Gəncə Ağır Cinayətlər Məhkəməsində 25 yaşlı Elmar Əsgərovun cinayət işi üzrə hökm oxunub. O, “YouTube” portalında “Eliko Production” adlı kanala yazılmış bir şərhə görə ehtiyatsızlıqdan adam öldürməkdə iittiham olunub. İttihama görə, kanala yazılan şərhdə təhqir olduğunu iddia edən gənclər aralarında görüş təyin edib və bu da sonda faciə ilə bitib – kanala şərh yazan Sahib Abdullayev ehtiyatsızlıqdan həyatını itirib.
Musavat.com xəbər verir ki, “YouTube”da bu kanalı açan Elşən İsmayılov olub.
O, məhkəmədə deyib ki, kanalında mütəmadi canlı efir açaraq, fonda musiqilər səsləndirməklə, müxtəlif mövzulardan bəhs edib. Hadisə günü səhər gedib fəhləlik edib, gecə 23.00 radələrində “YouTube”da canlı efirinə daxil olub. Elə bu vaxt “Sahib Dost” adlı istifadəçinin təhqir xarakterli ifadələr yazaraq, bloka atılma səbəbini soruşduğunu, üstəlik, telefon nömrəsini də əlavə etdiyini görüb. Həmin nömrəyə zəng edib: “Dedi ki, məqsədim təhqir etmək deyil, amma xəbərdarlıq edirəm. Az sonra o nömrədən bir zəng gəldi. Dedi ki, Sahibin qohumudur, ona fikir verməyim, içkilidir, danışığını bilmir. Təklif etdi ki, gəlim, çay içib, bu söhbəti bağlayaq. Razılaşdım...”
Telefonda danışan isə Sahib Abdullayevin qohumu Füzuli olub.
Elşən İsmayılov qardaşını da götürüb görüşə gedib. Yolda xalası nəvəsi Elmar Əsgərovla rastlaşıblar. Söhbəti ona danışıb və birlikdə getməyi təklif edib. O da razılaşıb. Gedib görüşəndə isə Sahib Abdullayevin yenə təhqir xarakterli ifadələr işlətdiyi iddia olunur. Bu zaman Elmar Əsgərov onun üzündən vurub. Nəticədə Elmar Abdullayev yıxılıb və başı səkiyə dəyib. O, həmin gün evlərinə aparılsa da, ertəsi gün vəziyyəti pisləşib.
Bacısı İradə Nəzərova deyir ki, Elmar Abdullayevi təcili tibbi yardım vasitəsilə Gəncədəki Abbas Səhhət adına xəstəxanaya yerləşdiriblər. Lakin 3 gün sonra orada vəfat edib. Məlum olub ki, ölümünə səbəb baş nahiyəsindən aldığı xəsarətlər olub.
“Sahibin əl-üzünə su vurduq, özünə gəldi, Füzuli ilə taksi sürücüsü Sahibi avtomobilə qoyub, evlərinə apardı, biz də evə gəldik. Sonra taksi sürücüsü Eminə zəng edib Sahibin hal-əhvalını soruşdum. Dedi, narahat olma, bacısıgilə təhvil verdik. Ertəsi gün Elşən zəng etdi ki, Sahibin vəziyyəti pisləşib, xəstəxanaya aparıblar. Xəstəxanaya getdik...”, - təqsirləndirilən Elmar Əsgərov danışır.
O, Sahib Abdullayevin ölümündən sonra bir müddət Yevlaxın Çardaqlı kəndində fermada qalıb. Deyir ki, qorxusundan gizlənmişdi. Amma polislər gəlib orada onu saxlayıb, barəsində həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) maddəsilə ittiham irəli sürülüb. Bu maddə ilə də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. Bu maddədə 9 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Elmar Əsgərov məhkəmədə deyib ki, özünü bu maddə ilə təqsirli bilmir. O, mərhum Abdullayevi vurduğunu inkar etməyib. Lakin Elmar deyir ki, onun ölümünə səbəb üzünə vurduğu yumruq olmayıb. Elmar Əsgərovun sözlərinə görə, həmin vaxt Sahib Abdullayev sərxoş olub. Həmin zərbədən sonra ayaq üstündə dayana bilməyib, yıxılıb, başı səkiyə dəyib, ölümünə də səbəb bu olub. Ona görə də özünü ehtiyatsızlıqdan ölümə səbəb olmaqda təqsirli bilir.
Zərərçəkmişin hüquqi varisi qismində mərhum Abdullayevin bacısı İradə Nəzərova tanınıb. O deyib ki, şikayətçi deyil, təqsirləndirilən şəxslə barışıb, ona yüngül cəza verilməsini istəyib.
Məhkəmədə Elmar Əsgərova qarşı ittiham CM-nin 126.3 maddəsindən 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif olunub, ona 2 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsilib. Qanuna görə, ehtiyatsızlıqdan törədilən cinayətlərdə cəza 5 ilə qədər olanda məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilir. Məhkəmə belə nəticəyə gəlib ki, bu hadisə ehtiyatsızlıqdan baş verib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com