Şənbə günü, mayın 6-da Kral III Charles Westminster Abbatlığında tac taxan sayca 40-cı Britaniya monarxı olacaq.
Sentyabr ayında anası II Elizabet vəfat edəndən sonra o, kral olub.
Kral Böyük Britaniyanın dövlət başçısıdır. Bununla belə, onun səlahiyyətləri rəmzi və mərasimi səciyyə daşıyır və o, siyasi baxımdan neytral qalır.
Mühüm görüşlərdən əvvəl brifinqlər və ya imzası tələb olunan sənədlər də daxil, hökumət hər gün ona qırmızı dəri qutuda depeşalar göndərir.
Baş nazir hökumətlə bağlı məsələlər barədə onu məlumatlandırmaq üçün, adətən, çərşənbə günləri Kralla Buckingham sarayında görüşür.
Bu görüşlər qapalı şəraitdə keçirilir və oradakı müzakirələrlə bağlı heç bir rəsmi qeyd tutulmur.
ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Kral Charles hökmdarlıq dövrünün ikinci baş naziri Rishi Sunak ilə
Kralın, həmçinin parlamentdə bir sıra rəsmi vəzifələri var:
Bundan əlavə, monarx noyabr ayında Londondakı Cenotaph abidəsi önündə illik Anım mərasiminə rəhbərlik edir.
Kral, həmçinin ölkəyə səfər edən dövlət başçılarını - misal üçün, Cənubi Afrika Respublikasının Prezidenti Cyril Ramaphosa kimi başçıları - qəbul edir və mütəmadi olaraq, Böyük Britaniyada yerləşən xarici səfirlər və ali komissarlarla görüşür.
İlk dövlət səfəri çərçivəsində Charles Almaniyaya baş çəkib və Almaniya parlamentində çıxış edən ilk Britaniya monarxı olub.
Kral, eyni zamanda ümumilikdə 2,5 milyard əhalisi və tərkibində 56 müstəqil ölkə olan Britaniya Millətlər Birliyinin rəhbəridir. Həmin ölkələrdən Birliyin krallıqları kimi tanınan 14 ölkəninsə həm də dövlət başçısıdır.
ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Kral və Camilla, Kraliça Konsort, Cənubi Afrika Prezidenti Cyril Ramaphosa ilə
Kraliça Konsort Camilla Krala onun işlərində kömək edir və dəstəklədiyi 90 xeyriyyə təşkilatı adından özü də ictimai tədbirlər keçirir.
Təşkilatların bir çoxu sağlamlıq və rifah məsələləriylə məşğul olur və zorlama və ya cinsi təcavüzə məruz qalan insanlarla işləyir.
Westminster Abbey-də keçiriləcək mərasim zamanı tacqoyma ritualında Kral Kraliça Konsort ilə birlikdə iştirak edəcək.
Tacqoyma, Canterbury Arxiyepiskopu tərəfindən keçirilən Anqlikan kilsəsinin dini ayinidir. Monarx "müqəddəs yağ" ilə məsh edilir, ona krallığın rəmzləri olan kürə və hökmdarlıq əsası verilir.
Mərasimin kulminasiya nöqtəsində Arxiyepiskop 1661-ci ildə tökmə qızıldan hazırlanmış Müqəddəs Edvard Tacını Charles-in başına taxacaq.
ŞƏKLİN MƏNBƏYİ,REUTERS
Bu, Krallığın Londonun Tower qəsrindəki ləl-cəvahiratının əsas əşyasıdır və monarx onu yalnız tacqoyma mərasimi zamanı taxır.
Kral toylarından fərqli olaraq, tacqoyma dövlət tədbiridir - hökumət bunun üçün pul ödəyir və qonaqların siyahısını da son nəticədə elə hökumət müəyyənləşdirir.
ŞƏKLİN MƏNBƏYİ,PA MEDIA
Kral ailəsinin üzvləri Kraliçanın rəsmi ad gününü 2019-cu ildə Buckingham sarayında qeyd ediblər
Vərəsəlik qaydası Kral ailəsinin hansı üzvünün mövcud monarx öldüyü və ya taxt-tacdan imtina etdiyi zaman yeni monarx kimi onun yerinə keçəcəyini müəyyən edir. Taxtın varisi kimi növbədə, birinci yerdə monarxın yaşca ən böyük övladı durur.
2013-cü ildə kral varisliyi qaydalarına edilmiş düzəlişlərə əsasən, kral övladları arasında gender bərabərliyi təsbit edilib, yəni taxt-taca növbədə oğulun ondan yaşda böyük olan bacısı qarşısında üstünlüyü ləğv edilib.
Kral Charles-ın varisi onun böyük oğlu Uels şahzadəsidir. William-ın böyük oğlu Şahzadə George taxt-taca növbədə ikinci, qızı Şahzadə Charlotta isə üçüncüdür. Şahzadə Louis dördüncü, Şahzadə Harry isə beşincidir.
Tacqoyma mərasimi ərəfəsində ictimai əhval-ruhiyyəni qiymətləndirmək üçün BBC-nin Panorama proqramı YouGov agentliyinə yeni rəy sorğusu sifariş edib.
Sorğunun nəticəsi əhali arasında monarxiyanın qorunmasına geniş dəstəyin olduğunu göstərib: monarxiyanı respondentlərin 58 faizi dəstəklədiyi halda, dövlət başçısının seçki yoluyla müəyyən edilməsinə respondentlərin cəmi 26 faizi dəstək verib.
Ancaq, eyni zamanda, sorğu bu mövzuya münasibətdə müxtəlif yaş qruplarında vəziyyətin nə qədər fərqli olduğunu da östərib. Xüsusilə gənclər üçün monarxiyanın cazibəli görünməsi problemli olub..
Misal üçün, yaşı 65-dən yuxarı olan respondentlər arasında monarxiyanı dəstəkləyənlər 78 faiz təşkil edibsə, 18-24 yaş arasında respondentlər arasında monarxiyanı cəmi 32 faiz dəstəkləyib. Bu yaş qrupundan respondentlərin 38 faizi seçki yoluyla müəyyən edilən dövlət başçısına üstünlük verib. Qalan 30 faiz isə kimə üstünlük verəcəklərini "bilmədiklərini" söyləyiblər.
Ümumilikdə isə gənc respondentlərin əksər hissəsi Kral ailəsiylə maraqlanmadıqlarını bildiriblər: bu məsələyə laqeyd qalan gənc respondentlər 78 faiz təşkil edib.
Kral Charles və Kraliça Konsort Camilla Buckingham sarayında yaşayırlar. Əvvəllər onlar Londondakı Clarence House və Gloucestershire-dəki Highgrove-da yaşayıblar.
Digər kral iqamətgahlarına Windsor Qəsri, Norfolkdakı Sandringham, Edinburgh-dakı Holyroodhouse Sarayı və Aberdeenshire-dəki Balmoral Qəsri aiddir.
2022-ci ilin avqust ayında Uels Şahzadəsi William və Şahzadə Catherine Londonun qərbindəki Kensington sarayından Windzor Estate mülkünə daxil olan Adelaide kottecinə köçüblər.
ŞƏKLİN MƏNBƏYİ,PA MEDIA
Uels şahzadəsi William və şahzadə Catherine uşaqları ilə Berkshire-dəki Lambrook məktəbində tədris ilinin ilk günündə
BBC News