“Bir müddət sonra ermənilər Azərbaycan pasportu alacaqlar” - Qarabağda nə baş verir?

1-05-2023, 14:32   


“Hesab edirəm ki, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması ən gözəl addımdır. Çünki NBM-in fəaliyyətə başlaması  hamımız üçün qürur yeri oldu. Hansı ki, ekoloqlarımızın o yolda durması da axırda bütün dünyaya göstərdi ki, bura bizim torpaqlardır və biz bu yerlərin sahibiyik”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.

O, Laçında qurulan NBM nəticəsində Qarabağ ermənilərinin pasportlarını göstərərək Azərbaycan ərazilərinə maneəsiz giriş-çıxışlarından, habelə bunun bölgənin Azərbaycana reinteqrasiya olması üçün atılan ən böyük addım olmasından söz açıb. 

N.Cəfəroğluya görə, ermənilərin pasportlarını göstərib ərazilərimizə keçməsi bizim üçün müsbət bir addımdır:

“Ermənilər artıq başa düşürlər ki, onların başqa yolları yoxdur və bizə tabe olmalıdırlar. Hətta bir neçə müddətdən sonra onlar Azərbaycan pasportu da alacaqlar. Bunların başqa çıxış yolu yoxdur”. 

Hüquq müdafiəçisi xatırladıb ki, Ermənistan artıq Qarabağ ermənilərini qəbul etmir:

“Çünki Baş nazir Nikol Paşinyan fikirləşir ki, əgər “Artsax” (ermənilər Qarabağı belə adlandırır – red.) olmasa, baş ağrısı da olmayacaq. Belə olan halda Paşinyan yalnız Ermənistan haqqında fikirləşəcək. “Artsax” dedikləri torpaqlar bunlar üçün bir bəladır. Bu olmasa, artıq bütün fikirlərini Ermənistana yönəldə bilərlər. Paşinyan da bunu başa düşür”. 

Müsahibimiz söyləyib ki, Xankəndidə olan ermənilərin çoxu da bunu başa düşəcəklər ki, onlar ya gedib İrəvanın küçələrində “bomj” kimi yaşayacaqlar, ya da ki, Azərbaycan bayrağı altında öz övladlarını normal vəziyyətdə yetişdirə biləcəklər: 

“Çünki biz Azərbaycanda heç bir millətə hər hansı məhdudiyyət tətbiq etməmişik. Konstitusiyada bizə şamil olan hüquq və imtiyazların hamısı elə onlara da şamil olunacaq. Lakin onlar nadürüstlük edib öz yaxşı günlərini başa düşmədilər. Əgər bunu başa düşsəydilər, neft kəməri birbaşa Ermənistandan Türkiyəyə gedəcəkdi, onlar da çox gözəl yaşayacaqdılar. Sadəcə, ermənilər şadlıqlarına şitlik etdilər”. 

“Bu gün Qarabağ ermənilərinin çoxu Azərbaycanla danışıqlarda maraqlıdırlar. Hesab edirəm ki, postun qurulması tərəfimizdən atılan ən gözəl addımdır. Biz bütün dünyaya göstərməliyik ki, ermənilər gəlib postdan keçirlər və onlara heç nə olmur. Ən əsası isə bunun PR-ını dünyaya çatdırmalıyıq”, - yekunlaşdırıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar