Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Cənab Prezident, sizin əsgərinizə Göyçayda qiymət verən yoxdur”

21-04-2023, 08:21   


Müharibə iştirakçısı əməliyyat üçün pul tapa bilmədiyini deyir

Daha bir İkinci Qarabağ müharibəsi iştirakçısı Prezident İlham Əliyevə müraciət edib. Səbəb həm ailə vəziyyətinin ağırlığı, həm də səhhəti ilə bağlı lazımi müalicə ala bilməməsidir.

Göyçayın Kürdşaban kəndinin sakini Rəşad İbrahimov deyir ki, düzdür, müharibədə arxa cəbhədə fəaliyyət göstərib, amma idarə etdiyi ağır tonajlı avtomobildən yıxılaraq zədə alıb, onurğasında disk yırtığı əmələ gəlib. Sonuncu dəfə Bakıda müayinə olunanda həkim ona “təcili əməliyyat lazımdır” deyib. Lakin o, bunun üçün tələb olunan dörd min manat civarındakı vəsaiti toplaya bilməyib.

Nəticədə ağrıları artıb, iş qabiliyyətini itirib, öhdəsində üç azyaşlıya baxması çətinləşib.

“Belimin ağrısı ayaqlarıma vurur, sağ ayağım tez-tez keyiyir, qıcolma baş verir. Həkimin əməliyyat dediyinin üstündən aylar keçib. Bu gün hərəkət məhdudluğu problemim də yaranıb. Tez yoruluram, bir az yol yeriyən kimi ayaqlarım tutulur. İşləmək çətinləşir, uşaqlarıma baxa bilmirəm”.

Rəşad İbrahimovun üç qızı var. O, hərbidən tərxis olunandan qısa zaman sonra həyat yoldaşını itirib. Deyir, hərbiyə çağırılanda Bakıda xərçəngdən müalicə alan həyat yoldaşının yanında, xəstəxanada olub. Onu bacılarına əmanət edib, yollanıb müharibəyə:

“Nə olsun, ön cəbhədə olmamışam, arxa cəbhədə əlimdən gələni etmişəm. Özü də necə etmişəm, xəstə yoldaşımı atıb getmişəm. Elə mən dönəndən bir az sonra o, həyata gözlərini yumdu. Ondan bir ay sonra anam da vəfat etdi. Üç uşaq qaldı öhdəmdə. Bu gün mən də əmək qabiliyyətimi itirmişəmsə, o uşaqların taleyi necə olacaq? O başqa məsələ ki, düzdür, iş tapmaq da asan məsələ deyil”.

Rəşad İbrahimovun sözlərinə görə, aldığı veteranlıqla bağlı vəsaitdir. O da nəinki əməliyyata, ağrıkəsici dərmanlara güclə yetir.

O, bir neçə dəfə Göyçay rayon İcra Hakimiyyətində qəbulda olduğunu da bildirir. Deyir, onu Göyçay Rayon Xəstəxanasına yönləndiriblər. Orada da həmin əməliyyatı həyata keçirmirlər.

“Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin qəbuluna getdim. O, mənə köməklik göstərilməsi üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşar Əhmədova göstəriş verdi. Halbuki, mənim səhhətimdəki problemin həlli Göyçay RMX-da olsaydı, heç icra başçısına ağız açmazdım. Əlbəttə əməliyyatım rayon səviyyəsində deyil, Bakı şəhərində həyata keçirilə bilər və buna görə üç min səkkiz yüz manat pul tələb olunur”.

Müharibə iştirakçısı deyir ki, icra başçısının ona kömək etməyəcəyini anlayandan sonra Prezident İlham Əliyevə müraciət etmək qərarına gəlib, lakin bu da rayon rəhbərliyi tərəfindən mənfi qarşılanıb.

Göyçay Rayon İcra Hakimiyyətindən bildirilib ki, Rəşad İbrahimov qurumda qəbul edilib:

“Əsasən, işlə təmin olunmaq istəyib. Müraciəti araşdırdığımız zaman məlum olub ki, o, 2022-ci ildə rayon Məşğulluq Mərkəzi tərəfindən “Özünüməşğulluq” proqramı çərçivəsində üç baş iribuynuzlu mal-qara ilə təmin olunub, lakin sonradan həmin mal-qaranı satıb. Həmçinin o, dəfələrlə Göyçay Rayon İcra Hakimiyyətinə maddi yardımla bağlı müraciət edib, ayrı-ayrı vaxtlarda ümumilikdə 390 manat məbləğində vəsait alıb”.

Rəşad İbrahimovun səhhəti ilə bağlı müraciətinə gəlincə, icra hakimiyyətindən bildirilib ki, o, Göyçay Rayon Mərkəzi Xəstəxanasında müayinə edilib. Ona Bakı şəhəri Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndəriş təklif edilib. Lakin Rəşad İbrahimov həmin təklifdən imtina edərək Respublika Neyrocərrahiyyə Xəstəxanasına getməyib.

Rəşad İbrahimov isə düşünür ki, bu gün bölgələrdə qaziyə, döyüşçüyə dəyər verən yoxdur. Tək ümidi ölkə rəhbərliyinə müraciətə qalıb:

“Cənab Prezident, sizin əsgərinizə Göyçayda qiymət verən yoxdur. Rayonda bütün qapılar üzümə bağlıdır. O qədər sıxıntılar çəkirəm ki, dərdimi dağlar qaldıra bilməz. Üç yetim uşağa baxmaq, üstəlik də işsiz və eyni zamanda, xəstə vəziyyətdə hər şey çox çətindir. Neft və qaz ölkəsində qış fəslini odun yandırmaqla isinmişik. Uşaqlarıma qarındolusu yavan çörək tapıb, yedizdirəndə sevinirəm. Xahiş edirəm mənim əməliyyat olunmağıma dəstək olun, bəlkə bundan sonra ağrılarım azalar, bəxtim gətirsə, iş tapar uşaqlarıma baxaram”.

2020-ci il sentyabrın 27-də Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi yaşanıb. Müharibədə Azərbaycan tərəfdən 3 minə qədər hərbi qulluqçunun və 100 civarında mülki şəxsin həlak olduğu açıqlanıb. Yaralananların sayı barədə rəsmi məlumat olmasa da, 3 min nəfər civarında hərbçinin əlillik aldığı bildirilib.

Həmin vaxtdan müharibə iştirakçıları müxtəlif dövlət qurumlarının önündə tez-tez etiraz aksiyaları keçirib. Tələbləri adətən əlillik dərəcəsi ala bilməmə, yaxud yanlış əlillik dərəcəsinin təyini, diqqətsizlik, müalicə xərclərinin qarşılanmaması, veteranlıqla bağlı ödəniş edilməməsi barədə olub.
Diqqətsizlik və biganəlikdən bezən 50-dən artıq qazi isə intihara əl atıb. Onlardan 43 nəfəri ölüb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar