İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani həftəlik mətbuat konfransında İran prezidenti İbrahim Rəisinin Suriyaya səfərini və Suriyanın Ərəb Dövlətləri Liqasına qayıtmasını dəyərləndirib.
Musavat.com xəbər verir ki, Kənani Rəisinin səfərinin Suriya vətəndaş müharibəsindən sonra həyata keçirilən ilk yüksək səviyyəli səfər olduğunu ifadə edib.
"Dost və qardaş Suriyaya bu səfər iki ölkə arasındakı əlaqələr baxımından əhəmiyyətli bir inkişafdır. Bu səfər iki ölkə arasındakı əlaqələri yaxşılaşdıracaq, iki ölkə arasında terror təşkilatlarının məğlubiyyətindən sonra yeni körpülər qurmaq üçün əhəmiyyətli imkanlar yaradacaq" - o deyib.
İran XİN-in sözçüsü səfərin “Suriyada ortaq zəfər” mesajını daşıdığını bildirib:
"İki ölkə terrorla mübarizədə yaradılan siyasi və hərbi əməkdaşlığa iqtisadi və ticari ölçü qatmaq istəyir. İqtisadiyyat və ticarət Suriya ilə əlaqələrdə mühüm rola malikdir. Prezidentin Dəməşqə səfəri zamanı vurğulanıb ki, iki ölkə arasında siyasi əməkdaşlığın ardınca iqtisadi və kommersiya məsələləri də olmalıdır. Bu səfər zamanı mühüm sazişlər imzalanıb və bu sazişlərin əksəriyyəti kommersiya məsələlərinə aiddir”.
Kənani Suriyanın 12 ildən sonra Ərəb Dövlətləri Liqasına qayıtmasını qiymətləndirib:
"Suriyadakı yeni tarazlıqları anlamaq, bu ölkədə sabitlik və təhlükəsizliyi görmək Suriyaya rəsmi olaraq Ərəb Dövlət Liqasında yenidən fəaliyyətə başlamağa imkan verdi. Biz region ölkələri arasında əməkdaşlığın qurulmasına ümid edirik".
İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İran, Türkiyə, Suriya və Rusiya xarici işlər nazirləri arasında Suriya üzrə dördtərəfli sammit mayın 10-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək. Suriya ilə Türkiyə arasındakı problemlərin dialoq yolu ilə həllinə tərəfdar olduqlarını qeyd edən Kenani İran, Türkiyə və Rusiya arasında Astana formatının Suriyanın iştirakı ilə 4 tərəfli danışıqlara çevrildiyini xatırladıb.
Musavat.com