Kremlin 9 may xofu: bu gün kim kimə “sürpriz” edəcək - rəylər

9-05-2023, 09:53   




"Ukrayna Qərb üçün qurbanlıq"dır iddiasına reaksiyalar: “Rusiya bu cür əlamətdar günləri sevir, amma...”


Xəbər verildiyi kimi, 9 May Qələbə günü Kremldə ənənəvi parad mərasimi ləğv edilib. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib. Hərçənd cəmi bir neçə gün öncə Peskov PUA-ların Kremlə hücumuna baxmayaraq, Qələbə paradının olacağını bildirmişdi. 


Bu arada Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri ilk dəfə olaraq Rusiyanın çox öyündüyü, hətta “brend” saydığı səsdən sürətli “Kinjal” (“Xəncər”) raketini vurmağa müvəffəq olub. Məlumatı Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk təsdiqləyib. “Ukrayna xalqını bu tarixi hadisə münasibətilə təbrik edirik! Bəli, "analoqu olmayan" “Xəncər”i vurduq" - o yazıb. 


Bundan əvvəl “Defence Express” analitikləri yazmışdılar ki, mayın 4-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri “Kinjal” (“Xəncər”) səsdən sürətli raketini vurub. Bəs müharibənin sonrakı gedişi baxımından belə bir uğur nə deməkdir? 


Tanınmış amerikalı analitik, "Ceymstaun" fondunun eksperti Volodimir Sokor əmindir ki, Ukrayna öz ərazi bütövlüyünü bərpa edə və Rusiya ilə müharibədə qalib gələ bilməyəcək. Bu haqda o, jurnalist Eynulla Fətullayevə müsahibəsində iddia edib. O, Rusiyanın Moldovanı da işğal edəcəyini proqnozlaşdırır. Fikrini də belə əsaslandırıb ki, Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücum əməliyyatı keçirmək üçün kifayət qədər qüvvəyə malik deyil və Kiyev hazırda Rusiya qoşunlarının nəzarətində olan əraziləri itirməyə məhkumdur. Təhlilçinin proqnozlarına görə, Vaşinqton Kremli yenidən danışıqlar masasına oturtmalı olacaq - həm də təkcə Ukrayna məsələsində deyil, “Qarabağ probleminin yekun həlli üçün” də. 


Ukraynaya gəlincə, Sokor əmindir ki, Ukrayna Qərb üçün qurbanlıqdır. “Çinin artan təhlükəsi qarşısında ABŞ mərkəzdənqaçma qüvvələrini sürətləndirməkdə və Rusiyanı parçalamaqda maraqlı olmayacaq”, - deyə o qeyd edib. Amerikalı analitik Ukraynanın parçalanması variantını da istisna etməyib. Onun sözlərinə görə, Kremlin yeni strategiyası Ukrayna adlı ölkənin məhv edilməsidir. Ukrayna həqiqətənmi Qərb üçün qurbanlıqdır? Müharibə hansı fazaya keçib, tərəflərin bir-birinə 9 may “sürprizi” nə olacaq?




Fikrət Yusifov 


Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov hesab edir ki, bu müharibənin necə nəticələnəcəyi artıq məlumdur: “Rusiya bu müharibəni artıq uduzub. Hesab edirəm ki, yaxın günlərdə biz Ukrayna ordusunun çoxdan hazırlıq görülən həlledici hücumlarının şahidi olacağıq. Rusiya bunun fərqindədir. Sadəcə, başlatdığı ”xüsusi hərbi əməliyyatı" bitirməyin məqbul yolunu tapa bilmir. Bu yol isə yeganədir. Rusiya Krım daxil olmaqla, Ukraynanın işğal etdiyi ərazilərindən geri çəkilməli və Ukrayna öz dövlət sərhədlərini bərpa etməlidir. Bu birinci əsas şərtdir. İkinci şərt - Rusiya bu işğalçı müharibə nəticəsində Ukraynaya vurduğu maddi zərəri ödəməlidir. Üçüncü şərt isə işğalçı müharibəni başladanların və onu körükləyənlərin beynəlxalq məhkəmə qarşısında cavab verməsidir. Rusiya hakimiyyəti bütün bu reallıqları olduğu kimi dərk edir və elə bu səbəbdən də uduzmaqda olduğu bir savaşdan geri çəkilməyin yollarının axtarışındadır. Bu məsələdə isə yollar yox, əvvəl də dediyimiz kimi, 3 şərtdən ibarət bir yoldur. Bu yol eyni zamanda Rusiyada ciddi hakimiyyət dəyişikliklərinə və bütövlükdə Rusiyanın bir dövlət kimi parçalanmasına aparan yoldur. Rusiyanın içərisində onun parçalanmasına apara biləcək onlarla “muxtariyyət minası” illərlədir partlamaq üçün məqam gözləyir. Bu müharibəni başladarkən vəziyyətin bu hala gələcəyi heç şübhəsiz hesablanmayıb.


ABŞ-ın hansısa bir fondunun ekspertinin rəyi isə onun fantaziyaları kimi dəyərləndirilə bilər. Amerika Birləşmiş Ştatlarında da belə ekspertlərin sadaladığı məsələlərlə bütöv institutlar və mərkəzlər məşğuldur. Bir ekspertin söyləyə biləcəklərini ABŞ hakimiyyəti bundan yüz dəfələrlə dərin bilir və hesablayır. Bu səbəbdən Rusiyanın bu müharibədə qalib gəlməsi və hətta Moldovanı işğal edəcəyi ilə bağlı adıçəkilən ekspertin söylədikləri cəfəngiyyatdan başqa heç nə deyil. Ukraynanın qələbəsi üçün Qərbin milyardlarla dollar vəsait xərclədiyi və bu xərcləri günü-gündən artırdığı və müharibənin Ukrayna üçün qələbə ilə başa çatmağına az qalmış bu fikirlər gerçəkdən qeyri-ciddidir. ABŞ Çinin bu regionda güclənməsinin qarşısını alacaq tədbirləri çoxdan müəyyən edib və zaman-zaman onları reallaşdırır. Hindistan iqtisadiyyatının birdən-birə ən sürətlə inkişaf edən iqtisadiyyata çevrilməsini, Çindəki müəssisələrin kütləvi şəkildə sökülərək Hindistanda qurulmasını adi məsələ hesab etmək olmaz".




Əli Orucov 


AMİP liderinin köməkçisi, politoloq Əli Orucov isə bu savaşda tərəflərdən heç birini qalib görmür: “Kremlə dron hücumlarının Ukrayna tərəfindən təşkil edilməsini rəsmi Kiyev təkzib etdi. Bəzi iddialara görə, məlum hücum Rusiyanın özü tərəfindən həyata keçirilib və burada məqsəd rus cəmiyyətində xof yaratmaqla yanaşı, müharibəyə qarşı artan etirazı bir qədər səngitməkdir. 9 May paradı hələ keçmiş SSRİ dönəmində güc nümayişi və yeni silahların dünyaya göstərilməsi üçün keçirilirdi. Yəni Qırmızı Ordunun və silahının qüdrətini göstərirdi. Amma Ukrayna müharibəsi bütün bu mifi alt-üst etdi. Məlum oldu ki, Rusiya ordusu heç də dünyanın 2-ci qüdrətli ordusu deyil. Həm silah-sursat və təchizat baxımından, həm də nizam-intizam və döyüş qabiliyyəti baxımından çox zəifdir. Qarşıya qoyulan hədəfləri və tapşırıqları icra etməkdə çətinliklər çəkir.


Doğrudur, Ukrayna-Rusiya müharibəsində bu dövlətlərin heç biri qalib olmayacaq. Hətta Ukrayna itirilmiş ərazilərini tam bərpa edə bilsə də. Hərgah Krımla bağlı aydın fikir söyləmək çətindir. Ukrayna müharibədən iqtisadiyyatı çökmüş, şəhərləri xarabalığa çevrilmiş və milyardlarla borca yüklənmiş halda çıxacaq. Rusiyada da vəziyyət acınacaqlıdır. 9 May paradını təxirə salmaqla ehtimal olunan iğtişaşları və təhlükələri önləmək nəzərdə tutula bilər. Təbii ki, Qərb Rusiyanın parçalanmasını istəməz. Məqsəd Rusiyanı zəiflətmək, iddialı və aqressiv indiki rejimi dəyişmək və idarəolunan ölkəyə çevirməkdir. Rusiya Qərb üçün Çinlə bufer rolu oynayan vacib faktordur. Zamanında hətta Pekinə qarşı da istifadə oluna bilər. Məncə, Qərb qarşıya qoyulan məqsədin birinci mərhələsinə, Rusiyanın hərbi siyasi və iqtisadi gücünü sarsıtmaq mərhələsinə çatıb. Qalır Putin rejimini dəyişmək. Bu proses ağrılı olacaq. Çünki Rusiyada normal keçid üçün siyasi təsisatlar, vətəndaş cəmiyyəti institutları və seçki sistemi yoxdur. Düşünmürəm ki, Ukrayna qurbanlıq edilsin. Ukrayna ərazisinə və əhalisinin sayına görə Avropanın ən böyük dövlətlərindən biridir və Rusiya təhlükəsini əngəlləyəcək və regionda proseslərə təsir göstərəcək dövlətdir. Əksinə, hesab edirəm ki, Ukraynanı Qərb öz çətiri altında saxlayacaq və güclənməsinə kömək edəcək. Fikrimcə, müharibə Qərbin öz məqsədlərinə çatacağı təqdirdə başa çatacaq. Ona görə də Ukraynaya maliyyə və hərbi dəstəyin həcmi davam etdiriləcək ki, əks-hücum əməliyyatlarını uğurla davam etdirə bilsin. Yeri gəlmişkən, proseslərin gedişinə Türkiyədə keçiriləcək seçkilərin nəticələri də öz təsirini göstərəcək".




 Kənan Novruzov


Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov müharibənin hələ ki sonluğunu görmür: “Doğrudan da bu gün hər iki tərəf üçün tarixi əhəmiyyətli gündür. Xüsusilə Rusiya bu cür əlamətdar günləri sevir. Amma prosesləri təhlil edərkən reallıqları unutmamalıyıq. Müəyyən məlumatlara görə, Rusiya mayın 9-na kimi Donetsk vilayətinin Baxmut şəhərini tamamilə tutmağa çalışırdı. Ukrayna tərəfinin məlumatına görə, Rusiya bunun üçün əlindən gələni edir. Amma görünən odur ki, Rusiya məqsədinə çatmayacaq. Əvvəllər də bir neçə dəfə belə olub. Məsələn, müharibənin bir ili tamam olanda da Rusiyanın ciddi addımlar atacağı gözlənilən idi. Amma bu olmadı. Bu gün Ukraynanın kütləvi raket atəşinə məruz qalması mümkündür. Bu, simvolik addım olacaq. Amma ciddi bir hadisə gözləmirəm. Çünki bunun üçün istəklərlə imkanlar üst-üstə düşməlidir. Hazırda isə bu mümkün deyil. Əlbəttə, Ukrayna ABŞ üçün qurbanlıqdır. Bunu əvvəllər də demişik: ABŞ Ukraynada bataqlıq yaratdı və Rusiyanı bu bataqlığa çəkdi. Amma bu o demək deyil ki, rəsmi Kiyev müharibədə uduzacaq. Fikrimcə, hazırda Rusiyanın vəziyyəti daha ağırdır. Müharibənin sonu təəssüf ki, görünmür”.


Cavanşir ABBASLI,

“Yeni Müsavat”


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar