Azərbaycanlı qadınlar İraq həbsxanasında aclıq edirlər

6-05-2023, 10:17   


Qadınlar r

ŞƏKLİN MƏNBƏYİ,SOSIAL MEDIA

Şəklin alt yazısı,

Həbsxanadan alınan videoda azyaşlı uşaqları da görmək olar


İraq həbsxanasında arasında azərbaycanlı da olan 400-dən çox qadın aclıq aksiyası keçirir.

Özünü İslam Dövləti adlandıran qruplaşma ilə (İŞİD) əlaqəyə görə məhkum edilmiş qadınlar onlara verilən cəza və saxlanma şəraitinə etiraz edirlər.

Qadınların Rusiya, Türkiyə, Ukrayna, Suriya və Fransa kimi ölkələrdən olduğu bildirilir. Azərbaycan vətəndaşlarının say barədə məlumat yoxdur.

Aksiyanın iki həftədir ki, davam etdiyi bildirilir.

İraq hökuməti BBC-nin aclıq aksiyası və ya həbsxana şəraiti ilə bağlı suallarını cavablandırmaqdan imtina edib. Bundan əvvəl İraq cinayətdə əli olmadığı insanları vətənə qaytarmağa kömək edəcəyini bəyan etmişdi.

Bu həftə İraqda həbsdə olan qadınların qohumları Bakıda, Xarici İşlər Naziriliyinin qarşısında aksiya keçirərək tədbir görülməsini tələb ediblər.


2014-cü ildə İŞİD qruplaşması İraq və Suriyada bəzi əraziləri nəzarət altına aldıqdan sonra öz sıralarına minlərlə əcnəbini cəlb etmişdi. Onların arasında Azərbaycan vətəndaşları da olub.

Azərbaycan XİN-i ötən illər ərzində İraq və Suriyada saxlanılan vətəndaşların Azərbaycana gətirildiyi barədə müntəzəm məlumat verib.

XİN-in saytındakı sonuncu açıqlamalardan birində Suriya ərazisində yerləşən düşərgələrdən 16 azərbaycanlının repatriasiya olunduğu bildirilir.

Bağdaddakı yüksək təhlükəsizlik həbsxanasının daxilindən BBC News Ərəbcəyə göndərilən videolarda çox çəki itirmiş, daş döşəmələrdə hərəkətsiz halda uzanan qadınları görmək olar.

Onların aprelin 24-dən bəri yemək yemədiyi bildirilir.

BBC-yə verilən məlumata görə, aclıq aksiyası başlayanda iştirakçılar gündə cəmi yarım stəkan su içirmişlər. Lakin qadınların bəziləri artıq sudan tamamilə imtina ediblər.

Uşaq

ŞƏKLİN MƏNBƏYİ,SOCIAL MEDIA

Şəklin alt yazısı,

Həbsxanadan alınan videoda azyaşlı uşaqları da görmək olar

Mobil telefonla gizli danışan bir rusiyalı qadın azadlığa çıxana qədər heç nə yeməyəcəyini bildirib. O, 10 dəqiqəlik məhkəmə prosesində imzalamağa məcbur edildiyi etiraf sənədi əsasında 15 illik həbs cəzasına məhkum olunduğunu deyir.

Qadının oxuya bilmədiyi ərəb dilində yazılmış həmin sənəddə yazılıb ki, o, Mosul şəhərində üzərində silah olarkən həbs olunub. Qadın ittihamları rədd edir. Onun iddialarının çoxunu yoxlamaq mümkün olmayıb.

Məhbuslar öz ölkələrinin səfirlikləri ilə təmasda olmadığını və səfirlik nümayəndələrinin məhkəmədə iştirak etmədiyini deyirlər. Qadınların saxlanıldığı Rusafa həbsxanası Bağdadın şərqində yerləşir.

Buraya terrorçuluqla bağlı olmayan, müxtəlif cinayətlərə görə cəza çəkənlər göndərilir. Məhkumlar əsasən 40 kamerada saxlanılır. Onlar döyüldüklərini və qeyri-insani rəftara məruz qaldığını deyirlər.

BBC-nin söhbət etdiyi qadınlara əsasən, son 6 ildə həbsxanada saxlanılan 60-a yaxın məhbus ölüb. Onlar həmçinin 30-a yaxın uşağın öldüyünü də deyirlər. Qadınlardan birinin dediyinə görə, onun ölən uşağının cəmi üç yaşı var idi.

"İslam Dovləti" döyüşçüləri
Şəklin alt yazısı,

2014-cü ildə İŞİD qruplaşması İraq və Suriyada bəzi əraziləri nəzarət altına aldıqdan sonra öz sıralarına minlərlə əcnəbini cəlb

Həbsxanadan alınan videoda azyaşlı uşaqları da görmək olar. Onlardan bir çoxunun həbsdə doğulduğu bildirilir.

2017-ci ildə İŞİD-in süqutundan sonra qrupun minlərlə üzvü və onlarla əlaqəli olan şəxslər həbs edilib, bəzi kişilərin yaxalanarkən öldürüldüyü güman edilir. Keçən ilin aprelində İraqın Ədliyyə Nazirliyi "həbsxanadan sızmış audio”ya istinad edərək, cəza müəssisəsi direktorunun işdən çıxarıldığını elan etdi.

Nazirlik həmçinin etiraf edib ki, məhbusların sayı nəzərdə tutulan normadan dörd dəfə artıqdır.

İraq məhkəmələri ədalətsiz hökmlərə və geniş vüsət alan sui-istifadə halları ilə bağlı iddialara görə tənqid olunur.

İraq Parlamentinin İnsan Haqları Komitəsi bu yaxınlarda hökuməti İŞİD-lə əlaqəsi olan əcnəbi məhbusların vətənə qaytarılması prosesini sürətləndirməyə çağırıb

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.