Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Professordan maraqlı açıqlama: Xəzərdən təkcə içməli su yox, həm də qızıl almaq olar

14-04-2023, 17:41   


Professordan maraqlı açıqlama: Xəzərdən təkcə içməli su yox, həm də qızıl almaq olar


Ölkə başçısı tərəfindən "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" Sərəncam imzalanıb.

Sənəddə Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, son vaxtlar ölkədə Kür çayının suyunun azalması, əkinçiliklə bağlı vətəndaşların su çatışmazlığı ilə üzləşdiyi, paytaxtın bir sıra ərazilərində suyun ancaq günün müəyyən saatlarında verilməsi kimi problemlərin olduğu bildirilir. 

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması su təminatının yaxşılaşdırılmasında hansı rolu oynayacaq? 

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru, professor Əmir Əliyev Cebhe.info-ya son illərdə dünyada qlobal istiləşmə prosesi nəticəsində yağıntıların miqdarının azaldığını, bu, bizim ölkədə də özünü göstərdiyini deyib: 

“Ölkədə su ehtiyatı çox azdır və 30-32 kub/kilometr hesab olunur. Tələbat çoxdur və ona görə də bizə hər zaman su lazımdır. Bizim ölkəyə, xüsusilə Kür çayına suyun 70-80 faizi kənardan formalaşıb gəlir. Digər problem isə odur ki, gələn suyu da qənaətlə işlətmirik. Küçələrin, ağacların sulanmasına, maşınların yuyulmasına, kanalizasiya sisteminə içməli suyu istifadə edirik. Bunun qarşısını almaq üçün Xəzər dənizindəki suyu duzsuzlaşdırıb istifadə etmək olar. Dünyada bu təcrübə çoxdur. Bu istiqamətdə zavodlar fəaliyyət göstərir.

Salyan rayonunun Xıdırlı kəndində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dəniz Suyunun Düzsuzlaşdırılması zavodu tikib. Orada gündə 5 min ton su duzsuzlaşdırmaq olur. Ondan da Ələt ərazisində yaşıllıqların suvarılmasında istifadə edilir. Ümumiyyətlə, ölkədə bu təcrübədən istifadə etmək olar. Həmin zavodlardan 10-15-i, xüsusilə də Bakı və Sumqayıt ərazisində tikilsə yaxşı olar. Belə yaxın ərazidə tikilsə, xərc də az olacaq. Belə zavodları böyütmək də olar. Onların suyundan istifadə etməklə digər suya qənaət etmiş oluruq”. 

Professor deyib ki, dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı Qazaxıstan təcrübəsi var: 

“Orada 1960-cı illərdə atom enerjisi ilə işləyən zavodlar tikilib və onlar başqa texnologiya tətbiq edirdi. Dəniz suyunu buxarlandırır, sonra da soyudurdular. Bu zaman damçıları da duzsuz olurdu və ondan istifadə edirdilər. Mən Manqışlaq yarımadasında olmuşam, orada milyondan çox əhali yaşayır və onların hamısı bütün sahələrdə bu sudan istifadə edir. Bizdə də dənizin kənarında belə zavodlar tikilsə, içməli suya xeyli qənaət edərik.

Bakıya içməli su Ceyranbatandan və Qəbələdən gəlir ki, bu da baha çıxır. Taxtakörpüdən gələn suyun həcminin 50 faiz azaldığı deyilir, Qəbələ suyu da azalıb. Xarici ölkələrdə krantı açdıqda bir tərəfdən içməli su, digər tərəfdən texniki su gəlir. Biz də belə istifadə etsək, xeyli qənaət etmiş olarıq. Onda suyun da qiyməti ucuz ola bilər. Hazırda baha başa gəlməsindən istifadə edib suyun qiymətini artırırlar. Xəzər dənizində 78 min kub/kilometr su var. O, bizim su anbarımızdır. Ondan həmişə istifadə etmək lazımdır”. 

Ə.Əliyev Xəzərin səviyyəsinin azalacağı iddialarına da cavab verib:

“Bu, boş fərziyyədir. Çünki istifadə olunmuş su istər suvarma, istərsə də kanalizasiya sistemi ilə olsun, yenidən Xəzərə töküləcək. Həm də Xəzərin səviyyəsinin dəyişməsi götürülən sudan asılı deyil, əsas ölkələrdən gələn sudan asılıdır. Ona görə də belə bir təhlükə yoxdur”. 

Alimin sözlərinə görə, Xəzər dənizinin suyu digər dəniz sularına nisbətən şirindir: 

“Bir kiloqramının tərkibində 12 qram duz var. Ancaq Aralıq, Qara dənizdə çoxdur. Məsələn, Aralıq dənizində 40 qrama qədər çatır. Xəzərdə bu proses ona görə asan olacaq ki, bizdə ona daha az enerji sərf olunacaq. Dəniz suyunu membran vasitəsilə duzsuzlaşdırırlar. Dəniz suyunun tərkibində Mendeleyevin demək olar ki, elementlərinin hamısı var. Hətta çox emal olunsa, onun tərkibində qızıl, platin, misdən də istifadə etmək olar. Ona görə də hesab edirəm ki, cənab Prezidentin bu sərəncamı çox vaxtında verilib. Azərbaycan əhalisinin 60 faizdən çoxu Bakı-Sumqayıt, Xəzərsahili ərazidə yaşayır. Ona görə də çox vacibdir ki, bu sudan istifadə edilsin və su ehtiyatımızı saxlanılsın”. 

Nigar Abdullayeva
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar