Avropa Birliyində qiyam planları qurulur: Çin ABŞ-a xəyanət edən daha bir ölkəni öz yanına çəkir

10-04-2023, 19:00   


Ağ Evdən ABŞ-ın özünə supergüc imici yaratmağa çalışan Fransaya ehtiyacı olmadığı barədə mesaj alan prezident Emmanuel Makron indi də ölkəsini Çinə yaxınlaşdırmağa çalışır... Rəsmi Paris Avropa Birliyini ABŞ-Çin qarşıdurmasına bulaşmaqdan yayınmağa və Ağ Evin vassalına çevrilməmək üçün sona qədər müqavimət göstərməyə çağırır...

Yeni dünya düzəninin "inşa"sına başlanılıb. Əksər beynəlxalq siyasi iradə mərkəzləri bu düzənin yaxın beş il ərzində reallığa çevrilməyə başlayacağını iddia edirlər. Və bu yeni dünya düzəni ilə bağlı beynəlxalq hərbi-siyasi proseslər hazırda heç də bütün ölkələri məmnun etmir.

Məsələ ondadır ki, bəzi dünya ölkələri supergüclərin yeni düzən qurmaq planlarından həm narahat, həm də narazıdırlar. Çünki həmin ölkələr yeni dünya düzəninin prinsiplərini və şərt-qaydalarını təsəvvür etməkdə çətinlik çəkirlər. Əsas qənaətlər ondan ibarətdir ki, yeni dünya düzəni hazırda mövcud olan beynəlxalq siyasi sistemdən qətiyyən daha ədalətli olmayacaq.

Halbuki dünyanın indiki siyasi sistemi də ədalətli deyil. Daha çox supergüclərin strateji maraqlarına xidmət edir. Üstəlik, mövcud beynəlxalq siyasi sistem ciddi şəkildə köhnəlib və müasir dövrün tələblərinə qətiyyən cavab vermir. Xüsusilə də, BMT Təhlükəsizlik Şurasının cəmisi beş veto hüquqlu daimi üzvün - ABŞ, Böyük Britaniya, Rusiya, Çin və Fransanın təsiri altında qalması dünyanın geri qalan hissəsi üçün ciddi problemlər yaradır.

 

Təbii ki, bu baxımdan, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "dünya beşdən böyükdür" tezisi mövcud beynəlxalq qaydaların köhnəldiyini tam dəqiqliyi ilə ifadə edir. Çünki son onilliklərdə dünya ölkələri arasında qüvvələr nisbəti ciddi şəkildə dəyişməyə başlayıb. Bəzi ölkələr hərbi-siyasi və maliyyə-iqtisadi cəhətdən güclənərək, yeni beynəlxalq iradə mərkəzlərinə çevrilməyə nail olublar. Eyni zamanda, hələ də mövcud dünya düzənində avanqard mövqe tutan ölkələrin sırasında isə zəifləyərək, öz beynəlxalq əhəmiyyətini itirməkdə olan dövlətlər mövcuddur.

Məsələ ondadır ki, belə vəziyyətdə zəifləyən ölkələrin hələ də dünyanın taleyini müəyyən etməsi, güclənən dövlətlərin isə bununla barışmaq məcburiyyətində buraxılması kifayət qədər ciddi ziddiyyətlər yaradır. Beynəlxalq məkanda belə kəskin ziddiyyətlər isə mütləq yeni müharibələrə yol açır. Ukrayna savaşını da müəyyən mənada analoji beynəlxalq ziddiyyətlərin nəticəsi hesab etmək olar. Savaş ərəfəsində Rusiya öz beynəlxalq əhəmiyyətini sürətlə itirməyə başlamışdı. Ona görə də, Kreml Rusiyanın beynəlxalq mövqelərini bərpa edib, qorumaq üçün Ukraynaya qarşı savaşa başladı, dünyaya meydan oxumaq niyyətinə düşdü.

Ancaq heç də hər şey Rusiyanın planlarına uyğun getmədi. Əksinə, dünyaya meydan oxuya biləcəyinə ümid bəsləyən Kreml məğlub duruma salınaraq, Rusiyanın sərhədləri içərisinə həbs olundu. Əgər, belə davam edərsə, Rusiya bundan sonra beynəlxalq məkanda heç bir dövlət tərəfindən ciddiyə alınmayan ölkəyə çevrilə bilər. Və bu, dünya düzənində tarazlığın ciddi şəkildə pozulmasına yol aça biləcək önəmli dəyişiklikdir.

Ancaq Rusiyanın beynəlxalq siyasi sistemdən kənara itələnməsi yeganə geopolitik tarazlıq dəyişikliyi deyil. Rusiyanın yanına Fransanı da əlavə etmək mümkündür. Son hadisələr göstərir ki, Fransanın da supergüc imici Kremlin Rusiyanın qüdrəti barədə uydurduğu hərbi-siyasi miflərdən o qədər də fərqlənmir. Hər halda, Fransa iqtisadiyyatının inkişafı barədə mülahizələrin həddindən artıq şişirdilmiş olduğunu elə Qərb siyasi dairələrində də açıq etiraf etməyə başlayıblar. Fransa iqtisadiyyatı Afrika qitəsindəki müasir müstəmləkələrin sərvətinlərinin talan edilməsi hesabına ayaqda dururdu. Son vaxtlar rəsmi Paris həmin müstəmləkə ölkələrə nəzarəti itirməyə başladığından Fransa iqtisadiyyatı çöküş mərhələsinə keçid etməkdədir.

 

Hazırda sosial-iqtisadi böhrana düçar olduğundan ölkədaxili kütləvi etiraz dalğası və iğtişaşlarla üzləşən Fransa mövcud situasiyadan çıxış yolları axtarır. Rusiyanın taleyini təkrarlamaq istəməyən rəsmi Paris Fransanın dünya məkanında mövcud olan mövqelərini qorumaq üçün müxtəlif manevrlər etməyə çalışır. Üstəlik, rəsmi Parisin manevrləri çoxvektorlu xarakter daşıyır. Və indiyə qədər həmin manevrlərin uğurlu olduğunu iddia etmək üçün isə elə bir ciddi əsas yoxdur.

Məsələ ondadır ki, prezident Emmanuel Makron əvvəlcə bütün ümidlərini ABŞ-la daha sıx tərəfdaşlığa bağlamışdı. Ancaq onun ABŞ-a son səfəri rəsmi Parisin bu ümidlərini puça çıxardı. ABŞ siyasi dairələri prezident E.Makrona anlatdılar ki, Ağ Evin özünə supergüc imici yaratmağa çalışan Fransaya ehtiyacı yoxdur. ABŞ üçün Ağ Evdən gələn təlimatları tam dəqiqliyi ilə və vaxtında yerinə yetirməyə olan Fransa daha məqbuldur. Və rəsmi Parisin bundan artığına ümid bəsləməsi isə tamamilə mənasızdır.

Təbii ki, prezident Emmanuel Makronun Ağ Evdə aldığı məyusedici mesajların təsiri Fransanın sonrakı xarici siyasət kursunda özünü qabarıq şəkildə göstərməyə başladı. Belə ki, rəsmi Paris ABŞ-ın israrla davam etməsinə çalışdığı Ukrayna savaşının dayandırılmasına yönəlik cəhdlərlə diqqəti çəkdi. Prezident Emmanuel Makron Rusiya ilə sülh prosesinin başladılması istiqamətində tərəfdaşlar axtarmağa üstünlük verdi. Almaniya və İtaliyanın bu məsələdə Fransaya dəstək verməsi isə Avropa Birliyinin ABŞ-a qarşı çıxa biləcəyinin ilkin əlamətlərinə çevrildi.

Ona görə də, hazırda ABŞ və Fransa arasında qarşıdurmanın səhnə arxasında daha da sərtləşməsi qətiyyən təəccüblü deyil. Hətta rəsmi Paris son vaxtlar Fransanı bürüyən kütləvi etiraz dalğasını və iğtişaşları ABŞ-ın törətdiyinə yönəlik eyhamlar da vurmaqdadır. Bu baxımdan, NATO üzrə müvafiq olan ABŞ və Fransa arasında kəskin rəqabətin yaxın vaxtlarda daha açıq müstəviyə keçə biləcəyi də qətiyyən istisna deyil.

 

Hər halda, rəsmi Parisin son geopolitik manevrləri belə düşünməyə əsas verir. Belə ki, prezident Emmanuel Makronun rəsmi Pekin ilə yeni təmaslara can atması kifayət qədər maraqlı proseslərin başlamaq üzrə olduğunu sezdirir. Prezident Emmanuel Makronun Çinə səfəri isə ABŞ-a qarşı növbəti geopolitik zərbə hesab oluna bilər. Çünki Çin lideri Si Tszinpin ilə qapalı qapılar arxasında görüşdən sonra prezident Emmanuel Makron Ağ Evi qətiyyən məmnun etməyəcək müəmmalı açıqlamalar verməklə, diqqəti çəkir.

Məsələ ondadır ki, Pekindən qayıtdıqdan sonra prezident Emmanuel Makron Avropa Birliyinin ABŞ dollarından azaltmalı olduğunu daha açıq şəkildə gündəmə gətirib. Onun fikrincə, Avropa Birliyi ABŞ-ın vassalına çevrilmək istəmirsə, onda Ağ Evin bu məqsədlə etdiyi bütün təzyiqlərə daha qətiyyətlə müqavimət göstərməlidir. Və bütün bunlar onu göstərir ki, rəsmi Paris ABŞ-a qarşı Çin ilə ortaq fəaliyyətə nəinki meyllidir, hətta buna artıq tamamilə hazırdır.

Buna əmin olmaq üçün prezident E.Makronun ABŞ üçün "qırmızı cizgilər" hesab olunan mövzulara yanaşma tərzinə diqqət etmək kifayətdir. Belə ki, Fransa prezidenti Avropa Birliyini Tayvan problemi ucbatından ABŞ və Çin arasındakı qarşıdurmaya bulaşmamağa çağırıb. Onun fikrincə, Avropa Birliyinin üzləşdiyi ən böyük təhlükə bu quruma birbaşa aidiyyatı olmayan böhtanlara qarışmasından qaynaqlanır. Və bu, Avropa Birliyinin Ukrayna savaşına münasibətdə yürütdüyü Rusiya əleyhinə siyasətin yanlış olduğuna dolayısı eyhamdır.

Bütün bunlardan belə nəticə çıxartmaq olar ki, ABŞ və Fransa arasında ziddiyyətlər artıq qarşıdurma mərhələsinə keçmək üzrədir. Prezident Emmanuel Makron Fransanı ABŞ-a qarşı Çinin patronajlığı altında qurulmaqda olan əks düşərgəyə yerləşdirməyə xüsusi həvəs göstərir. Üstəlik, prezident E.Makronun Çin lideri Si Tszinpinə Avropa Birliyini ABŞ-ın əleyhinə mövqe tutmağa sövq edə biləcəyini vəd etdiyini də düşünmək olar. Hər halda, Fransa prezidenti öz açıqlamasında Avropa Birliyini açıq mətnlə ABŞ-a qarşı müqavimət göstərməyə, daha dəqiq desək, qiyam etməyə çağırır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar