yerə ayrıldı: Nərimanova qarşı olanlar və onu müdafiə edənlər.
Ən diqqətçəkici Nərimanovu tarixçilərin, ziyalıların, millət vəkilinin və s. müdafiə etməsi idi. Adamlar faktlarla, tarixlə sübut etdilər ki, Nəriman Nərimanov öz imkanları daxilində Azərbaycana çox böyük xidmətlər göstərmiş tarixi şəxsiyyət, dövlət xadimidir.
Bu gün isə Naxçıvan İcra Hakimiyyəti açıqlama yayıb və Nərimanovun heykəlinin sökülmədiyi bildirib. Və min təəssüf ki, etdiyi əməlində medianı ittiham edib. İH-in açıqlamasında bildirilir: “Son günlər bir sıra informasiya portallarında və sosial media hesablarında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nərimanovun Naxçıvan şəhərində yerləşən büstünün sökülməsi ilə bağlı həqiqəti əks etdirməyən informasiyalar yayılıb. Dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan, məsələnin mahiyyətini öyrənmədən və nəticələrini düşünmədən, ən əsası isə yaranmış vəziyyətdən sui-istifadə edərək ajiotaj yaratmaq məqsədilə tirajlanan bu cür informasiyalar qeyri-peşəkarlıq əlaməti olmaqla yanaşı, həm də media etikası baxımından yolverilməzdir və qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət yaradır.
Diqqətə çatdırırıq ki, aparılan təmir-tikinti işləri ilə bağlı Nəriman Nərimanovun Naxçıvan şəhərinin Nizami küçəsindəki Böyük bağ adlanan ərazidə yerləşən büstü müvəqqəti götürülmüşdür. Yaxın günlərdə işlər başa çatdıqdan sonra büst yenidən həmin əraziyə qoyulacaqdır. Hər kəs tarixini də, ədiblərini də, ictimai-siyasi və dövlət xadimlərini də yaxşı tanıyır”.
Demə, Naxçıvan İH aydan-arı, sudan duru imiş, bütün günahlar da medianınmış.
Əvvəla, heykəl müvəqqəti götürülübsə, yerində niyə ağac əkilib? Harda görünüb ki, heykəli “müvəqqəti”, “təmir üçün” götürəndə yerində ağac əkirlər? Bu, hansı təmir-tikinti standartında nəzərdə tutulub?
İkincisi, bir zəhmət, işi görəndə əvvəlcədən ictimaiyyəti məlumatlandırın: nəyi, niyə sökürsünüz, hansı işlər görüləcək və s.
Üçüncüsü, media faktı dəqiqləşdirmək üçün İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İH-in açıqlamasını bir daha təqdim edək: “İcra Hakimiyyətindən bildirildi ki, heykəlin yerində nə olacağı hələ dəqiq bilinmir”.
Özünüz vaxtında məlumat yaymamağınız bir tərəfə, İH-dən bir nəfər tapılmadımı ki, mediaya büstün təmir üçün götürüldüyünü desin?
Sadəcə, bolşeviklərin uzun illər qadağan etdiyi, adını silməyə çalışdığı Nərimanovu bu xalqa kimin yenidən qazandırdığı, bu işi məhz Ümummilli lider Heydər Əliyevin gördüyü, Heydər Əliyevin bu addımına qarşı ermənilərin sovet vaxtı hay-küy qaldırıb, Azərbaycanda “nərimanovşina” başladığı haqda donoslar yazdığı üzə çıxandan sonra geri çəkilmisinizsə, bunu medianı şərləmədən və hədə-qorxu gəlmədən də demək olardı.
Bir yanlışı edib, medianı suçlamaq kimi pis ənənədən qurtulun!
Yeri gəlmişkən, heykəlin yerində ağac əkdiyinizi əks etdirən fotonu da təqdim edirik. Zəhmət olmasa, ikinci açıqlama yayın, görək, “təmir üçün” götürdüyünüz və “yaxın günlərdə” yerinə qaytaracağınız büstün yerində niyə ağac əkmisiniz?
axar.az