Rusiya deyir ki, iki dron dünən gecə Moskvada Kremli vurub. Rusiya iddia edib ki, bu, Ukraynanın Prezident Vladimir Putini öldürmək cəhdidir.
Kreml iddia edib ki, hücum zamanı iki drondan istifadə olunub, amma onlar Rusiya müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Hadisə vaxtı cənab Putin Kremldə olmayıb və binalara zərər dəyməyib, Rusiya xəbər agentlikləri bildirir.
Prezident Volodımır Zelenskinin sözçüsü deyib ki, Ukrayna Rusiyanın keçən il işğal etdiyi torpaqlarını azad etməklə məşğuldur və dron hücumu ilə heç bir əlaqəsi yoxdur.
Digər bir rəsmi BBC-yə deyib ki, bu hadisə Rusiyanın Ukraynada "genişmiqyaslı terror təxribatı" hazırlamasına dəlalət etmiş ola bilər.
Kremlin bəyanatında deyilir: "Dünən gecə, Kiyev rejimi Rusiya Federasiyası Prezidentinin Kreml iqamətgahına pilotsuz uçan aparatlarla hücum etməyə cəhd göstərib".
Rəsmi məlumatdan öncə, Rusiya teleqram kanallarında Kremlin üzərində tüstünü göstərən video yayılıb.
Bundan başqa, Rusiyanın digər regionlarına, o cümlədən sərhəd Bryansk vilayətinə dron hücumarı edildiyi bildirilir.
Kreml hadisəni "planlaşdırılmış terror aktı" adlandırıb və deyib ki, lazım gəldiyi vaxt və necə cavab vermək hüququnu özündə saxlayır.
"Kreml bu hərəkətləri planlaşdırılmış terror aktı və 9 may Qələbə günü ərəfəsində prezidentə sui-qəsd hücumu kimi qiymətləndirir", RIA agentliyi yazıb.