Qarabağda erməni separatçıları növbəti dəfə ağılasığmaz və məntiqsiz addımlar atmağa çalışırlar.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl ərazilərimizdə müvəqqəti yerləşən Rusiya Sülhməramlı Kontigentinin yeni təyin olunmuş komandanı, general-polkovnik Aleksandr Lentsov Bakıda Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüş keçirib. Görüşdə Qarabağda hazırki vəziyyət ətrafında müzakirə aparılı. Ermənistanın informasiya mənbələrinin məlumatına görə, general-polkovnik Aleksandr Lentsov Azərbaycanın hərbi rəhbərliyi ilə apardığı müzakirələrdə erməni separatçıların ümidlərini doğrultmayıb, daha doğrusu, onların istəkdiklərini həyata keçirə bilməyib. Erməni mətbuatında qeyd olunur ki, müzakirədə 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan şərtlərin dəyişdirilməsi və bərpası ilə bağlı razılığa gəlmək mümkün olmayıb.
Maraqlıdır, ermənilər üçtərəfli Bəyanatda hansı şərtlərin dəyişdirilməsinə ümid edirlər? Ümumiyyətlə, bu bəyanatdakı nəyinsə dəyişdirilməsi separatçıların və ya Lentsovun imkanı daxilindədirmi?
Bildiyimiz kimi, 2020 - ci ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən imzalanmış üçtərəfli Bəyanat 9 müddəadan ibarətdir.
Bəyanatda heç bir şərtdən söhbət getmir. Üçtərəfli bəyanatın müddəaları həm Qarabağda, həm də Azərbaycan-Ermənistan sərhəd ərazilərində hərbi-siyasi vəziyyətin normallaşmasına və sabitləşməsinə istiqamətlənib. Əlbəttə, üçtərəfli noyabr Bəyanatın bəzi müddəaları, xüsusilə 4-cü, 6-cı və 9-cu maddələri hazırda müzakirə olunan aktual məsələlərdir. Təəssüflər olsun ki, nə 4-cü, nə də 6-cı maddədən irəli gələn öhdəliklərə Rusiya və Ermənistan tərəfindən əməl olunur. Yəni nə rus sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərimizdə Ermənistan ordusunun tör-töküntüləri və qanunsuz erməni silahlı birləşmələri tərkisilah olunub, nə də Laçın yolunda təhlükəsizlik və şəffaflıq təmin edilib.
9-cu maddənin icra olunmasına gəlincə, Azərbaycan və Ermənistan arasında regional kommunikasiyaların açılması və ya bu kommunikasiyaların təhlükəsizliyinin təmin olunması hələ də sual altındadır. Hazırda Ermənistan və erməni separatçıların diqqətində əsas məsələ üçtərəfli Bəyanatda Laçın yolu ilə bağlı maddədə onların xeyrinə hər hansı dəyişikliyin edilməsidir. 6-cı maddədə deyilir:
“Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.
Azərbaycan bu maddədən irəli gələn bütün öhdəliklərini vaxtından əvvəl və layiqincə yerini yetirib. Laçın şəhərinin şimalında Ermənistanla Qarabağı birləşdirən yeni marşrut yolunun tikintisi göstərilən müddətdən daha qısa zaman ərzində başa çatdırılıb, ermənilərin və rus sülhməramlıların istifadəsinə verilib. Bununla yanaşı, Azərbaycan hərbçiləri indiyə qədər istər köhnə, istərsə də yeni Laçın yolu ilə Ermənistandan Qarabağa gələn nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə heç bir maneçilik törətməyib, onların təhlükəsizliyini tam təmin edib. Lakin Ermənistan rəhbərliyi və qondarma rejimin nümayindələri, o cümlədən rus sülhməramlıları Laçın yolundan öz qanunsuz əməlləri üçün istifadə ediblər. Bu vaxta qədər Laçın istiqamətindən Qarabağdan Ermənistana və Ermənistandan Qarabağa rus sülhməramlılarının müşayiəti ilə qeyri-qanuni şəkildə hərbi ləvazimatlar, silah-sursat və canlı qüvvənin, talan edilən sərvətlərimizin daşınması, eləcə də digər qanunsuz daşınmalar müşahidə edilib. Bütün bunlar Azərbaycanın hərbi-siyasi rəhbərliyini narahat etməyə bilməzdi.
Bu kimi əməllərin qarşısının alınması üçün Azərbaycanın Silahlı Qüvvələri və təhlükəsizlik orqanları bölgədə advekat və qətiyyətli addımlar atdı. Şuşa-Laçın istiqamətində bir çox strateji yüksəkliklər nəzarətə alındıqdan sonra Laçın-Xankəndi yolunun giriş hissəsində DSX-nın yüksək standartlara malik nəzarət-buraxılış məntəqəsinin əsası qoyuldu. Ölkə rəhbərliyinin son uğurlu addımı Ermənistan və erməni separatçılarına çox ağır zərbə oldu. Bu zərbə onların bütün planlarının alt-üst olunması ilə nəticələndi. Bundan sonra Ermənistandan Qarabağa gedən bütün nəqliyyat vasitələri və yüklər, habelə rus sülhməramlıların kolonları DSX-nın nəzarət-buraxılış məntəqəsindən keçməyə məcbur olacaq. Erməni separatçılarının hər hansı əks addımına ciddi cavab veriləcək. O ki qaldı Lentsovun bütün çabalarına, bu, heç bir nəticə verməyəcək. Lentsov bir çox əməliyyatlara rəhbərlik etmək təcrübəsinə malik olsa belə, öz məkrli planları ilə Azərbaycanın qərarlarına təsir göstərə bilməyəcək. Yeni rus komandanı erməni silahlılarını təxribata təhrik etsə belə, özünün və qondarma qurumun istədiklərini ala bilməyəcək. Əslinə qalsa, Aleksandr Lentsov heç bir səlahiyyət sahibi deyil, yalnız Kremldən gələn əmrləri və göstərişləri yerinə yetirmək öhdəliyi daşıyır. Rusiya da Azərbaycanın öz suveren ərazilərində hüquqi addımlarına hörmət edir və regionda mövcud siyasi prosesləri Azərbaycanla koordinasiya edir. Daha doğrusu, Moskva məcburiyyət qarşısında bunu edir. Yaxın zamanda Azərbaycan Qarabağın dağlıq ərazilərində təhlükəsizliyin təmin edilməsi istiqamətində daha da ciddi və lazımi tədbirlər görəcək. Öz ərazilərində təsir imkanlarına malik olan hüquqi və qanuni sistemin qurulması Azərbaycanın təhlükəsizlik strategiyasında prioritetlərdən biridir. Ərazilərimizdə məskunlaşan erməni sakinlərin həqiqəti dərk etməkdən başqa alternativ yolu olmayacaq.
Yunis Abdullayev
Cebhe.info