Hansı ermənilərə Azərbaycan vətəndaşlığı veriləcək?- MÜSAHİBƏ

28-04-2023, 14:30   


Hansı ermənilərə Azərbaycan vətəndaşlığı veriləcək?- MÜSAHİBƏ

Azərbaycan rəhbərliyi Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizdə məskunlaşan ermənilərin Azərbaycan vətəndaşlığı alması ilə bağlı bəyanat yayıb. 

Bəyanatda qeyd edilir ki, Azərbaycanın suverenliyinə qarşı cinayət törətməmiş ermənilər vətəndaşlıq almaq üçün “ASAN  Xidmət” və Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər. Lakin məlumdur ki,  istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində həmin ərazidə məskunlaşan ermənilərin əksəriyyətinin, bəlkə də hamısının əli xalqımızın qanına batıb. Qarabağda elə bir erməni ailəsi yoxdur ki, onun üzvü müharibədə iştirak etməsin. 

Belə olan halda, Qarabağ ermənilərinin vətəndaşlıq məsələsinin tənzimlənməsi nə dərəcədə mümkün olacaq?

“Cümhuriyət” qəzetinin suallarını yazıçı-publisist, jurnalist və “Azad Şuşa” portalının baş redaktoru Kərim Kərimli cavablandırıb. O bildirib ki, bütövlükdə hər hansı bir millət və ya bütün əhali barədə qəti hökm vermək düzgün deyil:

-Çünki belə şey əslində olmur. Qarabağda əvvəldən, yəni bu ərazilərdə sovet dövründə və ya ondan da əvvəl doğulmuş, böyümüş və ata-babaları bu bölgəyə aid olan  ermənilər var. Minlərlə əhalinin əlinin Azərbaycan əsgərinin və xalqımızın qanına batmasını demək, məncə doğru yanaşma deyil. Faktiki olanı demək kifayətdir. Məsələn, mən onlarla erməni tanıyırdım ki, onlar münaqişə başlayanda Ermənistanın və Rusiyanın yaramaz təşəbbüsünün tərəfdarı deyildilər. Onlar erməni millətçiliyinə, separatizmə və etnik toqquşmalara qarşı çıxış edirdilər. Onların bir çoxunu erməni terrorçuları cəzalandırdılar, erməni millətçiləri onların bəzilərinin  evlərini yandırdılar və bəzilərini də öldürdülər. Bunlara misal olaraq  konkret nümunə də göstərə bilərəm. 

İndiki dövrdə də Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və Qarabağdakı bəzi separatçı dairələrin siyasətinə qarşı çıxış edən, xalqımıza silah qaldırmayan ermənilər də var. Əlbəttə, hər iki müharibədə Qarabağdakı ermənilərin bir çoxunun da payı var. Amma bu, o demək deyil ki, orada məskunlaşan ermənilərin hamısı müharibədə iştirak edib. Ümumiyyətlə, indiyə kimi kim Qarabağda yoxlama aparıb ki, kim silaha əl atıb, yoxsa atmayıb?

Deməli, bu barədə qəti hökm vermək hazırda mümkün deyil. Bu istiqamətdə addım atılsa belə, uzun proses olacaq. Həmin proses çərçivəsində ermənilər vətəndaşlıq üçün müraciət etdikcə, yaxud Azərbaycan hökuməti onların müraciəti üçün şərait yaradıb başqa üsullar tətbiq elədikcə onların qeyri-qanuni hərbi birləşmələrdə iştirak edib-etməməsini aydınlaşdırmaq mümkün olacaq. Azərbaycanın xüsusi xidmət orqanlarının və silahlı qüvvələrinin, digər qurumlarının bu məsələləri aydınlaşdırmaq üçün kifayət qədər imkanı var. Bəzi hallarda, hətta oradakı ermənilərdən separatçılığa və işğalçılara qoşulmayıb sakit oturanlar da olub. Elə ermənilər olub ki, onlar qorxudan qanunsuz silahlı birləşmələrə qoşulublar. Birinci Qarabağ müharibəsi dövründə Ermənistan və digər ölkələrdən Qarabağa gəlmiş erməni terrorçuları döyüşlərdə yerli erməniləri qabağa verirdilər. Özləri isə arxadan gəlirdilər. Onların geri çəkilməməsi üçün  arxadan atəş açırdılar. 

Qarabağdakı ermənilərinin içərisindən kim millətimizə güllə atıb, kim azərbaycanlıların əmlakını və mülklərini dağıdıb, talan edib, qəbiristanlıqlarımızı yerlə-yeksan edib, bütün bu məsələlərin aydınlaşdırılması müntəzəm və ardıcıl prosesin tərkib hissəsi olacaq. Ona görə də bu barədə indidən fikir söyləmək və ya qəti hökm vermək çətindir və doğru deyil. Güman edirəm ki, Azərbaycan hökuməti bu kimi məsələləri diqqətlə araşdıracaq. Bununla belə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev sülh və əmin-amanlıq naminə konstitusiya çərçivəsində ona verilmiş müəyyən səlahiyyətlərdən istifadə edərək bölgədə stabilliyin və uzun müddətli dincliyin yaranması üçün müvafiq addımlar da atacaq.

- Sizcə, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizdə məskunlaşan ermənilər Azərbaycan vətəndaşlığı qəbul edəcəklər?

– Ümumiyyətlə, erməni millətindən olan sakinlərlə bağlı “Azərbaycan vətəndaşlığının bərpa olunması” terminini işlətmək daha düzgün olardı. Çünki Azərbaycanın Qarabağ ərazisi müvəqqəti işğal altında olub və  vətəndaşlıq prosesi dayandırılıb. Yəni Azərbaycan dövlətinin razılığı olmadan, xalqımızın və dövlət rəhbərliyinin iradəsindən kənarda ermənilərlə bağlı vətəndaşlıq proseslərini, vətəndaşlıq münasibətlərini həyata keçirmək qeyri-mümkün idi. Lakin 44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib ərazi bütövlüyünü təmin etdiyinə, eləcə də işğaldan azad edilmiş, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə öz suverenliyini bərpa etmək iradəsinə malik olduğuna görə yerli ermənilərin vətəndaşlıq məsələlərinə yenidən baxılmalıdır.

Bununla yanaşı, Qarabağda, yəni Azərbaycan Respublikasının ərazisində Birinci Qarabağ müharibəsindən sonra doğulmuş və valideynləri də buralı olan gənc nəsil də Azərbaycan vətəndaşı hesab oluna bilər. Rusiya sülhməramlılarının münasibətinə gəlincə, vətəndaşlığın bərpası bu məqsədlə qəbul ediləcək sənədlərdən asılı olacaq. Yəni qanunverici baza yaradılmalıdır. Çünki bu cür bir məsələ tariximizdə ilk dəfədir. Qanun hər şeydən üstündür. Bunun üçün mövcud qanunlar bazasında çatışmazlıqlar aradan qaldırılmalı, ehtiyac varsa, yeni qanunlar qəbul edilməlidir. Ehtiyac yaranacağı təqdirdə, Azərbaycan və Rusiya danışıqlar aparıb yerli ermənilərlə təmaslar qurmaqla və rus sülhməramlılarının da bölgədə olacaqları müddət çərçivəsində onların iştirakı ilə bu prosesi həyata keçirə bilərik. Bu məsələlər xırda detallardan ibarətdir və prosesin gedişatında öz həllini tapacaq. 

-Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə yenidən reinteqrasiyası nə dərəcədə mümkün ola bilər?

– Təbii ki, bu, uzun proses olacaq. Ancaq bu istiqamətdə uğurlu addımlar atmaq mümkündür. Ona görə ki, dövlət rəhbərliyinin özü bu prosesə nəzarət edəcək. Burada müsbət rol oynayacaq məqam budur ki, erməni milləti və ictimaiyyəti istənilən cəmiyyətə başqa millətlərə nisbətən daha sürətli və mütəhərrik uyğunlaşma qabiliyyətinə malikdir. Ermənilər istənilən cəmiyyətdə yaxşı baş çıxara bilirlər. Dərhal başqa cəmiyyətə qovuşur, həmin cəmiyyətdə xırda detalları öyrənir, necə deyərlər, su qabda forma aldığı kimi ermənilər də başqa cəmiyyətlərə girib orada formalaşmağı bacarırlar. İnanıram ki, bu proses mümkün olacaq. 

Bəli, yaralarımız hələ sağalmayıb, şəhidlərimiz, mənəvi cəhətdən ağır zərbələr almış ailələrimiz və çox böyük faciələrə düçar olmuş vətəndaşlarımız var. Bu yaralar heç vaxt unudulmayacaq, amma zamanla ağrısı bir az səngiyəcək. Bununla belə, dövlət və vətən naminə Azərbaycan xalqı müəyyən qədər humanizm, böyüklük nümayiş etdirəcək. Mən demək istəmirəm ki, bütün ermənilər bağışlanacaq. Sadəcə olaraq, bağışlanması mümkün olan, cinayət törətməyən, Azərbaycan vətəndaşı olacaq ermənilərə qanuni münasibət göstəriləcək. Amma hər halda yenə də ehtiyatlı olmalıyıq. Ərazilərimizdə yüksək səviyyədə qanunçuluğun təmininə çalışmaq lazımdır. Azərbaycan dövlətinin və xalqının maraqlarının müdafiəsi hər şeydən üstün olmalıdır.  

-Yaxın 15-20 ildə Qarabağda azərbaycanlılar və ermənilərin birgəyaşayış perspektivini görürsünüz ?

– Tam birgəyaşayış alınmasa da, müəyyən qədər bu məsələyə nail olmaq mümkündür. Lakin birgəyaşayış üçün bir sıra məsələləri nəzərdən keçirmək lazımdır. Birincisi, Azərbaycan Respublikasının bu məsələ ilə bağlı strateji planları nə ola bilər? Yəni dövlət qarşısına bir proqram qoyacaqmı, yaxın 15-20 il ərzində erməni əsilli vətəndaşlarımızın Azərbaycan cəmiyyətinə reinteqrasiyası təmin olunsun? Yaxud bu, uzunmüddətli proses olacaq və mərhələli şəkildə həyata keçiriləcək? Digər tərəfdən elə etmək lazımdır ki, Qarabağda növbəti müharibə təhlükəsi yaranmasın. Bunun üçün bölgədə potensial müharibə ocaqlarını mütləq söndürmək lazımdır. Bu üsullardan biri də gələcəkdə separatçılıq mənbəyi ola biləcək bölgələrin tamamilə neytrallaşdırılmasıdır. Bu tədbirlərə, həmçinin birgəyaşayış konsepsiyası daxil edilməlidir. Çünki əks halda, erməni cəmiyyəti Azərbaycan cəmiyyətindən ayrı şəkildə mövcudluğunu hiss edəcək. Bu da yeni gərginliklərin yaranmasına səbəb ola bilər. Bu, heç bir halda Azərbaycan xalqına sərf etmir.  

-Hazırda Qarabağda məskunlaşan yerli ermənilərin sayı təxmini nə qədərdir? 

-Doğrusu, deyə bilmərəm, Qarabağda hazırda təxmini nə qədər erməni yaşayır. Amma əldə etdiyim məlumata görə, hazırda Qarabağda yaşayan erməni sakinlər ermənilərin özlərinin elan etdiyi statistikadan üç dəfə azdır. Hesab edirəm ki, Azərbaycanın Qarabağın erməni icması üzərində suverenliyinin təmin olunması və reinteqrasiya prosesinin başlanması həm də oradakı əhalinin ələnməsi, sayının dəqiqləşməsi demək olacaq. Ona görə də bu tədbir mütləq həyata keçirilməlidir. Son otuz il ərzində xarici ölkələrdən Qarabağa gələn və bölgədə yerli erməniləri Azərbaycana qarşı qaldıran ermənilər və onların davamçıları ölkədən dərhal çıxarılacaq. Bununla bərabər, orada əhalinin siyahıya alınması aparılacaq, monitorinqlər həyata keçiriləcək. Nəticə etibarı ilə Qarabağda dəqiq və faktiki olaraq nə qədər erməninin yaşamasını bilmək mümkün olacaq. 

Azərbaycanlı və erməni əhalinin sayının nisbətinə gəlincə isə, Qarabağın azərbaycanlı əhalisinin sayı erməni əhalisinin sayından qat-qat çoxdur. Eləcə də Qarabağın dağlıq hissələrində yaşayacaq azərbaycanlı əhalinin sayı da ermənilərdən o qədər də az deyil. Lakin keçmiş məcburi köçkünlər öz yurd-yuvalarına qayıtdıqdan sonra mənzərə tamamilə aydınlaşacaq. Daha çox insan öz torpaqlarına dönməlidir ki, oradakı demoqrafik balansı təmin edə bilək. Geri qayıdışdan sonra isə demoqrafik sahədə siyasət oralarda əhalimizin sayının gərəkli sayda olmasına imkan verəcək. Azərbaycanlılar və ermənilər arasında təbii artım məsələsində də bizim millətin üstünlükləri çoxdur.

Zənnimcə, əsas məsələ kim sayca çoxdursa, o da hegemon olmalıdır və istədiyini etməlidir olmamalıdır. Əsas məsələ o olmalıdır ki, qanun heç kimə heç kimin üzərində qanunsuz hegemonluq etməyə imkan verməsin. Sovet sisteminin, bolşeviklərin saxta yolla qanunsuz yaratdığı muxtar vilayətin mövcud olduğu 68 il 4 ay ərzində ermənilər üçün yaradılmış əlahiddə şərait və fövqəladə üstünlük separatizmin güclənməsinə gətirib çıxartdı. Əslində isə qanun qarşısında hamı bərabər olmalı idi.
Ümid edirəm ki, bundan sonra, məhz belə olacaq.  

Yunis Abdullayev
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar