Lentsovun korlanan “siftəsi” – Rus general niyə Ukraynaya yox, Qarabağa göndərildi?

29-04-2023, 15:49   


44 günlük qalibiyyətli müharibədən sonra Qarabağdakı “sülhməramlı” kontingentin komandanı üçüncü dəfə dəyişdi. Bu dəfə general-mayor Andrey Volkovu rütbəcə ondan daha böyüyü - general-polkovnik Aleksandr Lentsov əvəzlədi.

Əlbəttə, bizdən ötrü önəmlisi bu generalın poqonundakı ulduzların sayı, yaxud onun soyadı, keçmişi deyil, yeni komandanın ilk növbədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə sayğılı olub-olmayacağıdır. Hər necə olmasa, Putinin imzası duran 22 fevral (2022) Moskva Bəyannaməsi var. Harada ki, iki ölkənin bir-birinin torpaq bütünlüyü və sərhədlərinin toxunulmazlığına qarşılıqlı sayğı, separatizm və terrorçuluqla birgə mübarizə “qırmızı xətlər” kimi keçir.

Amma biz nə gördük. General Lentsov ölkəmizə ayaq basar-basmaz, öncə bu torpağın halal yiyəsi Azərbaycanın rəhbərliyini ziyarət eləmək, Bakıya gəlmək yerinə, “Şeytan yuvası” Xankəndində separatçı-quldurların başçısı Araiklə qucaqlaşdı, “bayraq” adlandırılan əski parçasının yanında poza verdi. Ardınca İrəvana gedərək, Ermənistan hərbi-siyasi rəhbərliyi ilə danışıqlar apardı. Keçirdiyi görüşlərdə də erməni tərəfinə Laçın yolunu rus “sülhməramlıların” tam nəzarətinə qaytarmağa çalışdığını söylədi.

WhatsApp Image 2023-04-29 at 14.57.15.jpeg (56 KB)

Beləcə siftəsini korladı. Onun Xankəndi-İrəvan anormal marşrutunun isə iki əsas səbəbi ola bilərdi: 1. Son vaxtlar Rusiyaya qarşı isterik ovqat köklənmiş “əzabkeş xalqa” reverans eləmək, onu sakitləşdirmək istəyi. Yəni ki, bütün irad-tənqidlərə rəğmən, Rusiya ermənilərin, “artsax”ın yanındadır və aprelin 23-də Laçın yolunun başlanğıcında qurulan postla bağlı artıq hərəkətə keçib. 2. General bununla Moskvanın Bakıdan incik olduğunun mesajını verib.

Ancaq aydındır ki, Laçın yolunda hansı buraxılış rejiminin olması rus generalın burun soxacağı məsələ deyil. Ən yüksək səviyyədə müzakirə olunacaq bir mövzudur. Bu xüsusda azərbaycanlı hərbi ekspert Şair Ramaldanovun yeni təyinatla bağlı dəyərləndirməsi diqqət çəkir. Sitat: “General Aleksandr Lentsov böyük bacarıq yiyəsi olsaydı, Ukraynadakı qaynar nöqtələrin birinə göndərilərdi”.

Məntiqlidir. Buna da şübhə yox ki, Lentsov bölgəyə öz sələfi Volkovu Putinin konkret təlimatı ilə əvəzləmək üçün təyinat alıb. Hansı təlimat, az sonra bəlli olacaq.

Bir şeyi əminliklə söyləmək olar ki, Azərbaycan öz suveren ərazisində - Laçın yolunun girişində qanuni postunu az sonra kiminsə xahişi ilə yığışdırmaq üçün qoymayıb. Bu istisnadır. Olsa-olsa, rus sülhməramlılar hansı şəkildə nəzarət-yoxlama prosesinə yardımçı kimi cəlb oluna bilərlər.

Ermənistan və havadarlarının dil boğaza qoymadan tez-tez təkrarladıqları absurd iddiaya - postun qurulmasının guya 10 noyabr üçtərəfli kapitulyasiya sənədinə zidd olmasına gəlincə, əvvəla, həmin sənədə görə (6-cı bənd), Bakı yolda təhlükəsizliklə bağlı öhdəlik götürüb, “maneəsiz hərəkət” öhdəliyi yox! Bunlar fərqli anlayışlardır (nəzarət postu da maneə anlamına gəlir).

Laçın postu isə təhlükəsizliyə nəinki zidd deyil, əksinə, onun gücləndirilməsidir. Çünki söhbət həmin yolla separatçılar üçün Qarabağa silah-sursat və minalar daşınmasından gedir. Bu isə enində sonunda yeni hərbi toqquşma, Qarabağdakı erməni əhali üçün böyük təhlükə deməkdir.

İkincisi və ən əsası, 10 noyabr sənədi Azərbaycan Konstitusiyasından üstün hüquqi qüvvəyə malik ola bilməz. Bu sənəd uzağı 2 il yarım sonra faktiki qüvvədən düşəcək. Azərbaycan Konstitusiyası isə qalacaq.

Ondansa, yaxşı olmazmı yoldaş Lentsov 10 noyabr anlaşmasının 4-cü bəndinin reallaşması ilə məşğul olardı? Qarabağda yuva salmış 10 mindən çox silahlı-quldur dəstələrinin ərazimizdən çıxarılması, ya da tərk-silah edilməsini deyirik – hansı ki, üçüncü ildir həyata keçmir. Həmçinin hələ də reallaşmayan Zəngəzur dəhlizi (bənd 9).

Rusiyalı general qollarını çirmələyib öncə həmin bəndlərin (4,9) həyata keçməsinə töhfə versəydi, bu olardı bölgədə həqiqi mənada savaşa yox, sülhə konkret töhfə! Yox, o da sələfi kimi, separatçı-terrorçuların silahlanması yönündə dəridən-qabıqdan çıxacaqsa, Laçın yolunun da məhz bu səbəbə köhnə rejimdə işləməsinə səy edəcəksə, onda heç-zad.

Onda boşuna gəlib və ya göndərilib. Zira, Qarabağ sizin üçün Suriya, Donbas, Abxaziya deyil, olmayacaq!..

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar