“Qətnamə Azərbaycanla Avropa Parlamentinin əməkdaşlığını ciddi şəkildə sual altına qoyacaq”.
Bu sözləri Axar.az-a millət vəkili, ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyev Avropa Parlamentində Azərbaycanla bağlı qəbul olunan qətnaməyə münasibət bildirərkən dedi. Onun sözlərinə görə, bu, praktiki effekti olmayan bir kağız parçasıdır:
“Qətnamə başdan ayağa bir nəfərin, yaxud da bir neçə nəfərin subyektiv düşüncələri əsasında yazılmış və demək olar ki, bir çox hallarda qeyri-peşəkar və əsassız olaraq hazırlanmış qətnamədir. Bu, ilk növbədə beynəlxalq hüquqa, müstəqil bir dövlətin hüquq sisteminə ciddi şəkildə kölgə salan, müstəqil ölkə ilə təzyiq və əda dilində danışan, qanunun aliliyi prinsiplərinə məhəl qoymayan , yüksək tonla, amiranə şəkildə yazılmış, heç bir konkret əhəmiyyəti və konkret praktiki effekti olmayan kağız parçasıdır. Mən buna çox təəssüf edirəm. Hesab edirəm ki, Avropa Parlamentinin deputatları bir qrup şəxsin hikkəsinin qurbanı olmamalı idi”.
Millət vəkilinin sözlərinə görə, bu qətnamə Avropa ilə Azərbaycan arasında yaranan münasibətlərin sonu ola bilər:
“Bu məsələdə tələsik, əsaslandırılmamış qərar qəbul edilməməli idi. Amma bu edilibsə, deməli, artıq qətnaməni hazırlayanlar doğurdan da bütün proseslərdən uzaq və reallığı olduğu kimi qiymətləndirə bilməyən insanlardır. Onlar bir qrup bu işdə marağı olan şəxsin təzyiqi altında, onların istəyini nəzərə alaraq və onların planlarına uyğun şəkildə bu addımı atıblar. Hesab edirəm ki, bu, ilk növbədə Avropa Parlamentinin nüfuzuna xələl gətirəcək bir addımdır və Azərbaycanla Avropa Parlamentinin əməkdaşlığını ciddi şəkildə sual altına qoyacaq. Əlbəttə ki, bu hadisə bizdə təəssuf hissi doğurur. Xarici İşlər Nazirliyi bəyanat verib, münasibət bildirilib və hesab edirəm ki, Azərbaycan Parlamenti də bu məsələyə münasibətini bildirəcək. Bir qrup qətnamə müəllifinin Avropada keçiriləcək yeni seçilərdə populyarlaşması üçün bu lazım idi və bunu etdilər. Məncə, bu qətnaməyə xüsusi əhəmiyyət vermək lazım deyil”.
Millət vəkili, Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə isə hər hansı bir qətnamə ilə Azərbaycana təzyiqin yolverilməz olduğunu bildirdi:
“Azərbaycanla heç bir dövlət diktə ilə danışa bilməz. Avropa Parlamentinin “Cənub” qaz dəhlizinin genişləndirilməsi və “Trans-Anadolu” layihəsinin təməlqoyma mərasimi ərəfəsində belə bir qətnaməni qəbul etməsi əslində Avropa üçün arzuolunan deyil. Avropa bu cür addımları ilə Azərbaycanı özündən uzaqlaşdırır. Bu gün Azərbaycan Avropaya daha çox lazımdır, nəinki Avropa Azərbaycana. Çox təəssüf edirəm ki, Avropa Parlamentinin daxilində Avropa İttifaqının özünün təməl maraqlarına zidd fəaliyyət göstərən müəyyən qüvvələr var. Bu qüvvələr də bu cür qətnamələrin qəbulunda aktiv iştirak edir”.
Millət vəkilinin sözlərinə görə, bu qətnaməni hazırlayanlar bir dəfə də Azərbaycanda olmayıblar:
“Ən maraqlısı budur ki, Parlamentdə bu qətnamənin layihəsini hazırlayan deputatların heç biri Azərbaycanda olmayıb. Onlar ölkəmizdə olmadıqları halda, ölkəmizdəki həqiqəti və reallığı bilmədiyi, görmədiyi halda belə bir qətnaməni hazırlamaqda maraqlı olublar. Xüsusilə də bununla bağlı Avropa Parlementində almaniyalı deputatlar canfəşanlıq göstərib. Son zamanlar almaniyalı deputatların Azərbaycanla bağlı müəyyən qərəzli mövqelərinin şahidi olmuşuq. Çox təəssüfedici haldır ki, bütün dövlətlərə qanunun aliliyini uca tutmağı tövsiyyə edən Avropa parlamentariləri bu dəfə qanunun aliliyinə deyil, fərdlərin aliliyinə qiymət verdilər. Qətnamənin bəzi adamların qeyri-şərtsiz azadlığa buraxılmasını tələb etməsi absurddur. Bu adamlar bilavasitə Avropa ölkələri ilə, beynəlxalq təşkilatlar ilə sıx əlaqədə olan və onlardan maliyyə dəstəyi alaraq ölkəmizin milli maraqlarına zidd fəaliyyətlə məşğul idilər. Biz bu faktları kənara qoyuruq. Avropada da bu gün ən ciddi cəzalandırılan vergi qanunvericiliyi tələblərini pozan insanların qeyri-şərtsiz azadlığa buraxılmasını tələb edirlər. Biz bu qətnaməni Avropa Parlamentinin Azərbaycanın daxili işlərinə qarışması, hüquq-mühafizə orqanlarının işinə qarışması və Azərbaycanda qanunların ayaq altına atılmasına xidmət edən bir bəyanatın verilməsi kimi qiymətləndiririk”.
Avropalı parlamentarilərin Azərbaycanda ola-ola Krım məsələsini müzakirə edəndə Qarabağı yaddan çıxardıqlarını deyən millət vəkili Avropanın Azərbaycana ikili standartlarla yanaşdığını bildirdi:
“Belə hesab edirəm ki, Avropa Parlamenti nəinki ikili, hətta çoxyönlü standartlarla Azərbaycana təsir edir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirdə avropalı deputatlar Krımla bağlı qətnamə qəbul etmək istədikləri halda işğal olunmuş torpaqlarımızı yaddan çıxartdılar. Özlərindən min kilometr uzaqlıqda bir ölkənin təəssübünü çəkdikləri halda tədbir keçirdikləri ölkənin işğal olunmuş torpaqlarını görməzlikdən gəldilər. Bu da onu göstərir ki, Avropa Parlamenti Azərbaycana qarşı səmimi deyil”.
Millət vəkili onu da bildirdi ki, bu qətnamə Azərbaycan üçün vacib deyil və münasibətlərin pozulmasına gətirib çıxaracaq:
“Bu qətnamələr nə qədər qəbul olunsa da, Azərbaycan üçün vacib şərtlərdən deyil və Azərbaycan bu tələbləri icra etməyəcək. Əksinə, bu, Avropa-Azərbaycan münasibətlərinin pozulmasına gətirib çıxaracaq. Hər bir vətəndaşın şikayəti ola bilər. Azərbaycan da bu istiqamətdə öhdəsinə götürdüyü öhdəliyə sadiq qalır və hər kəs Avropa məhkəməsinə şikayət edə bilər. İndidən, istintaqın getdiyi bir vaxtda insanların azad olunması tələbi ilə çıxış etmək və Azərbaycanda insan haqlarının pozulması, QHT-lərin sıxışdırılması, digər hüquq və insan haqlarının pozulması kimi bəyanatın hazırlanıb önə çıxarılması göstərir ki, Avropa ölkəmizə qarşı səmimi deyil. Qətiyyətlə bu qətnaməni pisləyirik”.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Asim Mollazadə bu qətnamənin əvvəlcədən planlaşdırıldığını, reallaşmaqda olan layihələrə təzyiq vasitəsi kimi istifadə edildiyini dedi:
“Bəzi qüvvələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağından çox narahatdır. Məhz buna görə də Avropa Parlamenti Azərbaycanda yeni layihələrin reallaşması ərəfəsində belə bir qətnaməni hazırlayaraq Azərbaycana təzyiqləri artırmaq üçün istifadə edib. İlk növbədə təbii ki, söhbət Azərbaycanı enerji sahəsində rəqib görən qüvvələrdən gedir. Hər zaman olduğu kimi, erməni diasporu öz fəaliyyətini daha da gücləndirərək belə bir təzyiqlər istiqamətində iş aparır. Biz düşünürük ki, Avropa Parlamenti daha yaxşı olardı ki, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı vaxtında verilmiş qətnamənin icrası üçün müvafiq işlər görərdi. Hal-hazırda Ukraynada baş verən hadisələr ilə bağlı Avropa Birliyi bir sıra sanksiyalar müəyyənləşdirib. Amma Ermənistan kimi işğalçı bir ölkəyə qarşı bu tip sanksiyalar tətbiq olunmadı. Əgər tətbiq olunsaydı, bu gün Cənubi Qafqazda sülh və əmanamanlıq bərqərar olardı”.