Dünya oftalmologiya elmində xidmətləri olmuş akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər Azərbaycan tibb elmində öz yeri var. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir alim və həkim üçün bir məktəbidir.
Akademikin fəaliyyəti geniş və zəngindir. Alicənablığına, səmimiyyətinə, xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hamının hörmət və məhəbbətini qazanmış bu insan ilk növbədə böyük ziyalı, şəxsiyyət idi.
Akademik Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət xadimi, mahir səhiyyə təşkilatçısı Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Azərbaycanın səhiyyə sisteminin inkişafında misilsiz xidmətləri olan Əziz Əliyev ömrü boyu onu əhatə edənlərin dərin hörmətini qazanmışdı. O, rektor, nazir, Mərkəzi Komitənin katibi, baş nazirin müavini olmuş və həmişə yüksək intellekti, təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmışdır. Dövrünün partiya və dövlət xadimləri arasında özünəmsəxsus geniş siyasi və mədəni dünyagörüşü ilə seçilib.
Öz fəaliyyətini tibb elminə həsr edən Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə həmin institutu əla qiymətlərlə bitirir. Oftalmologiya peşəsinə yiyələnmək arzusu isə gənc mütəxəssisi Moskva şəhərinə gətirir və o, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək həkim-oftalmoloq ixtisasına yiyələnir. O dövrdə Azərbaycanda bir sıra göz xəstəlikləri geniş yayılmışdı və traxoma deyilən dəhşətli bəla tüğyan edirdi. Xalqımızı bu müdhiş bəladan xilasında səbəbkar olmaq , Azərbaycanda regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib hazırlamaq tələb olunurdu. Zərifə xanım Əliyeva məhz belə bir dövrdə Moskva şəhərindən vətənə qayıdır və Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır. Gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Konkret müalicə təcrübəsindən başqa alim Azərbaycanda bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Həmçinin uşaq evlərində olan ata-ana himayəsindən məhrum yeniyetmələr arasında traxomanın aradan qaldırılmasında müstəsna xidmətlər göstərirdi. Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində müvəffəqiyyətli nəticələr alır. Çünki sintomisin geniş antibakterial spektrlərlə yanaşı, antixlamedik fəallığa da malik idi. Bu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1959-cu ildə uğurla müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil edir.
Zərifə xanımın təklifi ilə yeni müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapır və nəticədə respublikada traxoma bir xəstəlik kimi ləğv edilir. Ona görə də qətiyyətlə demək olar ki, Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğv edilməsi səbəbkar olaraq, Zərifə Əliyevanın adı ilə bağlıdır.
Böyük alim Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutundan sonra öz fəaliyyətini Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasında davam etdirir. Burada dosent, professor, daha sonra isə kafedra müdiri vəzifələrində işləyir, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparır. Həmin dövrdə Zərifə xanım həkimlik fəaliyyəti ilə daha çox məşğul olmağa başlayır: cərrahiyyə əməliyyatları aparır, xəstələrə yeni üsullu müalicələr yazır, üstəlik onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmır, bütün oftalmologiya şöbələrini, təşkilatları əhatə edir. Bununla yanaşı o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparır.
Tibbi təcrübə və kadr hazırlığı ilə ciddi məşğul olmasına baxmayaraq alim elmi-tədqiqat işlərinin davam etdirilməsinə böyük əhəmiyyət verirdi. Həmin dövrdə Zərifə xanım oftalmologiyanın zəruri problemlərinə xüsusi diqqət yetirir. Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. xüsusi yer tutur. Zərifə xanım Əliyeva bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada, M.Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda "Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1977-ci ildə Zərifə xanıma tibb elmləri doktoru alimlik dərəcəsi verilib.
1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafında xidmətlərinə görə, akademik Zərifə Əliyeva keçmiş ittifaqın oftalmologiya sahəsində ən böyük mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Yeri gəlmişkən, professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk alim-qadın idi. Məhz akademikin apardığı tədqiqatlardan sonra istehsalatda əmələ gələn zərərli maddələrin görmə orqanlarına mənfi təsirinin qarşısını almaq üçün bir sıra profilaktik tədbirlər həyata keçirmək mümkün olub. Alim bu müəssisələrdə işçilərin gözlərinin peşə zədələnmələrinə qarşı kompleks sanitar-gigiyenik, texnoloji tədbirlərin işlənilməsi və həyata keçirilməsinə nail olmuş, əmək şəraitinin yaxşılaşdırılması, hava hövzəsinin təmizlənməsi, zavod və ona bitişik ərazilərdə çirklənmə və qazla zəhərlənmənin aşağı salınmasında ciddi işlər görüb.
Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra tanınmış alim Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilir. Elə ilk gündən akademik ətrafına istedadlı, gənc həmkarlarını toplayaraq elmi-tədqiqat işini, kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil edir. O zaman kafedranın mövcud maddi-texniki bazası elmi tədqiqatların keçirilməsi tələblərinə cavab vermirdi. Zərifə xanım bu problemin də həlli yolunda konkret addımlar atır.
Professor Zərifə Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilir. Belə bir tədbirin ilk dəfə Azərbaycanda keçirilməsi təbii ki, təşkilatçılıq bacarığı və zəngin təcrübə tələb edirdi. Plenuma hazırlığın bütün ağırlığı Zərifə xanımın üzərinə düşürdü. Bu plenum həm Azərbaycanda, həm də keçmiş ittifaqın ən nüfuzlu akademik müəssisələrində oftalmologiya xidmətinin inkişafında, habelə elmi-pedaqoji kadrların hazırlanmasında ciddi rol oynayıb.
1983-cü ildə Zərifə Əliyeva ADHTİ-nin oftalmologiya kafedrasının müdiri seçildikdən sonra fəaliyyət dairəsini daha da genişləndirdi. Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqi ilə bağlı idi. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri akademikin "Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi", "Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası" adlı monoqrafiyalarında geniş və ətraflı şəkildə şərh edilib.
Məşhur alim "Terapevtik oftalmologiya" kitabının müəlliflərindən biri idi. Elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer verib. Onun bu mövzuya dair baxışları oftalmoloji ictimaiyyət və praktik həkimlər tərəfindən rəğbətlə qarşılanıb. Zərifə xanımın mənəvi keyfiyyəti , vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun "Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri" əsərində daha ətraflı şəkildə əks olunub.
1983-cü ildə gərgin elmi-təşkilati fəaliyyətinə və oftalmologiyanın inkişafındakı xidmətlərinə görə Zərifə xanım Əliyeva Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Akademik Zərifə Əliyeva 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifi idi. Alim onlarca elmlər doktorunun və elmlər namizədinin rəhbəri olub. Akademik Zərifə Əliyeva Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülüb. Görkəmli alim həm də keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi çalışmış, respublika "Bilik" Cəmiyyəti İdarə Heyətinin və keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olub. O, həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi.