20 günlük şirkət 80 minlik tenderi necə udur? – Müəmma

19-04-2023, 18:00   


           
20 günlük şirkət 80 minlik tenderi necə udur? – Müəmma
Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Göygöl Şəhəri Üzrə Nümayəndəliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Dəyəri 79 min 84 manat 60 qəpik olan tender müsabiqəsinin qalibi “Lord333” MMC (VÖEN- 1406329811) olub.
“Lord333” MMC Şəhər Nümayəndəliyinin sifarişilə Göygöl şəhərində 86 ədəd küçə işıqlandırma sisteminin təmiri və yenilərinin quraşdırılması işlərini həyata keçirəcək.
Nizamnamə kapitalı 10 manat olan “Lord333” MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Hüseyn Seyidzadə 2 MKR, ev 23, m. 48-də yerləşir. MMC-nin qanuni təmsilçisi İbrahimov Əli Məhəmməd oğludur.
Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Lord333” MMC tender müsabiqəsinin başlamasından cəmi 20 gün əvvəl dövlət qeydiyyatına alınıb.
Tender müsabiqəsi 22.02.2023-cü il tarixində başlayıb, tenderin qalibi olan “Lord333” MMC isə 01.02.2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.
Daha əvvəl dəfələrlə qeyd etdiyimiz kimi, bu hal "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Cəmi 20 gün əvvəl yaranan şirkətin xüsusi peşəkarlıq və təcrübə tələb edən tender müsabiqəsində (işıqlandırma sisteminin təmiri və quraşdırılması) qalib olması başa düşülən deyil.
“Lord333” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. 80 min manat dəyərində tender udan şirkətin nəinki rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur.
Yeniavaz.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.