ABŞ və Qərbin Rusiya ilə hərbi-siyasi qarşıdurması hər iki tərəfin "zəif nöqtələr"ini ortaya çıxartmağa başlayıb. Rusiyanın hərbi-siyasi dairələrində ciddi parçalanmanın olduğu artıq qətiyyən şübhə doğurmur. Kremldə yüksək ranqlı məmurlar arasında olan amansız mübarizə artıq hərbi sektora da sıçrayıb. Rusiya ordusu və "Vaqner"in vahid mərkəzdən idarə edilən hərbi güc prinsiplərindən uzaqlaşaraq, Ukrayna savaş poliqonunda ən azından rəqabət içərisində olduqları indi hər kəsə məlum reallıqdır.
Nə qədər qəribə də olsa, təxminən oxşar proseslərin ABŞ hərbi-siyasi dairələrində də cərəyan etdiyi müşahidə olunur. Belə ki, ABŞ hərbi-siyasi dairələrində Ukrayna savaşına münasibətdə vahid mövqe mövcud deyil. Son vaxtlar ABŞ-ın Ukrayna savaşına xərclədiyi onmilyardlarla maliyyə vəsaitinin hesabatı daha israrla tələb olunur. Bayden adminstrasiyası ABŞ-ın maliyyə resurslarını ölkənin mənfəətlərindən kənar məqsədlərə xərcləməkdə suçlanır. Və hazırda ABŞ siyasi dairələrində Ukrayna savaşının bu ölkəyə vurduğu ziyanın hesablanmasını, rəsmi Kiyevə hərbi dəstəyin dərhal dayandırılmasını tələb ediblər kifayət qədərdir.
Maraqlıdır ki, Bayden adminstrasiyasının Ukrayna savaşına münasibətdə tutduğu mövqeyə sərt şəkildə müqavimət göstərən siyasi dairələr Ağ Evin ABŞ üçün ziyanlı hesab etdikləri fəaliyyətinin ifşasına da cəhd göstərirlər. Ağ Evə problem yaratmağa çalışan siyasi dairələrin Pentaqonda da müdafiəçilərinin olduğu artıq inkaredilməz reallıqdır. Yəni, ABŞ generalitetində Bayden adminstrasiyasının Ukrayna savaşını əsas xarici siyasət prioritetləri sırasında önə çıxartmasından narazı olanlar mövcuddur.
Hər halda, son vaxtlar bir-birinin ardınca Pentaqona aid məxfi sənədlərin sosial şəbəkələrdə yayılması belə düşünməyə əsas verir. Həmin sənədlərdə Pentaqonun Ukrayna savaşı, Yaxın Şərq və Çin ilə bağlı planları öz əksini tapıb. Belə məxfi və önəmli sənədlərin yayılması ilk növbədə ABŞ-ın beynəlxalq hədəflərini ağır zərbə altında qoymuş olur. Və bu, birmənalı şəkildə ABŞ hərbi-siyasi dairələrində ciddi daxili qarşıdurmanın doğurduğu neqativ nəticə də hesab oluna bilər.
Məsələ ondadır ki, hazırda ABŞ Müdafiə Nazirliyinin yüzdən artıq məxfi sənədi Ağ Evin beynəlxalq rəqabləri də daxil olmaqla, hər kəs üçün əlçatandır. Bu məxfi sənədlərin məzmunu Rusiya üçün də böyük önəm daşıyır. Çünki indi Kreml Ukrayna ordusunun əks hücum əməliyyatlarına hazırlıq səviyyəsini Rusiya kəşfiyyatının məlumatlarına ehtiyac duymadan öyrənmək imkanları qazanıb. Həmin sənədlərdən birində ABŞ və NATO-nun Ukrayna ordusunun gücləndirilməsinə yönəlik planları, 12 yeni briqadanın döyüş hazırlığı təfsilatı ilə təsvir olunur.
Digər tərəfdən, məxfi sənədlər Ukrayna ordusunun əks hücum əməliyyatlarına hazır olacağı zaman intervalını təxmin etməyə də imkan verir. Belə ki, sənədlərə görə, 6 briqadanın mart ayında, digərlərinin isə aprelin sonunda hazırlıq prosesini yekunlaşdırması planlaşdırılır. Bu qədər önəmli məlumatlardan belə asanlıqla qarşı tərəfin - Rusiyanın xəbərdar ola bilməsi Ukrayna savaşının sonrakı inkişaf istiqamətlərunə birbaşa təsir göstərə bilər. Ona görə də, baş verənlərdən ciddi şəkildə narahatlıq keçirən Ağ Ev indi bu xəyanətin qaynağını araşdırmaqla məşğuldur. Çünki bəzi sənədlərin məzmunu hətta ABŞ-ın milli təhlükəsizlik maraqlarını belə, təhdid edir.
Maraqlıdır ki, hazırda Rusiya hərbi-siyasi dairələrində Pentaqonun məxfi sənədləri diqqətlə təhlil olunur. Bəzi məlumatlara görə, Kremldə Ukrayna ordusunun əks hücum əməliyyatlarının başlaya biləcəyi zaman intervalını müəyyən etmək üçün məhz bu sənədlərdən istifadə etməyə çalışırlar. Hələlik, Kremldə gəlinən qənaət ondan ibarətdir ki, əgər, Ukrayna ordusunun yeni 12 briqadasının hazırlıq prosesi aprelin sonunda yekunlaşacaqsa, deməli, əks hücum əməliyyatları da təxminən may-iyun aylarına təsadüf edə bilər. Üstəlik, hər briqadada 5 min hərbiçinin olduğu nəzərə alan Rusiya generalitetində Ukrayna ordusunun təxminən 60 minlik canlı qüvvə ilə hücuma başlayacağına əmindir.
Maraqlıdır ki, Kremlə yaxın siyasi dairələrində olan qənaətə görə, rus generaliteti Ukrayna ordusunun əks hücum əməliyyatlarında ilk sarsıdıcı dalğanın məhz Rusiya hərbi komanda məntəqələrinə, hava hücumundan müdafiə sistemlərinə ediləcəyini düşünür. İlk mərhələdə Ukrayna ordusunun yüzlərlə zərbə PUA-larından istifadə edəcəyi gözlənilir. Və belə sarsıdıcı hərbi zərbəyə tab gətirmək üçün Rusiya ordusunun artıq müdafiə planlarına yenidən düzəlişlər etməyə başladığı iddia olunur.
Digər tərəfdən, rus generalitetində Ukrayna ordusunun əsas hərbi hədəfləri istiqamətində müdafiə istehkamlarının möhkəmləndirilməsi və qoşunların yenidən qruplaşdırılmasına da böyük önəm verilir. Rusiya hərbi komandanlığı əsas hücum istiqamətinin Krım yarımadası olacağı qənaətindədir. Rusiyanı Krım yarımadası ilə birbaşa birləşdirən "Putin körpüsü"nün ilk zərbələrlə dağıdıla biləcəyi ehtimal olunur. Əgər, bu, baş verərsə, rus generaliteti Krım yarımadasının müdafiəsində ciddi problemlərin olacağını nəzərə alır. Və bu istiqamətdə sarsıdıcı zərbəyə elə indidən ciddi şəkildə hazırlaşır.
Bütün bunlar onu göstərir ki, Pentaqonun məxfi sənədlərinin yayılması Kremlə Ukrayna ordusunun əks hücum əməliyyatları barədə aydın təsəvvürlərlə müdafiə planları qurmaq imkanları qazandırıb. Ona görə də, Ağ Evə yaxın siyasi dairələr ABŞ-ın sirlərinin açılmasını dövlətə xəyanət aksiyası kimi dəyərləndirirlər. Onların fikrincə, siyasi rəqiblər bu addımı atmaqla, ABŞ-ın milli təhlükəsizlik hədəflərini ciddi zərbə altında buraxıblar. Və bu, ABŞ-ın siyasi sisteminin parçalanması anlamına gəlir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu