Laçında təxribat: Paşinyana cəza, yoxsa divident?

14-04-2023, 14:29   


Laçında təxribat: Paşinyana cəza, yoxsa divident?


Ermənistan Prezidenti Vaahn Xaçaturyan Baş naziri Nikol Paşinyanın təqdimatı əsasında Arman Maralçyanı Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının rəisi vəzifəsindən azad edib. 

Bununla da Ermənistan hakimiyyəti aprelin 11-də Laçın istiqamətində törətdiyi hərbi təxribatdan sığortalanmağa çalışıb. Əslində, Maralçyanın istefaya göndərilməsi Azərbaycan hərbçilərinin qeyri-döyüş şəraitində qətlə yetirilməsinə görə, cinayət əməlinin Ermənistan tərəfindən rəsmi etirafı kimi qiymətləndirilə bilər. Çünki təxribatın baş verdiyini əks etdirən videogörüntülərdə Azərbaycan hərbçilərinin dinc yolla vəziyyətə aydınlıq gətirmək, şifahi xəbərdarlıq etmək məqsədilə qanunsuz tikinti işləri aparan Ermənistan hərbçilərinə yaxınlaşdığı görünür. Lakin Ermənistan tərəfi ərazidə nə üçün səngər qazılması ilə bağlı Azərbaycan hərbçilərinin sualına qarşıdurma yaratmaq və atəş açmaqla cavab verib. 

Nikol Paşinyanın Arman Maralçyanı tutduğu vəzifədən qovması göstərir ki, o, şəxsən videogörüntülərə baxıb, hadisə ilə bağlı Baş nazirə ətraflı məruzə edilib. Günahın Ermənistan ordusunda oduğunu görən Paşinyan səhvə yol verənləri sərhəd qoşunlarının komandanını işdən çıxartmaqla cəzalandırıb. Paşinyanın etirafı növbəti dəfə belə təxribatların baş verməməsi üçün preventiv xarakterli inzibati tədbir kimi qiymətləndirilə bilər. Ancaq ölkə rəhbərliyinin bu addımı daha çox baş vermiş hadisənin məsuliyyətini Maralçyanın üzərinə atmaq məqsədi daşıyır. Halbuki həmin vaxt ərazidə sərhəd qoşunları deyil, Ermənistan ordusunun xüsusi təyinatlı bölmələri olub. Azərbaycan hərbçilərinə atəş açılması əmrini də həmin vaxt erməni əsgərlərin yanında olan xüsusi təyinatlıların korpus komandiri Armen Gözəlyan verib. 

Ermənistan rəhbərliyi Arman Maralçyanı qurban verməklə, sanki üzrxahlıq görüntüsü yaratmaq istəyir. Qeyd edək ki, Ermənistanın sərhəd qoşunları xüsusi hərbi struktur kimi mövcud deyil. Sərhəd qoşunları Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tərkibinə daxildir. Nikol Paşinyan hökumətin aprelin 6-da keçirilən iclasında bildirib ki, Gorunzor-Dığ (ermənilər Kornidzor-Tex deyir-red.) avtomobil yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın dəhlizinə gedən marşrut dəyişdiriləcək. Baş nazir deyib ki, Ermənistan-Azərbaycan sərhədinin 12 kilometrlik hissəsinin 7 kilometri tərəflər arasında razılaşdırılıb və 5 kilometri boyunca işlər davam etdirilir. Baş nazir onu da deyib ki, 12 kilometrlik sərhəd xəttinin mühafizəsini Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları öz üzərinə götürməlidir. 

Ona görə də Dığ kəndi istiqamətində baş vermiş təxribata görə məsuliyyət ilk növbədə, Paşinyanın üzərinə düşür. Çünki atəşkəsin pozulması göstərdi ki, Paşinyanın tapşırığına baxmayaraq, sərhəd qoşunları əraziyə göndərilməyib. Əksinə, Ermənistan ordusunun xüsusi təyinatlıları Azərbaycanın hərbi postu ilə üzbəüz mövqelərə yerləşdirilməklə gərginliyin artmasına şərait yaradılıb. Bu faktı Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan da etiraf edib. Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı bildirib ki, Azərbaycan Ordusunun bölmələrini Dığ kəndindəki mövqelərindən sıxışdırıb çıxartmaq cəhdi genişmiqyaslı müharibəyə çevrilə bilər.

“Sərhəd qoşunlarının genişmiqyaslı hücuma qarşı dayanmaq və ya ümumqoşun tapşırıqlarını yerinə yetirmək üçün imkanları və resursları yoxdur. Azərbaycan mövqelərində dişinə qədər silahlanmış hərbçilər olanda, təbii ki, bizim tərəfdə də hərbi hissələr olmalıdır”,- Xaçatryan jurnalistlərə belə deyib. 

Göründüyü kimi, Ermənistan tərəfi təxribatın baş verdiyi əraziyə sərhəd qoşunlarının deyil, ordu bölmələrinin yerləşdirilməsinin, hərbi resurslarının çatışmazlığı ilə əsaslandırmağa çalışır. O zaman nə üçün Maralçyanın hədəfə alınması sual doğurur. Ortada 7 nəfərin ölümü və 10 nəfərin yaralanması ilə nəticələnmiş konkret cinayət əməli var. Bu özbaşınalığa isə Ermənistan ordusunun zabit və əsgər heyəti, ilk növbədə isə korpus komandiri Gözəlyan yol verib. Baş nazir Paşinyan aprelin 12-də parlamentdə çıxışı zamanı hələ də Ermənistan ordusunda “5-ci kolon”un olduğunu deməklə bu təxribatın arxasında xarici dövlətlərin dayandığına işarə edib. Bu baxımdan, nəzərlər daha çox Ermənistan ordusu üzərində güclü təsirə malik olan Rusiyaya yönəlir. Paşinyan komandirlərə qanunsuz addımlar atmağa icazə vermədiyini, bəzi komandirlərin digər yerlərdən bu barədə göstəriş aldıqlarını iddia edib. Bununla da Baş nazir təxribat sifarişinin bölgədə münaqişənin yaranmasında maraqlı olan kənar qüvvələrdən gəldiyi barədə mesaj verir. Ancaq onun fikirlərində paradoks açıq müşahidə olunur. Əgər Paşinyan ordu daxilində satqınların olduğunu bilirsə və sərhəddəki hərbi təxribatın xarici dövlətin gizli tapşırığı əsasında həyata keçirildiyi barədə məlumata malikdirsə, o zaman cinayətə yol vermiş hərbçiləri məsuliyyətə cəlb etməlidir. Çünki həmin zabitlər və əsgərlər səlahiyyət həddini aşaraq qeyri-döyüş şəraitində çoxsaylı insanın ölümünə səbəb olan əmələ yol verib. 

Lakin Paşinyan baş vermiş hadisə ilə bağlı cinayət işinin açılması və istintaqın aparılması barədə göstəriş vermək əvəzinə, əraziyə dislokasiya olunmamış sərhəd qoşunlarının komandanını işdən çıxartmaqla problemi həll olunmuş hesab edir. Bu isə gərginliyin qalması və eskalasiyanın yenidən təkrarlanması üçün zəmin yaradır. Əslində, Paşinyanı narazı salan baş vermiş təxribat səbəbləridir. Nəticə etibarı ilə Ermənistan hakimiyyəti silahlı toqquşmadan siyasi divident götürməyə çalışır. Belə ki, Azərbaycan-Ermənistan şərti sərhədindəki bütün strateji əhəmiyyətli yüksəkliklərə və yollara Azərbaycan Ordusu nəzarət edir. Azərbaycan həmin əraziləri heç vaxt tərk etməyəcək və hətta delimitasiya prosesində də Ermənistana güzəştə getməyəcək. Ermənistanın isə həmin mövqeləri Azərbaycanın əlindən almaq üçün güclü ordusu yoxdur. Ona görə də rəsmi İrəvan 2021-ci il may ayından başlayaraq Azərbaycan Ordusunun, guya Ermənistan ərazilərini işğal etməsi barədə informasiya müharibəsinə başladı. 

2022-ci ilin sentyabr ayında Kəlbəcər istiqamətində baş vermiş döyüşlərdən sonra Ermənistanın Avropa İttifaqının müşahidə missiyasını sərhədə gətirməsi də bu kampaniyanı gücləndirmək və Azərbaycana qarşı beynəlxalq təzyiqləri artırmaq yolu ilə həmin əraziləri geri almaq məqsədi daşıyırdı. Ancaq bu informasiya müharibəsi siyasi müstəviyə keçmədi və avropalı müşahidəçilər Ermənistanın planları üzrə hərəkət etmədi. Son günlər missiya üzvlərinin hesabatların bir nüsxəsini Azərbaycana göndərməsi barədə məlumatların ortaya çıxması erməniləri məyus edib. Ona görə də Ermənistan sərhəddə süni gərginlik yaratmaqla münaqişənin “güzgü prinsipi” əsasında aradan qaldırılması təklifini gündəmə gətirməyə çalışır. Paşinyan bununla Azərbaycan Ordusunun simmetrik qaydada hazırki mövqelərindən geri çəkilməsinə nail olmağa çalışır. 

Qeyd edək ki, Ermənistan 44 günlük müharibədən və sonrakı dövrdə baş verən hərbi əməliyyatlar zamanı işğal dövründə zəbt etdiyi Azərbayacana məxsus mövqelərdən geri çəkilib. Yəni hər hansı ərazi itirməyən Ermənistan Azərbaycanın öz mövqelərindən 1 kilometr geri çəkilməsini istəyir. Paşinyan “güzgü prinsipi”nin tətbiq edildiyi sərhəd zonasına beynəlxalq müşahidəçilərin yerləşdirlməsini təklif edir. Avropalı müşahidəçilərə isə Ermənistan ərazisində fəaliyyət göstərmək mandatı verilib. Paşinyan beynəlxalq missiyanı Azərbaycana məxsus mövqelərə yerləşdirməklə dolayısı ilə həmin ərazilərdə Ermənistanın iddiasını rəsmiləşdirməyə çalışır. 

Müşfiq Abdulla
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar