Azərbaycan dövlətçiliyinin tarixində daha bir möhtəşəm səhifə yazıldı-ölkəmizin Ermənistanla həmsərhəd hissəsində, Laçın-Xankəndi yolunun başlanğıcında Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsi quruldu! Əslində bu, normal prosedur qaydadır, bütün dövlətlərin, o cümlədən Ermənistanın tətbiq etdiyi adi qaydadır, sadəcə məkrli qüvvələr 44 günlük müharibədən sonra yaranış yeni şəraitdə belə, Azərbaycanın giriş qapısına nəzarət etməsini əngəlləyirdilər, müxtəlif absurd bəhanələrlə...
Artıq bu məsələyə nöqtə də yox, nida qoyuldu! Dövlətimiz, dövlət başçımız çox təmkinli davrandı, uzun müddət ərzində möhlət verdi, qarşı tərəfin nəhayət, islah olunacağına ümid etdi. Amma ötən müddətdə baş verənlər, edilən xəbərdarlıqlar nəinki dərs olmadı, hətta qapını Ermənistanın sifətinə çırpdığımız ana qədər bu ölkədən gizli yollarla Azərbaycan ərazisinə silah-sursatın, minaların, qadağan olunmuş digər yüklərin, hərbi təchizat vasitələrinin daşınması davam etdirildi. Ötən gün hərbçilərimizin ayağının altına düzülən minaların partlaması nəticəsində yük maşınımız sıradan çıxdı, həmçinin hərbçilərimiz yaralandı, hətta köməyə gedən əsgərlərimiz belə, minaya düşdü. Özü də 2021-ci ildə, müharibədən azı bir il sonra (!!!) istehsal olunan minaya! Hansı ölkə olsa, bu terroru törədənlərin başına od yağdırardı. Azərbaycan bunu etmirsə, törətdiyi müharibə cinayətlərinə görə Ermənistanı bütün sərhəd boyunca bombalamırsa, buna görə dövlətimizə minnətdar olmalıdırlar! Yoxsa sərhəd-buraxılış məntəqəsinin qurulmasına görə şantaj cəhdi göstəriləcəksə, ağıllarını başlarına yığmayacaqlarsa, o halda görəcəkləri olacaq! Bir daha xatırladırıq ki, bu, sıradan bir prosedur qaydadır, hər bir evin qapısı olduğu kimi, hər bir dövlətin də giriş-çıxış məntəqəsi, qapısı var, Azərbaycan artığını etməyib ki, beynəlxalq qaydalara uyğun addım atıb, vəssalam!
Təbii ki, yuxarıda qeyd etdiyimiz kimi, bu, tarixi, vətəndaşlarımızı qürurlandıran hadisədir. Az qala bir qərinədir Laçın yolunda düşmən at oynadırdı, nəhayət, bitdi, getdilər cəhənnəmə! Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda DSX-nın nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququ və suverenliyinin növbəti təsdiqidir! Onsuz da 12 dekabr 2022-ci ildən etibarən, ekofəallarımızın etiraz aksiyasının başlanması ilə yolda nəzarət de-fakto Azərbaycan tərəfdən həyata keçirilirdi. Əslində beşinci aydır davam edən aksiya məcburiyyətdən irəli gəlirdi. Bu, bir analoqu olmayan etiraz idi. Dünyanın heç bir ölkəsi, heç bir ölkəsinin vətəndaşı öz ərazisindəki talanlara bu qədər əziyyətlər bahasına, yağış, qar-çovğun, şaxta, gecə-gündüz bilmədən aylar boyunca ayaqda olaraq təmkinlə, heç bir hüquq pozuntusuna yol vermədən, qarşı tərəfdən kiminsə burnu qanamadan belə bir etiraz sərgilməyib, bunu məhz Azərbaycan xalqının vətənpərvər övladları etdi! 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Ermənistan və qanunsuz erməni hərbi birləşmələri yoldan hərbi məqsədlər, o cümlədən minaların daşınması üçün istifadə edirdilər, Azərbaycanın talan olunan təbii sərvətləri də bu yolla daşınırdı. Artıq bıçaq sümüyə dirənmişdi, Ağdərədəki qızıl, mis, molibden mədənlərini yağmalayan separatçı-terrorçu rejim bu ərazilərin sahibinin nəzarətinə belə, imkan yaratmaq istəmirdi. Bu azğınlığın da cavabı antiterror əməliyyatları, nöqtəli zərbələr, bombardmanlar olur dünya təcrübəsində. Azərbaycan isə yenə də qan tökülməsindən yayıldı, çətin, amma təmkinli, qansız yola üstünlük verdi. Bu, dünyada tətbiq olunan unikal Azərbaycan modelidir! Buna görə də təşəkkürləri haqq edir dövlətimiz, Şuşa yaxınlığında aylardır ayaqda olan, sülhün keşiyində dayanan könüllü gənclərimiz, vətəndaş cəmiyyəti təmsilçilərimiz!
Laçın-Xankəndi yolundan sui-istifadənin nəticəsidir ki, indi Rusiya sülhməramlı kontingentinin müvəqqəti (!) yerləşdiyi Azərbaycan ərazilərində 10 min nəfərdən artıq şəxsi heyəti olan terrorçu “ordu” yaradılıb. Ermənistan tərəfindən bu qüvvələrin imkanları davamlı olaraq artırılırdı, mina terroru və diversiyalar mütəmadi törədilirdi. Bu terrorçu fəaliyyətin nəticəsiydi ki, Azərbaycanın 44 günlük müharibədən sonrakı mina qurbanlarının sayı 300-ə çatır...
Son günlər Laçın rayonu ilə bağlı yayılan foto və videolar adamın ruhunu oxşayır. Hər birimizin ürəyi atlanır yenidən qurulan cənnət Laçınımıza getmək üçün. Dövlət səfərbər olunub, Ermənistanın 30 il işğalda saxladığı cənnət şəhərimizə BÖYÜK QAYIDIŞa hazırlıqlar başlanıb. Açıqlandığı kimi, Azərbaycan tezliklə Laçın daxil olmaqla digər azad olunmuş ərazilərə mülki insanlar köçürəcək. Artıq köçün tarixi və ilkin olaraq nə qədər əhalinin köçürüləcəyi məlumdur. Amma Ermənilərin Laçın yolundan sui-istifadə etməsi halında mülki insanlarımızın həyatı üçün hər zaman təhlükələr ola bilərdi. Heç bir ölkə mülki əhalisinin yaşayacağı ərazidən başqa ölkənin qanunsuz hərbi birləşmələrinin keçidinə imkan verməz(di)! Azərbaycan dövlətinin qərb hissəsində sərhəd-buraxılış məntəqəsi qurmaqla antiterror əməliyyatına dinc şəkildə möhtəşəm töhfə verdi! Sözsüz ki, vəziyyətin bu formada davam etməsi Azərbaycan xalqı və dövləti üçün qəbuledilməzi idi və bu, sonsuza qədər davam edə bilməzdi! Azərbaycanın qapısı karvansaray qapısı deyil və ola da bilməz!
Əgər yenə də hansısa boşboğazlar ordusu ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa çalışacaqsa, deməyə sözümüz kifayət qədərdir. Hətta müharibə cinayətləri törətmiş, hələ bu işğalın və qansız hərəkətlərin, vandalizmin, talançılığın cavabını Beynəlxalq Məhkəmə qarşısında verməyən Ermənistan hər bir vəchlə öz ərazi bütövlüyünü və suverenliyini qorumağa çalışır, eks-teritorial yanaşmaların qəbul edilməz olduğunu bildirir. Hansı ki, bütün bu müharibə cinayətlərinin qarşılığında Ermənistanın danışmağa sözü olmamalıdır, ölüb yerə girməlidir işləklərinə görə, Azərbaycana yüz milyardlarla dollar təzminat ödəməlidir. Belə bir ölkə niyə Azərbaycan ərazisindən ölkəmizin suverenliyinə zidd olaraq istifadə etməlidir?! Bu qəbuledilməzdir! Dövlətin öz suveren ərazilərini qanunsuz müdaxilələrdən qoruması və sərhəd-keçid məntəqələrində nəzarəti təmin etməsi onun suveren və ayrılmaz hüququdur. Beynəlxalq ictimaiyyət bu hüququn ifadəsinə hörmətlə yanaşır və Azərbaycana münasibətdə ikinci fikir ola bilməz!
Azərbaycan Xarici İşlər Nazirliyi aydın mətnlə bəyan edib: “Sərhəd təhlükəsizliyinin təmin edilməsi, habelə hərəkətin təhlükəsizliyinin həyata keçirilməsi Azərbaycan Hökumətinin preroqativi və milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir. Üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq”.
Beynəlxalq hüquqa zidd nə isə varmı burada? Yox! Onda sussunlar və Azərbaycanın qərarına hörmətlə yanaşsınlar, vaxtımızı almağa çalışmasınlar! Bir neçə gün əvvəl yazmışdıq: son terror hadisələri nəticəsində şəhid olan və yaralanan hərbçilərimizə görə həm də Ermənistanı qızışdırıb, ortaya salanlar günahkardır! Xəlfəli yolunda, Dığda...Elə dünən Şuşa yaxınlığında...Bu dəfə də gərginliyi tətikləməyə cəhd etməsinlər! Yoxsa Azərbaycan sərhəd qapısını irəli aparmağa vadar ola bilər!
Azərbaycanın bu addımı həm də Qarabağdakı mülki erməniləri xilas addımıdır. Bir neçə gün əvvəl Azərbaycan Prezidenti demişdi ki, oradakı separatçılar erməni vətəndaşlarımızı girovluqda saxlayır. Dövlətimiz bölgəni silahsızlaşdırmaqla həm də erməni vətəndaşlarımızı xilas etmiş olur. Bir neçə gün əvvəl elə ermənilərdən biri özlərinin basdırdığı minaya düşmüşdü. Dövlətimiz açıq mətnlə bildirilir ki, yolda Azərbaycan Respublikası DSX-nın postunun qoyulması yoldan Qarabağda yaşayan mülki ermənilərin istifadəsini məhdudlaşdırmır. Əksinə, qanuni və tənzimlənən gediş-gəliş üçün imkan yaradır. Ekoaktivistlər etiraza başlayanda da erməni təbliğatçıları deyirdilər ki, guya humanitar fəlakət yaradılır. Qarabağda yaşayan ermənilər Azərbaycan Prezidenti Administrasiyasının təklifini qəbul edib reinteqrasiya məsələləri üzrə təmaslara başlamalıdırlar. Nə qədər tez bu proses başlayarsa, o qədər də tez yerli erməni əhali həyat tərzi yaxşılaşar. Bundan başqa yol mövcud deyil. Rusiya sülhməramlıları bu prosesə maneə olmamalıdır.
Eşitdik baş terrorçu Arayik Arutyunyan yenə də başının dəstəsini yığıb nəsə qarışdırmaq istəyir. Hünərləri varsa, qımıldansınlar! Başlarının üstündə “Bayraktar”ları, “İti qovan”ları görmək istəyirlərsə...İndi yenə də erməni tərəfi və onun havadarları eyni təbliğata başlamağa cəhd edəcəklər. Separatçılara, revanşistlərə, qanunsuz hərbi birləşmələrə və terrorçulara Azərbaycan ərazilərində yer yoxdur. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bayrağını və suverenliyini qəbul edən ermənilər qalıb yaşaya bilərlər. Separatizm meylləri olan şəxslər üçün qapı açıqdır! Amma onlar üçün QUM SAATI işə salınıb, terrorçuların uzun müddət ərzində Qarabağda qalmasına izn verilməyəcək, tezliklə rədd olub getməlidirlər, bizim görməli olduğumuz başqa işlər var, tar-mar edilən həmin əraziləri də bərpa etməliyik!
Rusiya hərbi kontingentinin Qarabağa Ermənistandan daşınan karvana sarvanlıq etməsini son aylar boyunca ikrahla müşahidə etdik! Rus bayrağını başlarının üstünə taxıb, arxalarında terrorçuların hərbi texnika və təchizat maşınlarını aparırlar, gərginliyi tətikləyirlər. Elə buna görə də Laçın yolunda hansısa cihazın quraşdırılmasını istəyirdilər, Azərbaycan uzaqda qalsın deyə. Alınmadı planları...Artıq Göyçə-Zəngəzur istiqamətindəki qapımızı qapayandan sonra Rusiya hərbçiləri də öz davranışlarına düzən verməlidirlər! Onların özbaşınalığı sonsuzadək davam edə bilməz! Unutmasınlar ki, Azərbaycanda müvəqqətidirlər, uzağı 2025-ci ilədək!
Praqa və Soçi sənədləri ilə Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Digər tərəfdən, Ermənistan özü də birtərəfli qaydada Laçın-Xankəndi yolunun üzərində post qurub, Azərbaycandan əvvəl! Bu halda Azərbaycan da adekvat addım atmalı idi və atdı da. Bu günlərdə parlamentdə çıxışı zamanı Paşinyan bunu bir daha təsdiq etdi. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyirsə, hansı haqla sən sərhəd qapısını bağlama, nəzarət etmə, deyə bilər?! Eyni zamanda ermənilər və Ermənistan bu reallığı qəbul edirsə, deməli, heç kim Roma papasından artıq katolik olmağa cəhd etməməlidir. Heç kim!