Məlum olduğu kimi, Rusiya Prezident Administrasiyası Kremlə qarşı “dron hücumu”na görə məsuliyyəti Ukraynanın üzərinə ataraq, bunu “terror aktı” adlandırıb və buna “lazım olan vaxt, lazım olan yerdə cavab veriləcyini” bəyan edib.
Ən maraqlısı isə odur ki, Kreml bunu şəxsən Vladimir Putinə qarşı sui-qəsd kimi qəbul edib və eyni zamanda da bildirib ki, “hücum” zamanı Putin Kremldə yox, Novo-Oqorevodakı iqamətgahında olub…
“AzPolitika.info” xəbər verir ki, artıq bir çox ekspertlər Rusiya hakimiyyətinin bu “dron hücumu”ndan Ukraynanın dinc şəhərlərinə qarşı terror hücumları üçün bəhanə kimi istifadə edəcəyini bildiriblər. Bunu sözügedən hücumun rəsmi Kiyevə heç bir aidiyyatı olmadığını bəyan edən Ukrayna Prezident Ofisinin sözçüsü Mixail Podolyak da rəsmən bildirib.
Ancaq bir çoxları bu hadisənin Rusiya hakimiyyəti tərəfindən daxili auditoriya qarşısında müəyyən addımlar atmaq üçün də yararlanacağını bildirirlər. Belə ki, bununla Kreml əhaliyə Ukraynanın “haralara gəlib çıxdığını” nümayiş etdirməyə və gələcək səfərbərlik üçün əsaslar yaratmağa çalışacaq.
Eyni zamanda iddia olunur ki, Rusiya hakimiyyəti bu “hücumu” əsas gətirərək, Vladimir Putinin 9 may paradında şəxsən iştirak etməməsini təmin edə bilər. Yəni, mümkündür ki, “təhlükəsizlik tədbiri səbəbi ilə” Putin parada qatılmasın və bunu onlayn şəkildə, oturduğu bunkerdən həyata keçirsin. Ekspertlər “dron hücumu”nun dərhal Putinə qarşı sui-qəsd kimi qələmə verilməsini də bununla izah edirlər.
Məsələ ondadır ki, zatən Putinin Kremlə gəlmədiyini, orada oturmadığını və əsas etibarilə öz “bunker-iqamətgahlarında” yaşadığını bilməyən yoxdur. Belə olan halda, ona qarşı “sui-qəsd etmək istəyən” Ukrayna nədən Kremldəki iqamətgahı hədəf götürsün ki?
Ukrayna Prezident Ofisinin sabiq müşaviri, tanınmış ekspert Aleksey Arestoviç bu “hücum”un Kremlin düşünülmüş təxribatı olduğunu və Ukraynaya belə bir əməliyyatın lazım olmadığını deyib. Onun fikrincə, məqsəd nüvə şantajı və siyasi stavkaları qaldırmaqla yanaşı, 9 may paradında Putinin iştirak etməməsinə haqq qazandırmaqdır: “Bu, Vladimir Vladimiroviçin nədən 9 mayda movzoleyin tribunasına çıxmamasına yaxşı “izah” ola bilər”. Arestoviç hesab edir ki, zatən Rusiya ərazisində getdikcə artan dron hücumları və partlayışlar Putini ictimai yerlərdə görünməkdən çəkindirir. Kremlə “dron hücumu” və “sui-qəsd” cəhdi isə ona parada qatılmamaq üçn əsaslar yaratmış olur. Odur ki, Rusiya başçısının 9 may paradına onlayn qoşulacağı ehtimalı yüksək hesab olunur.
Məlumat üçün bildirək ki, artıq Rusiyanın azı 21 böyük şəhərində 9 may paradları ləğv olunub. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Maraqlıdır ki, həmin şəhərlərin sırasında Ukrayna ilə həmsərhəd Belqorod və Kurskla yanaşı, Krasnodar, Krımın Simferopol, Kerç, Sevastopol şəhərləri, hətta cəbhədən çox-çox uzaqlarda olan Tümen və Surqut kimi şəhərlər də var.
C.Məmmədov
“AzPolitika.info”