Finlandiyanın NATO-ya daxil olması Skandinaviya regionunda geosiyasi vəziyyətin dəyişəcəyi gəzlənilir.
İkinci Dünya müharibəsindən sonra Rusiya-Finlandiya münasibətlərində hökm sürən sabitlik gərginliklə əvəz olunacaq. Finlandiyanın NATO-ya qoşulması ilə alyansa üzv ölkələrin sayı 31-ə çatıb. Bu isə Rusiya-nın NATO ilə 1300 kilometr yeni sərhəddinin yaranması deməkdir. Rusiya Finlandiyanın bitərəf statusundan imtina edərək Şimali Atlantika Alyansına daxil olmasını strateji baxımdan özü üçün təhlükə hesab edir.
Çünki Finlandiya sərhədindən Sankt-Peterburqa 148 kilometr, Moskvaya olan məsafə isə 1000 kilometr təşkil edir. ABŞ-ın və NATO-nun ballistik raketlərinin və strateji hücum silahlarının Finlandiya ərazisində yerləşdirilməsi Rusiya üçün ciddi təhlükə olacaq.
Öz növbəsində, Finlandiya da NATO-ya daxil olmasını Rusiyanın hücumundan müdafiənin vacibliyi ilə əsaslandırır. Rusiya hakimiyyəti hələ 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başlayanda növbəti hədəflərindən birinin Finlandiyanı işğal etmək olduğunu gizlətmirdi. Bununla da Prezident Vladimir Putin NATO-ya "ayı xidməti" göstərmiş oldu və alyansın güclənməsinə şəriat yaratdı. Putinin Ukraynaya qarşı müharibəyə bağlaşmaqla NATO-nun şərqə doğru genişlənməsini əngəlləmək siyasəti əks-effekt verdi və neytral dövlətlərin alyansa qoşulmasına səbəb oldu. Finandiya artıq NATO-nun üzvüdür, İsveç isə Türkiyə ilə yaranmış fikir ayrılığını həll edəcəyi təqdirdə təşkilata daxil olacaq.
Nəticədə, Rusiyanın Fin körfəzi vasitəsilə Baltik dənizinə çıxışının qarşısı alınacaq. Daha doğrusu, Rusiya Baltik dənizindən yalnız mülki məqsədlərlə istifadə etmək imkanına malik olacaq. Rusiyanın hərbi gəmiləri isə NATO-nun ərazi sularına buraxılmayacaq. Bu da Rusiyanın Kalininqrad vilayəti ilə əlaqəsini məhdudlaşdıracaq. ABŞ-ın və NATO-nun raketləri Rusiyanın ən böyük şəhərləri olan Moskva və Sankt-Perterburqa tuşlanacaq. Bu səbəbdən, ABŞ Prezidenti Co Bayden isə Finlandiyanın NATO-ya daxil olması xəbərini sevinclə qarşılayıb. O bildirib ki, Finlandiyanın üzvlüyə qoşulması alyansı həmişəkindən daha güclü edəcək.
"Bu gün mən Finlandiyanı NATO-da salamlamaqdan qürur duyuram", - deyə Bayden qeyd edib.
ABŞ Prezidenti ən qısa zamanda İsveçin də NATO-ya qoşulacağına ümid etdiyini deyib. Onun sözlərinə görə, Ukraynada baş verənlər alyansı heç vaxt olmadığı qədər birləşdirib. NATO-nun Baş katibi Yens Stoltenberq isə Finlandiyanın müdafiəsinə təminat verən açıqlama ilə çıxış edib:
"Şimali Atlantika Müqaviləsinin müdafiəyə zəmanət verən beşinci maddəsi olan təhlükəsizlik zəmanətləri bu gündən Finlandiyaya da şamil edilir".
NATO-ya rəsmən üzv olması ilə əlaqədar Rusiya artıq özünün qərb və şimal-qərb bölgələrinə əlavə hərbi birləşmələr göndərmək niyyətini açıqlayıb. Ancaq siyasi ekspertlər Rusiyanın finlərə qarşı hücuma keçəcəyini inandırcı hesab etmir. Buna baxmayaraq, NATO ilə yeni və geniş sərhəd zolağının yaranması Rusiyanı öz raketlərinin, hava-desant qüvvələrinin, hərbi-dəniz donanmasının və aviasiyasının böyük bir qismini Finlandiya istiqamətində cəmləşdirməyə vadar edəcək. Bu isə Rusiyanın silahlı qüvvələrinin böyük hissəsini Ukrayna cəbhəsindən ayıraraq NATO-nun potensial hücumunun qarşısını almaq üçün şimala göndərməsi deməkdir. Finlandiyadan sonra İsveç də tezliklə NATO-ya daxil olacaq. Lakin Avstriya, İrlandiya və Maltanın da daxil olması ilə bağlı söz-söhbətlər var. Bütün bunlar isə Rusiyanın narahatlığını artırır.
Bu prosesdə ən çox divident götürən isə ABŞ-dır. Vaşinqton yalnız Rusiyaya qarşı geostrateji mövqelərini gücləndirmir, eyni zamanda Avropa İttifaqı üzərində zəifləmiş təsir imkanlarını artırmaq imkanı qazanır. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi və bitərəf dövlətlərin NATO-ya daxil olması təhlükəsizlik sahəsində Avropanın ABŞ-a ehtiyacını artırır. Xüsusilə Şərqi Avropa dövlətləri Rusiyanın hücumundan müdafiə olunmaq üçün NATO-nun genişlənməsində maraqlıdır. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Moskvanın qərb və şimal-qərb istiqamətində hərbi potensialın gücləndirilməsi istıiqamətində tədbrilərə başladığını deyib.
"NATO-nun digər üzvlərinin qüvvə və vasitələri Finlandiyada yerləşdiriləcəyi təqdirdə, biz Rusiyanın hərbi təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün əlavə addımlar atacağıq”, - deyə Qruşko bildirib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu da əks-tədbirlərin görüləcəyi ilə bağlı Finlandiyaya və NATO-ya xəbərdarlıq mesajları verib. O, ölkənin şimal-qərbində yeni hərbi dairələrin və diviziyaların yaradıldığından danışıb.
"Mən əvvəllər NATO-ya üzvlüklə bağlı müzakirələr zamanı da demişəm ki, hər bir ölkə siyasi vəziyyətin dəyişməsini nəzərə almalıdır”, - Şoyqu belə deyib.
Nazir qeyd edib ki, NATO ilə Rusiya arasındakı sərhədin 1300 kilometr uzadılması çoxlu dəyişikliyə səbəb olacaq. Siyasi ekspertlər hesab edir ki, Finlandiyanın ABŞ-ın hərbi müttəfiqinə çevrilməsi regiondakı mövcud vəziyyətə ciddi təsir göstərəcək. Rusiya Qərb Hərbi Dairəsinin gücləndirilməsinə işarə etsə də, bununla bağlı konkret qərarı yoxdur. Hazırda Rusiyanın diqqəti daha çox Ukrayna cəbhəsinə yönəlib. Aprel ayının sonları-mayın əvvəli Ukrayna işğal altıındakı əraziləri azad etmək üçün geniş miqyaslı əks-hücum əməliyyatına hazırlaşır. Bu halda Rusiya hərbi resurslarının böyük hissəsini hücumun qarşısını almaq üçün yenə Ukraynadakı döyüşlərə cəlb etməli olacaq. Ona görə də Finlandiya istiqamətinə NATO-ya qarşı əlavə qüvvələr yerləşdirmək Rusiya üçün ya çətin olacaq, ya da ikinci dərəcəli məsələyə çevriləcək. Üstəlik, Rusiya Ukrayna ilə 14-cü aydır davam edən müharibədə hərbi arsenalının xeyli hissəsini itirib. Hazırda Rusiyanın xəbərdarlığı daha çox bəyanatlar səviyyəsində müşahidə olunur. Rusiyanın bu regionda vəziyyəti nəzarətə götürmək imkanı yoxdur.
Müşfiq Abdulla
Cebhe.info