Qərb havalı AFFA-da elə bir silkələnmə olacaq ki... - Keçmiş nazirlə bağlı SENSASİON AÇIQLAMALAR

4-05-2023, 14:21   


Ölkə futbolunu düşdüyü (düşürüldüyü) çuxurdan çıxarmaq üçün bu sahənin sözün əsl mənasında başbilənləri illərdir qızıl xırdalayırlar. Lakin AFFA bu durumda əsl Qərb mövqeyi alıb – lal, kar, kor olmaq qurumun işinə yarayır deyəsən.

“Bizim ölkədə səviyyəli futbolçu çatışmır, olanımız budur” deməklə mövcud durumu malalamağa çalışır. Bütün nəticələr isə verilən qərarlardan qaynaqlanır.

Azərbaycan futbolu üçün bu qərarları AFFA İcraiyyə Komitəsi verir. Komitə üzvlərinin bəzilərinin futbol sferasından kənar olması isə ortaya haqlı sual çıxarır - futbolu dərindən bilməyən adamın AFFA İcraiyyə Komitəsində nə işi var?  

ilkin.jpg (74 KB)

ATV-nin redaktoru, Sportinfo.az saytının redaktoru İlkin Fikrətoğlu təxminən 1 ay öncə Musavat.com-a verdiyi müsahibədə konkret adlar çəkmişdi:

“Bu Komitə bir növ AFFA-nın milli məclisidir, qərarverici orqanıdır. Bütün qərarları onlar təsdiqləyirlər. Həmin qərarların qəbul olunmasına əl qaldıranlardan biri Elmar Məmmədyarovdur, digəri elm və təhsil nazirinin müavini Firudin Qurbanovdur, daha biri “SOCAR Georgia”nın prezidenti Mahir Məmmədovdur. Azərbaycan futbolunun evini yıxan qərarları onlar qəbul edirlər. Hər halda indiyə qədər qəbul olunan qərarların ancaq zərərini, zərbəsini görmüşük”.

Məsələyə həmişəki kimi hərtərəfli mövqe almağa çalışdıq.

Prezident İlham Əliyevin 16 iyul 2020-ci ildə imzaladığı sərəncamla ölkənin xarici siyasət idarəsinin rəhbəri vəzifəsindən uzaqlaşdırılan Elmar Məmmədyarov AFFA İcraiyyə Komitəsindəki fəaliyyətindən danışmaq istəmədi. Məmmədyarov bildirdi ki, bununla bağlı AFFA-nın mətbuat xidməti açıqlama verə bilər.

Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Musavat.com-a açıqlamasında qeyd etdi ki, Elmar Məmmədyarov AFFA-nın İcraiyyə Komitəsinin üzvü seçildiyi gündən XİN-də çalışırdı.

futbol.jpg (209 KB)

“Bilirsiniz ki, futbol beynəlxalq əlaqələrin aktiv olduğu bir sahədir. Komandalarımız, rəsmilərimiz tez-tez xarici ölkələrə səfər edir. Burada viza məsələləri və s. var. İcraiyyə Komitəsinin strukturuna əsasən, Komitənin üzvü olan hər hansı bir şəxsin digər vəzifəsindən uzaqlaşması onun üzv kimi statusunun itirilməsinə gətirib çıxarmır. İcraiyyə Komitəsi AFFA-nın Hesabat-Seçki Konfransında seçilir. Konfrans 4 ildən bir keçirilir. 2020-ci ildə keçirilən konfransda Elmar Məmmədyarov da seçilib. Onun səlahiyyət müddəti 2024-cü ilin ilk 3 ayı ərzində başa çatacaq. AFFA-nın Nizamnaməsinə əsasən, konfranslar hesabat ilinin ilk 3 ayı keçirilir. Hər şey o zaman bəlli olacaq”, - sözçü əlavə etdi.

Firuz Abdulla bildirdi ki, İcraiyyə Komitəsində təmsil olunan şəxslərin futbolun texniki tərəfləri ilə məşğul olması və meydanda baş verən proseslərə müdaxilə etmək bacarığına malik olması vacib deyil:

“Məsələn, elm və təhsil nazirinin müavini Firudin Qurbanov Nazirliklə əlaqələrin qurulmasında iştirak edir. Çünki uşaq yaşlı futbol komandalarının hamısı şagirdlərdir, bu da Elm və Təhsil Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı labüd edən məsələdir. Fərid Mansurov isə Gənclər və İdman Nazirliyinin nümayəndəsidir. Hazırda Nazirlikdə fəaliyyət göstərmir, amma İcraiyyə Komitəsinə seçildiyi dövrdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri idi”.

AFFA İcraiyyə Komitəsinin digər üzvlərinin də məsələyə münasibətini öyrənməyə hazırıq.

Aytən Novruz
Musavat.com 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.