Rusiya üçün Ukrayna savaşı sona çatır: "Dərin dövlət" rus hərbi-siyasi elitasını hədəfə çıxarır

16-04-2023, 19:18   


Rusiyanın hərbi-siyasi elitasında "qalıb gələ bilmirsənsə, heç olmasa, məğlub olma" modelini ciddi şəkildə müzakirə olunur, Kremlin düşdüyü indiki situasiyada bu, məntiqli görünür... Əgər, baş tutmasa, Rusiya "dərin dövlət"inin hərəkətə gələrək, ölkənin gələcək taleyinə müdaxilə etməsi ilk növbədə Kremldəki yüksək ranqlı məmurlar üçün ciddi təhlükədir, onların bir çoxu "günah keçisi" kimi hədəfə alınaraq, cəzalandırıla bilər...

Ukrayna savaşının nə vaxt bitəcəyi indi dünyada hər kəsi ciddi şəkildə düşündürür. Bu savaşın ucbatından milli maraqları zərbə altında qalan dövlətlər və iflas təhlükəsi ilə üzləşən nəhəng şirkətlər kifayət qədərdir. Ona görə də, Ukrayna savaşının mümkün qədər tez bir zamanda sona çatmasını və dünyanın normala dönməsini istəyirlər.

Ancaq Ukrayna savaşından faydalanan ölkələr, eləcə də müharibə fəlakətləri sayəsində çoxlu gəlir əldə edən şirkətlər, daha da varlanan biznes dairələri də olmamış deyil. Hətta beynəlxalq sanksiyalara məruz qalan Rusiyada da belə, Ukrayna savaşı başlandıqdan sonra milyarderlərin sayı azalmaq əvəzinə, daha da artıb. Bu sıraya daxil olan dövlətlər və biznes dairələri Ukrayna savaşının davam etməsində maraqlıdırlar.

Ancaq bəzi rus milyarderlər savaşı gəlir mənbəyinə çevirməyi bacarmalarından məmnun olsalar da, Rusiyanın hərbi-siyasi elitasında müharibənin dayandırılmasının vacibliyinə inananların sayı durmadan artır. Hətta Ukrayna savaşının yükünü Rusiya ordusuna paralel olaraq, çəkən özəl hərbi şirkət - "Vaqner"in rəhbəri Yevgeni Priqojin də müharibənin dayandırılmasının sıralarına qatılıb. Ancaq Putinin keçmiş aşpazı öz mövqeyini Rusiyanın Ukraynaya qarşı savaşda öz əsas hədəflərinə artıq nail olması ilə arqumentləşdirməyə çalışıb.

Halbuki, "Vaqner"in rəhbərinin savaşın dayandırılması ilə bağlı təklifinin əsl səbəbləri onun sonrakı iddialarında gizlənib. Onun fikirincə, uzunmüddətli müharibə Rusiyanın tamamilə dağılması üçün ilkin şərt ola bilər. Çünki Rusiyanın hərbi-siyasi elitası uzunmüddətli müharibəni daha dəstəkləmir.

Y.Priqojin əmindir ki, başlanğıcda savaşı dəstəkləyənlərin mütləq əksəriyyəti indi şübhə altındadır və ya qəti şəkildə baş verənlərin əleyhinədir. Onun fikrincə, "dərin dövlət"in nümayəndələri təcili olaraq, öz normal həyatlarına, köhnə vərdişlərinə və rahatlıqlarına qayıtmaq istəyirlər. Ona görə də, Rusiya hərbi-siyasi elitası daxilindəki savaş əleyhdarları müharibənin uğurla davam etdirilməsi üçün verilən qərarlara qarşı sabotaj törədirlər.

"Vaqner"in rəhbəri Ukrayna ordusunun gözlənilən əkshücumu nəticəsində cəbhə xəttinin yarıla biləcəyi barədə də xəbərdarlıq etməyi unutmayıb. Onun fikrincə, Rusiyanın hücumu isə yalnız ordunun Polşa sərhədlərinə çıxmağa nail olacağı təqdirdə, uğurlu sayıla bilər ki, bu, o qədər də inandırıcı deyil: “Belə olan halda, həmişə özünü dünyanın ən güclülərindən biri hesab edən Rusiya ordusunda tənəzzül başlaya bilər".

Təbii ki, Y.Priqojinin bu xəbərdarlığı Rusiyanın gələcək taleyi baxımından, böyük önəm daşıyır. Onun dediklərindən belə anlaşılır ki, Rusiyanın hərbi-siyasi elitası Ukrayna savaşında qələbə ehtimalına o qədər də inanmır. Əksinə, hərbi zəfərə inanmayan Rusiya cəmiyyətində ilkin əlamətləri artıq müşahidə olunmağa başlayan günahkar axtarışı isə sonradan ölkədə ali siyasi elitaya qarşı sosial partlayışla da nəticələnə bilər.

Ümumiyyətlə, bütün bunlardan bəzi önəmli nəticələr çıxarmaq mümkündür. Birincisi aydın olur ki, Rusiyanın hərbi-siyasi elitasında olduqca ciddi ziddiyyətlər mövcuddur və bu, hər ötən gün daha da dərinləşir. Hətta bu ziddiyyətlər Rusiya Müdafiə Nazirliyi ilə "Vaqner" arasında qarşıdurmanın timsalında açıq müstəviyə də keçib. Və belə vəziyyətdə Kremlin Ukrayna savaşında hərbi qələbəyə ümid bəsləməsi reallıq hissinin itirilməsi təsiri bağışlayır.

İkinci önəmli məqam ondan ibarətdir ki, "Vaqner"in rəhbəri hərbi-siyasi elitada sabotajçıların mövcudluğunu vurğulamaqla, xəyanətə eyham vurur. Eyni zamanda, "dərin dövlət"in Ukrayna savaşına qarşı olduğunu qabartdır. Yəni, bu, o deməkdir ki, hərbi-siyasi elitada sabotaj və xəyanət mövcuddursa, deməli, Ukrayna savaşında qələbə ehtimalı da yoxdur. "Dərin dövlət" isə Rusiyanın müharibədə biabırçı məğlubiyyətə uğrayaraq, dağılma mərhələsinə keçməsinə müşahidəçi qalmaz. Və Rusiyanın hərbi-siyasi elitasının hakimiyyətdən uzaqlaşdırılmasına yönəlik kütləvi etiraz dalğasına stimul verə bilər.

Təbii ki, Rusiya "dərin dövlət"inin hərəkətə gəlməsi və ölkənin gələcək taleyinə müdaxilə etmək qərarı verməsi ilk növbədə Kremldəki yüksək ranqlı məmurlar üçün ciddi təhlükədir. Ən azından ona görə ki, onların bir çoxunu "dərin dövlət"in "günah keçisi"nə çevirəcəyi hədəf kimi cəzalandırılma ehtimalı gözləyir. Bu mövzunun belə qabarıq şəkildə gündəmə gətirilməsi isə yaxınlaşmaqda olan təhlükənin çox dəhşətli nəticələrə yol aça biləcəyini sezdirir.

Ancaq bundan hələlik yayınmaq da mümkündür. Bu baxımdan, "Vaqner"in rəhbəri Rusiyanın hərbi-siyasi elitasına "qalıb gələ bilmirsənsə, heç olmasa, məğlub olma" modelini təklif edir. Yəni, Kremlə Ukrayna savaşının dayandırılması variantı üzərində daha ciddi düşünmək tövsiyyə olunur. Hər halda, bu təklif Rusiyanın maraqları baxımından, müəyyən mənada, məntiqli görünür.

Məsələ ondadır ki, Ukrayna əks-hücuma hələ başlamayıb. Rusiya isə Donbasın timsalında Ukraynanın bir hissəsini ələ keçirib, ilhaq etdiyi Krım yarımadasına quru yolunu təmin edib. Kreml belə vəziyyətdə və indiki şərtlər altında Ukrayna savaşından çıxmağa nail olarsa, bu, Rusiya üçün planlaşdırılmış tam hərbi zəfər olmasa da, hər halda, uduşlu situasiyadır. Və Avropa Birliyi daxilində Ukrayna savaşına münasibətdə müşahidə olunan çatlarsa, Rusiyanın bu variantı reallaşdırmasına əlavə dəstək rolunu oynaya bilər.

Ancaq Rusiyanın Ukrayna savaşında ələ keçirdiyi "hərbi qənimətləri" də götürüb, kənara çəkilməsinə əngəl törədə biləcək önəmli faktorlar da mövcuddur. Belə ki, Ukrayna savaşının sona çatacağı vaxt Rusiya və Avropa Birliyində müəyyən edilmir. Bunun baş verməsi üçün ilk növbədə ABŞ və Böyük Britaniya savaşın dayandırılmasına razılıq verməlidir. ABŞ və Böyük Britaniyanın isə indiki həlledici məqamda Kremlə Rusiyanı xilas etmək şansı tanıyacağı qətiyyən inandırıcı görünmür. Və bu, o deməkdir ki, Rusiya "dərin dövləti" istənilən halda, Kremldəkilərin gələcək taleyini müəyyən etmək məcburiyyətində qalacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar