“KRIMIN SƏRHƏDİNƏ QƏDƏR GEDƏCƏYİK, SONRA İSƏ...” - Ukrayna əks-hücumunun 3 mümkün ssenarisi

6-05-2023, 14:37   



“Rusiya hərbi komandanlığını çoxsaylı sürprizlər gözləyir”.

“AzPolitika.info” xəbər verirki, bunu Ukrayna Prezident Ofisinin sabiq müşaviri, tanınmış hərbi ekspert Aleksey Arestoviç Ukrayna kanallarının birinə müsahibəsində deyib.

Arestoviç bildiribki, hazırda Ukrayna Ordusunun şəxsi heyəti özünün “pik formasındadır”. Rusiya ordusunda isə hər şey əksinədir. Bir tərəfdən ruh düşkünlüyü, uğursuzluğun gətirdiyi ağır psixoloji durum, digər yandan Baxmutdakı çoxsaylı itkilər rus ordusunu öz rəqibinin qarşısında zəif vəziyyətə salıb.

Ekspert hesab edir ki, gözlənilən Ukrayna əks-hücumunun nəzəri baxımdan üç ssenarisi var. Lakin onlardan yalnız ikisi daha realdır: “Birinci və ən uğurlu ssenari cəbhənin Xersondan Mariupola qədər olan hissəsini dərhal yarmağımızdır. Məsələn, Berdyanska qədər. Belədə cənub cəbhəsi səpələnir və bizim ordu Krımın sərhədinə çıxaraq, Krım körpüsünü dağıdır, Krımdakı qərargahları, aerodromları, silah anbarlarını, hətta hərbi gəmiləri vurur, məhv edir, çünki belədə əlimiz onlara da çatacaq. Belədə, oradakılar qaçmaq istəsələr də, körpü dağıldığı üçün qaça bilməyəcəklər, gəmiləri isə biz batıracağıq. Bu, Rusiya üçün apokalipsis variantıdır və onun daxilində kəskin, ağır siyasi böhran yarada bilər. Çünki Krım Putinin tacındakı mirvaridir. Bu məğlubiyyəti heç nə ilə izah və məsələn, Xersonla, Kiyevlə və s. müqayisə edə bilməyəcəklər. Bu, 1920-ci, yaxud 1941-ci ildəki kimi Krımı qoyub qaçmaq ssenarisinin təkrarı ola bilər.

Belədə isə Rusiya tərəfindən taktiki nüvə silahının tətbiqi məsələsi kəskin şəkildə gündəliyə gələcək. Ancaq bu, onlara heç nə vermir, çünki bu silah müdafiə xarakteri daşımır, hücum xarakteri daçıyır. Taktiki nüvə silahı ilə müdafiə olunmaq mümkün deyil.

Bu silahın tətbiqi hərbi baxımdan onlara heç nə verməyəcək, əvəzində Amerika artıq Rusiyanı nüvə silahının işlədilməsi halında necə cəzalandıracağını general Ben Xocesin dili ilə və digər vasitələrlə dəfələrlə çatdırıb.

Digər yandan Çin də nüvə silahının tətbiqinin qəti əleyhinədir və bu məsələdə ABŞ-la Çinin mövqeyi üst-üstə düşür. Odur ki, Rusiyanı bağışlamayacaqlar”.



Artestoviç hesab edir ki, bu halda təkcə Qara dəniz hərbi donanması və Ukraynadakı Rusiya qoşunları yox, həm də şəxsən Putinin özü fiziki cəhətdən məhv ediləcək. 

Ekspert deyib ki, Ukrayna bu ssenarini Qərbin hərbi aviasiya dəstəyi və yeni təyyarələri olmadan da gerçəkləşdirmək iqtidarındadır: ”Düşünürəm ki, Krımın sərhədlərinə qədər gedib çıxacağıq”.

Arestoviç ikinci ssenarini “yarı-uğurlu ssenari” adlandırıb: “Bu orta ssenariyə görə biz hücum edirik, hardasa biz, hardasa onlar uğur qazanır, ağır zərbələr alırıq, buna baxmayaraq, Krımın sərhədinə qədər gedib çıxırıq. Ancaq hücumu davam etdirmək və Krıma daxil olmaq potensialımızı itiririk. Yaxud, biz Melitopolu götürürük, ancaq bundan o yana gedə bilmirik, onlar qruplaşmalarını saxlayırlar. Krımdan, Krasnodardan hərbi aviasiya dəstəyi alırlar, biz isə bu döyüşlərdə ilişib qalırıq. Ancaq hər halda, Melitopolu götürürük. Belədə onlar dəniz(Azov dənizi) sahili boyunca dar cığırı saxlaya bilirlər, lakin biz artilleriya ilə oranı atəş altında saxlayırıq, onların təminatı çox çətinləşir. Belə bir vəziyyət çox kövrək olur və çox davam edə bilməz. Ona görə də, ardınca ya bizim təkrar əks-hücumumuz baş verir, ya da onlar əks-hücuma cəhd edirlər. Lakin bunun üçün onların gücü yoxdur. Belədə bizdə qeyri-stabil durum və müəyyən məyusluq yaranacaq. Lakin Qərbin qaçan yeri yoxdur(Ukraynaya silah verilməsi baxımından), çünki bu vəziyyəti hansısa məntiqi sonluğa çatdırmaq lazımdır. Qərbin marağındadır ki, Rusiya cəbhəsi ən azı Krımın sərhədinə qədər yarılsın”.

Ukrayna əks-hücumunun Zaporojye istiqamətindən olacağına eyham vuran Arestoviç rus qoşunlarının “Zaporojye çöllərində müdafiədə duruş gətirə bilməyəcəyini” deyib. O, xatırladıb ki, müharibənin ilk dövründə həmin ərazilər cəmi 2-3 gün ərzində Rusiya ordusu tərəfindən işğal edilmişdi. Çünki orada müdafiə olunmaq çox çətindir.

Digər yandan, ekspert hesab edir ki, rus əsgərinin motivasiyası yoxdur və hər nə qədər dərin istehkam xətləri qurulsa da, ruh düşkünlüyü olan ordunun müdafiə olunması problemlidir.



Arestoviç üçüncü variantın da nəzəri cəhətdən mövcud olduğunu bildirib, lakin bunun reallaşmasını qeyri-mümkün sayıb: “Üçüncü variantda biz(ordu rəhbərliyi) dəhşətli dərəcədə kütbeyinlik edirik, kütləvi şəkildə axmaqlıq nümayiş etdirirk, onalrınsa hardansa böyük resursları və istedadlı sərkərdələri peyda olur. Kütbeyinlik məsələsində nəzərə alın ki, bizim ordu rəhbərliyi Xarkov, Xerson, Kiyev kimi uğurlu əməliyyatları həyata keçirib… Beləkilə, bu ssenariyə görə biz cəmi 15 kilometr irəliləyirik və ağır zərbə alaraq dayanırıq. Dayanıb ağlayırıq, onlarsa gülürlər. Dərhal deyirəm - belə bir şey olmayacaq!”.

Ukrayna Ordusunun Krım sərhədinə çıxacağına əminliyini bildirən Arestoviç deyib ki, Rusiyanın 120-150 min nəfərlik ehtiyat, ümumilikdə isə Ukrayna ərazisində 370 minə yaxın canlı qüvvəsi var. Lakin bu qüvvələr 1300 kilometr uzunluğu olan belə böyük məsafəni əhatə edən cəbhə üçün “heç nədir”.

Digər yandan bu qüvvələrin yarısı çox pis silahlanmış və təchiz olunmuş, zəif hazırlıqlı motoatıcı polklardır: “Onlar 1947-ci ilin avtomatı və az qala 1941-ci ilin çəkmələri ilə təmin olunublar. Onların döyüş qabiliyyəti heçə bərabərdir. Onların üzərinə “Abrams” və “Leopard” gedəndə nələrin baş verəcəyini təsəvvür edin. Digər yandan onlara ikinci müdafiə xətti də lazımdır. Ən pessimist hesablamalar göstərir ki, həmin ehtiyat qüvvələrin azı 40 faizi lazımi dərəcədə zirehli texnika ilə təchiz olunmayıblar. Onlar bizim 2014-cü ildəki vəziyyətimizdədirlər. Biz isə indi döyüşə tam komplektləşdirilmiş, mexanikləşdirilmiş tank bölmələrini, desant qüvvələrini ata biləcəyik. Bu, çox böyük fərqdir”.

Arestoviç hücum edən tərəfin adətən müdafiə olunana nisbətdə 3 dəfə artıq itki verdiyi barədə suala da cavab verib. O, deyib ki, müasir müharibədə bu ölçü aradan qalxıb, artıq müharibələr bu nisbətə tabe olmur: “Bu, poliqonlarda dərsindən “3” qiyməti alan sərkərdələrə aiddir. Əslində isə əgər üstünlük, təchizat və s. hücum edənin tərəfindədirsə və o, düşmənin zəif yerlərini düzgün təyin edə bilirsə, müdafiə olunanın itkiləri hətta on dəfələrlə artıq ola bilər…”

Xatırladaq ki, bir neçə gün əvvəl “Roskosmos”un Vladimir Putinə yaxınlığı ilə tanınan sabiq başçısı Dmitri Roqozin Ukrayna Ordusunun rus ordusundan xeyli üstün olduğunu etiraf etməklə yanaşı, Ukraynanın gözlənilən əks-hücumunun qarşısını almağın yeganə yolunun taktiki nüvə silahından istifadə edilməsi olduğunu deyib.

C.Məmmədov

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.