Quru sərhəd bağlı qaldısa: AZAL biletləri niyə ucuzlaşdırmır?

20-04-2023, 18:28   


Quru sərhəd bağlı qaldısa: AZAL biletləri niyə ucuzlaşdırmır?


Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü ilin 1 iyul saat 06:00-dək uzadılıb. Qeyd edək ki, uzun müddətdir ölkədə quru sərhədlərin açılmasının vacibliyi ilə bağlı fikirlər səslənməsinə baxmayaraq, yenə də gözlənilən olmadı. Beləliklə, yenə də xarici ölkəyə gediş-gəliş üçün yeganə vasitə olaraq təyyarədən istifadə mümkündür. Onu da vurğulayaq ki, Azərbaycanın Türkiyədəki Səfirliyi bu ölkədə təhsil alan vətəndaşlarımıza müraciət edib ki,  ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan 2023-cü ilin 10 may tarixinədək quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilib. Qeyd edək ki, hazırda Türkiyədə 27 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır. Maraq doğuran odur ki, qərarda tələbələrin ancaq Azərbaycana daxil olması nəzərdə tutulur və bu tarix may ayının 10-nu ilə məhdudlaşır. Yəni hansısa problemlə bağlı gecikmə nəticəsində tələbələr ölkəyə gəlmək imkanından məhrum olur. Quru sərhədlərinin açılmamasına baxmayaraq, təyyarə biletlərinin qiymətinin bahalığı əlavə problem yaradır.

Quru sərhədləri açılmırsa, təyyarə biletlərinin qiymətinin endirilməsi üçün niyə Nazirlər Kabineti xüsusi qərar qəbul etmir? 

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, xüsusi karantin rejiminin uzadılması avtomatik olaraq quru sərhədlərinin bağlı qalması anlamına gəlmir:

“Hələ də ümid edək ki, Nazirlər Kabineti bu tutumundan imtina edərək ə mənasız qərarı ləğv edəcək. Çünki dünyada artıq quru sərhədlərini COVID bəhanəsi ilə bağlı saxlayan ölkə qalmayıb. Hətta xüsusi karantin rejimi davam edən ölkələrdə də quru sərhədləri açıq olub. Məsələn, Gürcüstanda belə bir örnək olub ki, karantin rejimi olduğu halda sərhədlər də açıq olub. Ətraf ölkələrin əksəriyyətində, Türkiyədə də belə olub. Ancaq çox təəssüf ki, böyük ehtimalla quru sərhədləri bağlı saxlamağa çalışacaqlar. Doğrudur, məqsədi anlamağa çətinlik çəkirik, ancaq virusla bağlı olduğuna da artıq Azərbaycanda heç kim inanmır. Nazirlər Kabinetinin normal açıqlaması da yoxdur ki, nəyə görə quru sərhədlərini bu qədər bağlı saxlayırlar. Bu da təbii ki, təyyarə biletlərinin qiymətlərinə təsir göstərir”. 

Ancaq ekspert Nazirlər Kabinetinin təyyarə biletlərinin qiymətlərinə hansısa formada təsir edəcəyini düşünmür:

“Çünki bizdə uçuşların böyük əksəriyyəti AZAL və “Buta” tərəfindən həyata keçirilir. Onsuz da bu, dövlət şirkətləridir və istəsəydilər hansısa düzəlişlər edərdilər. İndiyədək olmayıbsa, bundan sonra da olacağı inandırıcı deyil. Ona görə də düşünmürəm ki, belə bir qərar, yaxud hansısa mexanizmin hazırlanması mümkün olsun. Belə bir vəziyyətdə yaxşı olardı ki, hansısa xarici şirkətlərin ölkə bazarına daxil olmasına, rəqabətli mühit yaradılmasına şərait yaratsınlar. Bu, daha məntiqli olardı. Qiymətlərin bazarın qanunları vasitəsilə tənzimlənməsi mexanizmi işə düşərdi. Ancaq hələlik görünən odur ki, heç bu istiqamətdə də ciddi addımlar atılmayıb, halbuki çox sayda müraciətlər var. Avropa şirkətləri Azərbaycanda boş qalan hava limanlarını işlətməklə bağlı işi öz üzərinə götürmək üçün müraciət ediblər. Məsələn, rayonların birində boş qalan hava limanlarından birini işlətmək üçün götürmək istəyirlər. Ona görə də Azərbaycan tərəfi belə bir qərar alsa, heç olmasa iqtisadi üsullarla qiymətlərin tənzimlənməsinə getsə, bazarda müəyyən tarazlıq yarana, qiymətlərin aşağı düşməsi mümkün ola bilər”.

Nigar Abdullayeva
Cebhe.info

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.