SSRİ-də Silahlı Qüvvələrin Baş Qərargahı 1921-ci ilin fevral ayında yaradılıb. Ölkədə bütün hərbi tədbirlər məhz bu qurum tərindən həyata keçirilib, yaxud da baş qərargahla razılaşdırılıb. Sovet-alman müharibəsi illərində isə baş qərargah fərqli iş rejimində fəaliyyət göstərib.
Baş qərargahın inzibati binası Moskvada Kirov küçəsində yerləşib. Sığınacaq kimi isə baş qərargah Moskva metrosunun Kirov stansiyadan istifadə edib. Qatarlar bu stansiyada dayanmadan keçiblər. Stansiyanın içərisində ayrı-ayrı iş otaqları düzəldilib. Hava həyəcanı siqnalı veriləndə Stalin və digər Kreml məmurları da özlərini bu sığınacaqda qoruyublar.
Müharibə dövründə baş qərargah birbaşa Ali Baş Komandana tabe olub. İkinci bir şəxs, hətta Kremlin ən yüksək ranqlı məmurları belə qərargahın işinə müdaxilə edə bilməyib. Baş qərargahda zabitlərin iş rejimini də Stalin müəyyənləşdirib. Məsələn, baş qərargah rəisinin müavinləri üçün 17-18 saat iş vaxtı müəyyənləşib. Onlara sutka ərzində əvvəlcədən müəyyən olunmuş 5-6 saat istirahət vaxtı verilib. Əməliyyat idarəsinin rəisi sutkada 15 saat xidməti yerində olub. Baş qərargah rəisi isə demək olar ki, sutkanın 24 saatını öz xidməti kabinetində keçirib. Rəislər əksər vaxtlarda istirahət saatlarını da baş qərargahdakı istirahət otaqlarında keçiriblər.
Müharibə başlanan gündən baş qərargah hər gün Stalinə üç dəfə hərbi əməliyyatlarla bağlı məruzə hazırlayıblar. Birinci məruzə Ali Baş Komandana saat 10-11 radələrində telefon vasitəsilə verilib. İkinci məruzə saat 16-17-də yazılı şəkildə təqdim edilib. Üçüncü məruzə isə gecə saatlarında baş qərargah rəisinin, müavinin və əməliyyat idarəsi rəisinin iştirakı ilə birbaşa Stalinin özünə edilib. Adətən gecələr müzakirələr bir neçə saat davam edib.
Qərargahın yüksək çinli hərbi vəsifəliləri gecə məruzələrinə üç ayrı-ayrı rəngdə olan qovluqla gediblər. Qırmızı qovluğa döyüş əməliyyatlarına əks etdirən sənədlər, imzalanacaq əmrlər, direktivlər, sərəncamlar, silah-sursat bölgüsü ilə bağlı cədvəllər qoyulub. İkinci dərəcəli saylan mavi qovluğa adətən hərbçilərin xahişlərini əks etdirən müraciətlər yığılıb. Həmin müraciətlər əvvəlcədən baş qərargahda çeşidlənib. Üçüncü yaşıl qovluqda isə təltiflər, rütbə və mükafatlar, yeni təyinatlar və yerdişmə ilə bağlı təqdimatlat toplanıb.
Stalin ilk növbədə qırmızı qovluqdakı sənədləri nəzərdən keçirib. Ali Baş Komandan bu qovluqdakı bütün məsələlərlə bağlı elə gecə saatlarında telefon vasitəsi ilə müvafiq göstərişlər verib. Digər iki qovluğa isə Stalin vaxtaşırı baxıb.
Müharibə illərində baş qərargaha üç nəfər rəhbərlik edib. 1941-ci ilin iyul ayından 1942-ci ilin may ayına qədər marşal Boris Şapoşnikov, 1942-ci ilin may ayından 1945-ci ilin fevral ayına qədər marşal Aleksandr Vasilevski, 1945-ci ilin fevral ayından isə ordu generalı Aleksey Antonov baş qərargahın rəisi vəzifəsinidə xidmət ediblər.
Stalin baş qərargahın zabitlərinə qarşı son dərəcə tələbkar və sərt olmaqla yanaşı, onların xidmətlərini də yüksək qiymətləndirib. Qərargahda xidmət edən zabitlər mütəmadi olaraq ali dövlət mükafatları, orden və medallarla təltif olunublar, bir neçə il qərargahda xidmət etdikdən sonra daha yüksək hərbi vəzifələrə təyinat alıblar.
1942-ci ilin may ayında, müharibənin ən ağır dövründə baş qərargaha rəis təyin edilən Aleksandr Vasilevski isə Stalinin ən çox güvəndiyi sərkərdələrdən biri sayılıb. Vasilevski müharibədən çox-çox sonralar, 1970-ci illərin əvvəllərində verdiyi müsahibələrdə baş qərargahın müharibə illərində fəaliyyəti ilə bağlı maraqlı açıqlamalar verib:
“Müharibənin ən ağır yükü cəbhə bölgələrindəki qoşunların üzərinə düşürdü. Ondan ağır yükü isə baş qərargah daşıyırdı. Qoşunların koordinasiyası, itkilərin yerinin doldurulması, silah-sursatla təminat, əməliyyat planlarının hazırlanması məhz baş qərargahın üzərinə düşürdü. Digər bir tərəfdən tələbkarlıq, Stalinlə işləmək də yetərincə böyük çətinliklər yaradırdı. Stalini hansısa bir məsələdə əmin etmək, inandırmaq müşkül məsələ idi. Mən baş qərargaha müharibənin ən ağır dövründə rəhbərlik etmişəm. Dəfələrlə Stalinlə mübahisə etmək, bir az da dəqiq ifadə etsəm, onun dedikləri ilə razılaşmayaraq, fikir mübadiləsi aparmaq məcburiyyətində də qalmışam. Müharibə ilə bağlı qərarlarda Stalinin səhvləri olub, bu. danılmaz faktdır. Amma o, bu səhvlərdən nəticə çıxarmağı da bacarıb. Onu da qeyd edim ki, Stalin mübahisəli məqamlarda təmkin və səbr nümayiş etdirirdi. Əsas məsələ o idi ki, dediklərini əsaslandırmağı bacarasan. Stalin qərargah zabitlərinə həssaslıqla yanaşırdı. Ciddi tələblər qoymaqla yanaşı. onların şəxsi həyatı, problemləri ilə də maraqlanırdı. Sözsüz ki, bu cür münasibət işimizin gərginliyini xeyli yüngülləşdirirdi. Mən həmişə Stalindən böyük qayğı görmüşəm. O, mənim xidmətimi həmişə yüksək qiymətləndirib. Bir dəfə müşavirədən sonra o, məndən qalmağımı xahiş etdi:
- Yoldaş Vasilevski, siz böyük bir orduya rəhbərlik edirsiniz və bu sizdə yaxşı alınır. Amma siz ömrünüz boyu bir milçəyi də incitməmisiniz, bu xarakterlə sizin orduya rəhbərliyiniz necə uğurla alınır?
Əlbəttə, bu mənim xidmətimə verilən yüksək qiymət idi...”
Marşal Vasilevski baş qərargah rəisi olsa da, o , müharibə illərində daha çox cəbhələrdə olub. Günlərin birində şimal cəbhəsində olanda marşal Stalindən teleqram alıb:
“Yoldaş Vasilevski, bu gün avqustun 17-dir, gecə saat 3.30-dur. Mən hələ də avqustun 16-sı üçün döyüş şəraiti ilə bağlı sənədləri almamışam. Əgər belə davam edəcəksə, mən sizin cəbhə bölgələrinə ezamiyyətlərinizə qadağa qoyacağam...”
Bəli, Stalin müharibə illərində baş qərargahın fəaliyyətini bir dəqiqə olsun belə nəzarətdən kənar saxlamayıb. Yəqin ki, alman faşizmi üzərində qələbənin təmin olunmasında bu nəzarətin də böyük rolu olub.
İlham Cəmiloğlu, Musavat.com