Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Həm sülh, həm münaqişə: Azərbaycanın rədd edəcəyi təklifi masaya kim qaytarmaq istəyir?

18-04-2023, 18:29   


Həm sülh, həm münaqişə: Azərbaycanın rədd edəcəyi təklifi masaya kim qaytarmaq istəyir?


“İrəvan üçün əsas vacib olan 29,8 min kvadrat kilometr ərazinin təhlükəsizliyini təmin etməkdir”. 

Ermənistan Nazirlər Kabinetinin 2022-ci ildən indiyə qədər Azərbaycanla aparılan danışıqlarla bağlı yaydığı məlumatda belə deyilir. Qeyd olunur ki, sülh müqaviləsinin imzalanmasının Qarabağ məsələsindən ayrıla biləcəyi yanaşma İrəvan üçün də məqbuldur. Bildirilib ki, müqavilə üzərində iş çərçivəsində artıq 3 mərhələ geridə qalıb və bu mərhələdə Ermənistan və Azərbaycan öz təkliflərini mübadilə ediblər. Ermənistan hökuməti danışıqların 5 istiqamətdə həyata keçirildiyini bildirir. Bunlar sülh müqaviləsi, “Qarabağ problemi”nin həlli, nəqliyyatın blokadadan çıxarılması və iqtisadi kommunikasiyaların yaradılması, sərhədlərin demarkasiyası və təhlükəsizlik, humanitar məsələlər. Ermənistan hakimiyyəti hesabatda qeyd edilən istiqamətləri sülh danışıqlarının əsas prinsipləri kimi təqdim etməyə çalışır. Həmin prinsiplər Azərbaycanın da maraqlarına cavab verir.

44 günlük müharibədən ötən müddətdə Azərbaycan da Ermənistana sülh sazişinin imzalanmasını, kommunikasiyaların blokadadan çıxarılmasını, o cümlədən Zəngəzur dəhlizinin açılmasını, sərhədlərin delimitasiya və dermarkasiya edilməsini və humanitar məsələlərin həllini təklif edib. Bu şərtlər Azərbaycanın ötən ilin mart ayında Ermənistana təqdim etdiyi beş bəndlik sülh prinsiplərində öz əksini tapıb. Lakin Azərbaycan Qarabağdakı erməni sakinlərin istər humanitar problemlərinin həllini, istərsə də təhlükəsiliyinin təmin olunmasını özünün daxili işi hesab edir və Ermənistanın bu məsələlərə müdaxiləsinin yolverilməz olduğunu bildirir. Ermənistan bir ildən artıqdır müxtəlif bəhanələrlə Azərbaycanın irəli sürdyü təkliflərdən yayınır. Ona görə də rəsmi İrəvanın açıqladığı hesabatla sülh danışıqları arasında kəskin siyasi paradoks var. 

Adıçəkilən sənəddən də görünür ki, Paşinyan hökuməti Azərbaycanı qane edən sülh prinsiplərini qəbul etmək üçün ilkin şərt qoyur. İrəvan bildirmək istəyir ki, Azərbaycan Ermənistanın 29,8 min kvadrat kilometr əraziyə malik olduğunu tanımalıdır. Yalnız bundan sonra Ermənistan sərhədlərin delimitasiya və demarkasiyası prosesinin başlanmasına, nəqliyyat yollarının blokdan açılmasına, sülh sazişinə və digər məsələlərin həllinə razılıq verə bilər. Ermənistan tərəfi hələ ötən il oktyabrın 7-də Azərbaycanla ərazi bütövlüyünün və suverenliyin qaşılıqlı şəkildə tanınmasına dair Praqa Bəyannaməni imzalayarkən qeyd edilən şərti gündəmə gətirib. Baş nazir Paşinyan 1991-ci ildə MDB ölkələrinin MDB-nin məqsəd və prinsipləri, əsasları barədə bəyannamə imzalanan zaman Ermənistanın ərazisinin guya 29,8 min kv.km. olduğunu iddia edir. Onun fikrincə, Azərbaycan həmin sərhədlər daxilində Ermənistanın ərazi bütövlüyünü tanıyıb. 

Əvvəla, Alma-Atı Bəyannaməsində nəinki Ermənistanın, heç bir ölkənin ərazisi ilə bağlı göstərici yoxdur. İkincisi, Alma-Atı Bəyannaməsində üzv ölkələr bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsi ilə bağlı öhdəliklər götürüb. Bu, Ermənistan-Azərbaycan münasibətlərinə də aiddir. Həmin protokola görə, MDB ölkələri beynəlxalq sülhün müdafiəsi məsuliyyətini öz üzərinə götürüb, üzv respublikalar bir-birlərinin ərazi bütövlüyünə hörmətlə yanaşacaqlarını və mövcud dövlət sərhədlərinin dəyişdirilməyəcəyini bəyan edib. Sənədə həmçinin, qeyd edilir ki, respublikaların suverenliyi prinsipi mühafizə edilib saxlanılacaq və onlar bir-birləri ilə bərabər statusa malik olacaqlar. Digər üzv ölkələr kimi Ermənistan sülhə, azadlığa və insan hüquqlarına hörmət edəcəyinə imza atıb. Lakin sonradan Ermənistan bu öhdəlikləri pozaraq Azərbaycanın ərazilərini işğal edib, sərhədlərini zorla dəyişdirib və ərazilərində etnik təmizləmə aparıb. Bununla da Ermənistan Alma-Atı Bəyannaməsinin prinsiplərini pozub. Ona görə də Ermənistanın Azərbaycandan 1991-ci il sərhədlərinin tanınmasını tələb etmək hüququ yoxdur. Bundan başqa, sərhədlərin delimitasiya və demarkasiya prosesi həyata keçirilmədən Ermənistan ərazisinin 29,8 min kv.km.olduğunu bəyan etmək absurddur. İrəvan bir tərəfdən sərhədlərin demarkasiyası tərəfdarı olduğunu bildirir, eyni zamanda 29,8 min kv.km ərazi məsələsini gündəmə gətirməklə Azərbaycana torpaq iddiası irəli sürür. 

Çünki həmin əraziyə Sovet dövründə qanunsuz olaraq Ermənistana verilmiş Azərbaycan torpaqları da daxildir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ermənistanla sərhəddə yerləşən bir sıra strateji əhəmiyyətli yüksəklikləri, yolları və digər əraziləri geri qaytarıb. Ermənistan həmin torpaqlara olan iddiasını reallaşdırmaq üçün hərbi potensiala malik olmadığına görə məsələni sülh danışıqlarının preambulasına daxil etməklə məqsədinə çatmaq istəyir. Qeyd edək ki, İrəvan Sovet dövrünün xəritələrinə uyğun olaraq, 29,8 min kv.km əraziyə Zəngəzuru da daxil edir. Yəni bu şərti irəli sürməklə Azərbaycan tərəfindən Zəngəzurun Ermənistanın suveren ərazisi kimi tanınmasına nail olmaq niyyəti güdür. Ermənistan yalnız bundan sonra Zəngəzur dəhlizinin açılmasının mümkün olduğuna dair mesaj verir. Bununla Ermənistan sülh prosesini sabotaj edir. Eyni zamanda, Ermənistan Qarabağ məsələsinin sülh sazişindən ayırmağın tərəfdar olduğunu bildirib. Ancaq İrəvan bununla bağlı mövqeyinə aydınlıq gətirməlidir. Çünki Qarabağ məsələsinin sülh sazişindən ayrılmasına hər iki tərəfin öz baxışı var.

Azərbaycan hesab edir ki, Qarabağdakı erməni vətəndaşların gələcək reinteqrasiyasına Ermənistan müdaxilə edə bilməz. Ermənistan isə “Qarabağ problemi”nin həlli ifadəsi altında Xankəndi və Bakı arasında danışıqlar formatının yaradılmasını, ermənilərin hüquq və təhlükəsizliyinin qorunması üçün beynəlxalq mexanizmlərin formalaşdırılmasını təklif edir. Bununla Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaq və qondarma rejimin tanınmasına nail olmaq üçün hüquqi zəminin yaranmasına çalışır. Ermənistanın qeyd edilən təklifi əslində 2022-ci il oktyabrın 31-də Soçi danışıqlarında Rusiyanın irəli sürdüyü “yol xəritəsi”nin təkrar masaya gətirilməsi deməkdir. Yəni Rusiya Azərbaycanla Ermənistana sülh sazişi imzalamağı, Qarabağ məsələsinin həllinin isə qeyri-müəyyən müddətə gələcəyə saxlanılmasını təklif edir. 

Məqsəd isə Qarabağdakı status-kvonu dondurulmuş münaqişə şəklində saxlamaq və sülhməramlı qüvvələrin bölgədə daimi qalmasına nail olmaqdır. Beləliklə, Ermənistan Azərbaycana həm sülh, həm münaqişə modelini qəbul etdirməyə çalışır. 

Müşfiq Abdulla
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar