Azərbaycan və Ermənistan arasında şərti sərhəddə baş verən növbəti hərbi toqquşmalar sülh danışıqlarını ertələyə bilərmi?
Xatırladaq ki, mayın əvvəlində xarici işlər nazirlərinin Vaşinqtonda 4 günlük müzakirələrinin ardından bazar günü liderlərin Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bir araya gələcəyi gözlənilir. Daha sonra Moskvada mayın 19-da iki ölkənin XİN rəhbərlərinin, mayın 25-də isə dövlət başçılarının görüşü nəzərdə tutulub.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Brüsseldə Azərbaycan lideri ilə görüşəcək. Bununla belə o sülh müqaviləsinə imza atılmayacağını deyib. Vurğulayıb ki, belə bir ehtimal olduqca aşağıdır.
Müqavilə olmasa belə, Vaşinqtonda əldə olunan müəyyən irəliləyişlər Brüsseldə konkretləşə bilərmi?
Təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl hesab edir ki, Ermənistan kompromislərə getməli, İrəvanın Qarabağla əlaqədar irəli sürdüyü şərtlərdən imtina edilməlidir: “Çünki Azərbaycanın yumşalma, güzəşt variantları yoxdur. Və ya əksinə, Moskva Qərbin vurğuladığı, amma bütövlükdə həlledici rol oynamayan, hətta qeyri-müəyyən təsir bağışlayan “tərəqqi” prosesinin üstündən birdəfəlik xətt çəkib, iki il yarımda apardığı “zamanı uzatma” siyasətini davam etdirərək tərəfləri nəticəsiz danışıqlar, görüşlər labirintinə salacaqmı? Kremlin siyasətində sülh müqaviləsinin imzalanması olmadığı üçün yenə də nəqliyyat infrastrukturlarında maneələrin aradan qaldırılması, delimitasiya komissiyasının görüşünün keçirilməsinin vacibliyini önə çəkməsi, parlamentarilərin görüşlərinin məhz Moskvada keçirilməsi gözlənilən gedişlərdir. Rusiya iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının hələ tez olduğunu açıq rəsmi mətnlə bildirir. Qarşıda, iyunun 1-də Kişinyov görüşü də planlaşdırılır və indidən görüşün formatı keçən il oktyabrın 6-da Praqada keçirilən görüşün təkrarı təsirini bağışlayır, sadəcə yenilik Almaniya kansleri Olaf Şoltsun da iştirakının nəzərdə tutulmasıdır ki, bunun da daha çox Makron personasına Azərbaycanın etirazını neytrallaşdırmağa hesablandığını düşünmək olar”.
İ.İsmayıl vurğulayır ki, bütün bu danışıqlar prosesində yaranan maneələrin başında Azərbaycanın düz iki ildən sonra Rusiya sülhməramlılarına ölkəni tərk etmək haqqında xəbərdarlıq etmək hüququnun olduğu dayanır. Onun sözlərinə görə, Rusiya da məhz bu xəbərdarlığın edilməməsi üçün sülh müqaviləsinin 2025-ci ilədək bağlanmasını istəmir ki, hərbi kontingenti ikinci müddətə -2030-cu ilədək saxlasın.