Şirvanın icra başçısı “Rəsulzadə” küçəsinin adını niyə dəyişdirib? - “Vətəndaşlar müraciət etdi ki…” - RƏSMİ

5-04-2023, 17:52   


Şirvanın icra başçısı “Rəsulzadə” küçəsinin adını niyə dəyişdirib? - “Vətəndaşlar müraciət etdi ki…” - RƏSMİ


Şirvan şəhərində Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan küçənin adı dəyişdirilərək, "İstiqlaliyyət" adlandırılıb. 

Demokrat.az saytının məlumatına görə, bununla bağlı Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tapşırıq verib. İcra başçısı İlqar Abbasov sözügedən küçənin adının dəyişdirilməsi ilə bağlı işləri bacanağı və köməkçisi olan Etibar Yolçiyevə həvalə edib.

İcra başçısının bu addımı Şirvan şəhər sakinlərinin ciddi narazılığına səbəb olub. Belə ki, şəhər sakinləri sözügedən küçənin 30 ildir Rəsulzadənin adını daşıdığını bildiriblər. 

Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətinin əməkdaşı Rafael Nəsirov Cebhe.info-ya açıqlamasında küçənin adının sakinlərin müraciəti əsasında dəyişdirildiyini deyib: 

“Şirvan şəhər ərazisində yenə də Məhəmməd Əmin Rəsulzadə adına küçə var. Sadəcə, Zülfi Hacıyev və Xaqani küçəsinə qədər olan hissə “İstiqlaliyyət” küçəsi adlanır. Bunun da səbəbi elə birbaşa Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlıdır. 1918-ci il may ayının 28-də Milli Şura tərəfindən “İstiqlal” bəyannaməsi qəbul olunub. Həmin bəyannamənin şərəfinə və çoxsaylı vətəndaş müraciəti əsasında küçənin Zülfi Hacıyev küçəsindən Xaqani küçəsinə qədər olan hissə “İstiqlaliyyət prospekti” adlandırılıb. Şirvan şəhərində Cümhuriyyət dövrünə olan hörmət və ehtiram əlaməti kimi küçənin adı dəyişdirilib”. 

Qeyd edək ki, küçənin adının dəyişdirilməsi ilə bağlı vətəndaş müraciətlərinə dair sənədlərin surətinin göndərilməsi ilə bağlı Şirvan Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Lakin sorğumuza hələ cavab gəlməyib. 

Günay Şahmar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.