Türkiyə-Rusiya əməkdaşlığı sıxlaşır - regiona və Türk dünyasına nə vəd edir...

12-05-2023, 09:30   


Politoloq: "Hansısa alyans-koalisiya mümkün olacağı halda digər türk dövlətlərinə də təsir göstərəcəyi məlumdur"

Rusiya və Türkiyə son illərdə “dost ölkə” siyasəti üzrə irəliləyir. Bir neçə il öncə bu iki ölkə arasında ciddi konfliktlər vardı, hətta Qərb mediası Türkiyə və Rusiya arasında müharibə təşviqatı da aparırdı. Burada bir vacib məqamı qeyd edək, Rusiya və Türkiyə arasında barış və dostlaşmada Azərbaycanın, konkret Prezident İlham Əliyevin mühüm rol oynadığına dair məlumatlar sirr deyil.

Faktiki olaraq bölgədəki regional proseslər indi elə məcradadır ki, Azərbaycanın da maraqlarına tam uyğun gələn şəkildə iki böyük güc əməkdaşlıq və dostluq siyasəti üzrə irəliləyir.

Buna dair Rusiyanın xarici işlər naziri Sergey Lavrov diqqətçəkən açıqlama verib. O deyib ki, Rusiya Türkiyənin son illər beynəlxalq və regional nüfuzunun artdığını görür: “Türkiyə bizim mehriban qonşumuz və vacib tərəfdaşımızdır. Rusiya Türkiyə ilə ikitərəfli münasibətlərin genişlənməsinin və möhkəmlənməsinin tərəfdarıdır. Mayın 12-də Türkiyə Respublikasının 100 illik yubileyi qeyd olunacaq. Bununla əlaqədar, həmin uzaq və ölkələrimiz üçün asan olmayan illərdə Moskva və Ankaranın bir-birinə nümunəsi olmayan qarşılıqlı dəstək göstərdiklərini xatırlatmaya bilmərəm”.

Rusiya XİN başçısı Türkiyəyə qarşıdan gələn prezident və parlament seçkilərində uğurlar arzulayıb.

Şübhəsiz ki, Rusiya və Türkiyə yaxınlaşmasında Ərdoğanın böyük nüfuzu və Putinlə səmimi, şəxsi münasibətləri də mühüm rol oynayır. Putin ötən il verdiyi açıqlamalardan birində Ərdoğanı sözünün üstündə dayanan lider kimi xarakterizə etmişdi.

Türkiyə-Rusiya əməkdaşlığı hansısa alyans, koalisiya şəklini ala bilərmi? Bura Azərbaycanın, türk dövlətlərinin qoşulması kimi bir proses gedə bilərmi? Bu baş verərsə, regiona, Türk dünyasına və ayrılıqda proses iştirakçısı olan dövlətlərə nə vəd edir?

Elman Nəsirov: Son altı ay ərzində Azərbaycanın beynəlxalq mövqeləri daha  da möhkəmlənib - AZƏRTAC

Deputat: “Türkiyənin Rusiya ilə əməkdaşlığının dərinləşməsi digər türkdilli dövlətlərlə Rusiyanın münasibətlərinə, əlaqələrinə təsir göstərir və göstərəcək”

Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Rusiya-Türkiyə münasibətlərinin mövcud geosiyasi reallıqların birbaşa təsiri altında dinamik inkişaf tempinə malik olduğu heç kəsə sirr deyil: "Hər iki dövlət bir-birinə münasibətdə mehriban qonşuluq siyasətini həyata keçirir. Son dövrlər müxtəlif sahələrdə, xüsusilə hərbi-texniki əməkdaşlıq sahəsində, enerji təhlükəsizliyi sahəsində Moskva-Ankara münasibətləri sürətlə inkişaf etməkdədir. Nəzərə alsaq ki, Türkiyə NATO ölkəsidir və Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ başda olmaqla NATO ölkələri Rusiyaya müharibə elan edib, bunu açıq şəkildə elan etməsələr də Ukraynanın yanında yer alıb ona hər cür dəstək göstərməklə Rusiya ilə kollektiv Qərb arasında çox ciddi düşmənçilik yaranıb. NATO ölkələri sırasında Türkiyə yeganə ölkədir ki, öz milli dövlətçilik maraqlarını əsas götürərək bu sanksiyalara qoşulmayıb, müstəqil siyasət həyata keçirir. Bu da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti ilə bağlıdır. Onun üçün Türkiyənin milli maraqları, türk xalqının mənafeyi hər şeydən üstündür. Nəzərə alsaq ki, Türkiyə ildə təxminən 50 milyard kubmetrdən artıq qazı Rusiyadan alır, özünün taxıla olan tələbatının 70 faizə qədərini Rusiyadan alır, belə olan vəziyyətdə Rusiya ilə toqquşma və Qərbin təzyiqi ilə anti-Rusiya sanksiyalarına qoşulmaq Türkiyə üçün çox ciddi problemlər yarada bilərdi. Ona görə də Türkiyə Prezidenti ən düzgün siyasəti həyata keçirir və ölkəsinin maraqlarını ən yüksək səviyyədə təmin edə bilir. Bunu Rusiya da görür və müsbət qiymətləndirir. Nəzərə alsaq ki, Türkiyə-Rusiya münasibətləri ziqzaqvari münasibətlər kimi xarakterizə olunur hər zaman, lakin son illərdə bu münasibətlərdə yüksək artım tempi var. Türkiyə öz maraqlarından çıxış edərək 2017-ci ildən başlayaraq Rusiyadan "S-400" raket komplekslərini alıb və buna görə də ABŞ Türkiyənin "F-35" proqramından çıxarıb. İlk atom elektrik stansiyasının tikintisini də məhz Rusiya şirkəti həyata keçirib. İstisna deyil ki, bu istiqamətdə ikinci addım ad atılsın. Göründüyü kimi, iki dövlətin - Türkiyə və Rusiyanın münasibətlərinin daha da yaxınlaşması prosesi getməkdədir. Bunu şərtləndirən başqa bir amil də onunla bağlıdır ki, Türkiyədə mayın 14-də tarixi prezident və parlament seçkiləri keçiriləcək və bu təkcə Türkiyənin gələcək taleyinə deyil, bütün regionun, hətta dünyanın siyasətinə təsir edəcək seçkilər olacaq”.

Deputat qeyd etdi ki, bir çox Qərb ölkələri bu prosesdə Rəcəb Tayyib Ərdoğanı deyil, onun rəqiblərini dəstəkləyirlər. Bunu gizlətmirlər. Səbəblərdən biri Ərdoğanın məhz Rusiya ilə isti münasibətlərə üstünlük verməsidir: “Rusiyanın siyasi rəhbərliyi də Türkiyə ilə münasibətlərin inkişafında maraqlıdır və bunu şərtləndirən amillər sırasında Ərdoğanın müstəqil siyasət yürütməsini vurğulayırlar. Ərdoğan kimi siyasətçinin Türkiyədə hakimiyyətdə qalması təbii ki, Rusiyanın marağındadır. Türkiyədə Ərdoğan hakimiyyətinin davam etməsi Rusiya-Türkiyə münasibətlərinin daha da dərinləşməsi siyasətinə cavab verir. Bu əlaqələrin get-gedə dərinləşməsinin Rusiya-Türkiyə hərbi-siyasi alyansının yaranmasına gətirəcəyi barədə suala bu gün cavab vermək çox çətindir. Hər şey hadisələrin inkişaf xəttindən asılıdır. Unutmayaq ki, Türkiyə NATO ölkəsidir və bu amil onun başqa hərbi-siyasi ittifaqda təmsilçiliyinə imkan vermir. Ona görə də Türkiyənin hərbi siyasətində kritik dönüşün olacağı inandırıcı görünmür. Türkiyənin Rusiya ilə əməkdaşlığının dərinləşməsi şübhəsiz ki, digər türkdilli dövlətlərlə Rusiyanın münasibətlərinə, əlaqələrinə təsir göstərir və göstərəcək”.

Anar Əliyev: “Rusiya həm region xalqlarına və dövlətlərə, həm də beynəlxalq  ictimaiyyətə göstərdi ki...” Pravda.az

Anar Əliyev

Politoloq Anar Əliyev isə bildirdi ki, Rusiya və Türkiyə son illər müəyyən istiqamətlərdə müttəfiqlik münasibətləri nümayiş etdirərək Türkiyə-Rusiya gərginliyinin yaranmasını arzulayan qüvvələrin təəccübünə səbəb olan iradə ortaya qoya biliblər: "Yeni proseslərin axınını yaratmaq mümkün olub. Xüsusilə də Orta Şərqdə bir sıra ərazilərdə, əsasən də Suriyada proseslər bu istiqamətdə qiymətləndirilir. Rusiya və Türkiyə hərbi qüvvələrinin bir çox hallarda koordinə olunmuş fəaliyyəti, xüsusilə də birgə patrul xidmətinin həyata keçirilməsi münasibətlərdə yeni axın, yeni istiqamətlər olmaqla yanaşı, həm də ABŞ başda olmaqla, bir çox Qərb dövlətlərinin maraqlarına ciddi zərbə vurmuş oldu. 2020-ci ilin 10 noyabr razılaşmasından sonra Rusiya və Türkiyənin tarixdə unikal bir hadisə olaraq Cənubi Qafqaza müttəfiq kimi birgə daxil olması da bu istiqamətdə bir proses kimi qiymətləndirilirdi. Lakin Qərb tərəfi qısa müddət ərzində Türkiyə ilə Rusiya arasında gərginliyin yenidən artacağı, xüsusilə də Rusiya təyyarəsinin vurulması hadisəsindən sonra baş verən gərginliklərin 2020-ci ilin noyabrından sonra Qarabağ istiqamətində yaranacağını, münasibətlərin konfrontasiyaya keçəcəyini gözləyirdi. Hesab olunurdu ki, Rusiya-Türkiyə müttəfiqliyi davamlı ola bilməz, münasibətlər gərginləşəcək. Amma ötən iki il yarım müddət ərzində Türkiyə və Rusiyanın münasibətlərinin strateji müttəfiqlik münasibətlərinə qalxması, əsasən də Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiyaya qarşı formalaşdırılan kollektiv Qərb koalisiyasının tərkibində Türkiyənin yer almaması Qərb tərəfindən ciddi narazılıqla qarşılanmaqla yanaşı, həm də Rusiyaya qarşı həyata keçirilən təzyiq kampaniyasının böyük ölçüdə ciddi effekt verməsinə mane oldu. Bu gün Rusiyanın ayaqda qalması və Ukrayna cəbhəsində müharibəsini davam etdirə bilməsində də Türkiyənin siyasətinin mühüm rolu var. Bu mənada hesab edirəm ki, Rusiya xarici işlər nazirinin Türkiyə ilə bağlı səsləndirdiyi fikirlər və Türkiyənin həm bölgəmizdə, həm də dünya səviyyəsində rolunun artması ilə bağlı səsləndirdiyi mövqe reallıqları əks etdirməklə yanaşı, həm Rusiya-Türkiyə münasibətlərinin ruhunu ifadə edir”.

Politoloq hesab edir ki, Türkiyə ilə Rusiya arasında münasibətlər Türkiyədəki seçkilərin nəticəsindən ciddi şəkildə asılı olaraq dəyişəcək: "Əgər Türkiyədə hakimiyyət dəyişikliyi baş verərsə, məhz birbaşa Qərbin sifarişlərini yerinə yetirəcək yeni komandanın Rusiya ilə münasibətlərini yenidən gözdən keçirmək və bir sıra ərazilərdə Türkiyə-Rusiya müttəfiqliyində dəyişiklik etmək ehtimalı yüksəkdir. Hakimiyyət dəyişikliyi baş verməsə, Türkiyə-Rusiya münasibətləri daha da genişlənəcək və bu da Azərbaycan da daxil olmaqla, region ölkələrinə də öz təsirini göstərəcək. Rusiya-Türkiyə münasibətləri seçkilərin nəticəsindən asılı olaraq daha da genişlənə bilər və ya nəticədən asılı olaraq münasibətlərə soyuqluq gələ bilər. Odur ki, Türkiyə-Rusiya münasibətlərinin hansısa alyans və koalisiyaya çevrilməsinin mümkün olub-olmayacağını məhz 14 may seçkilərinin nəticələri bəlli olduqdan sonra söyləmək mümkündür. Hansısa alyans-koalisiya mümkün olacağı halda digər türk dövlətlərinə də təsir göstərəcəyi məlumdur. Türkiyə-Rusiya əməkdaşlığının daha da dərinləşməsi Ukrayna müharibəsinə də, Azərbaycanla-Ermənistan arasında sülh sazişinin imzalanmasına da təsirini göstərəcək”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar