“AĞRIKƏSİCİLƏRLƏ YAŞAYIR...” - Lukaşenkonu səhhətilə bağlı müəmmalar artır

12-05-2023, 18:07   



Son 9 may paradında maraq doğuran məqamlardan biri də Belarus Prezidenti Aleksandr Lukaşenkonun davranışlarındakı qəribəliklər oldu. Belə ki, Lukaşenko bundan öncəki paradlardan fərqli olaraq, Moskvadakı tədbirdə çıxış etmədi. Bu da azmış kimi, Belarus başçısı həmin gün Minskdəki paradda da son 30 ilə yaxın hakimiyyəti dövründə ilk dəfə təmtəraqlı nitq söyləmədi.

Lukaşenko paradın gedişində demək olar, heç kimlə ünsiyyətdə olmadı və Putinin qonaq prezidentlərin şərəfinə verdiyi ziyafətə də qatılmadı. Rusiya mətbuatı onun paraddan dərhal sonra Minskə uçduğunu və aeroporta qədər yolda təcili yardım maşını tərəfindən müşayiət olunduğunu yazdı. Paraddan çəkilmiş fotolarda və videogörüntülərdə isə Belarus başçısı narahat, ağrıdan əziyyət çəkirmiş kimi göründü. Həmçinin, onun əlinin sarğılı olduğu da nəzərdən qaçmadı.

Bəs Lukaşenko nədən əziyyət çəkir və onun səhhətində hansısa ciddi problem varmı? Böyük Britaniyanın “Mirror” nəşri yazır ki, Lukaşenko səhhətindəki problemləri əsas gətirərək, 9 may paradına gəlməmək üçün Putindən icazə istəsə də, Rusiya prezidenti onun parada qatılmasında israr edib. Qəzet iddia edir ki, Lukaşenko bir neçə xəstəlikdən, o cümlədən artıq çəkidən əziyyət çəkir. Qeyd olunur ki, onun dizində və belində ciddi problemlər var.



Müxalif “Naşa Niva” nəşri isə bildirir ki, Belarus hakimiyyətinin ixtiyarındakı telekanallar və təbliğatçılar son ana qədər Lukaşenkonun Minskdəki tədbirdə çıxış edəcəyinə köklənmişdilər. Onun yerinə Müdafiə naziri Viktor Xreninin tribunaya çıxması Lukaşenkonun təbliğatçıları üçün belə gözlənilməz olub. Bundan öncəki son rəsmi görüşündə isə Lukaşenkonun səsinin dəyişdiyi müşahidə olunub. Bu da onun “COVİD-19”-a yoluxması ilə əlaqələndirilir.

Yeri gəlmişkən, 2020-ci ildə Lukaşenko özü də koronavirusa yoluxduğunu etiraf etmişdi və həmin vaxt səsi batan Belarus başçısının hələ də əvvəlki səsi bərpa olunmayıb.

Ancaq Belarus liderinin koronavirusdan daha ciddi və təhlükəli xəstəliklərdən əziyyət çəkdiyinə dair iddialar var. Məsələn, müxalif Belarus nəşrləri və hakimiyyət dairələrindən məlumatlı olan mənbələr onun onurğasında yırtıqlar olduğunu bildirirlər.




Belarus müxalifətini təmsil edən Pavel Latuşko deyib ki, Lukaşenko ağır ağrıkəsicilərlə yaşayır. Tibbi ekspert Marina Yerina isə Lukaşenkonun səhhətini şərh edərkən qeyd edib ki, onun yaşı az deyil (68 yaş), artıq çəkisi də olduğu açıq nəzərə çarpan Belarus başçısının boyu 182 santimetrdir. Mütəxəssisin fikrincə, belə fiziki göstəriciləri olan şəxsin ciddi onurğa problemlərinin olması ehtimalı yüksəkdir.

Qeyd olunur ki, Lukaşenkonun onurğa əməliyyatına ehtiyacı var, ancaq nə Belarusda, nə də Rusiyada belə əməliyyatın təhlükəsiz və effektli şəkildə həyata keçirilməsinə təminat yoxdur. Uğursuz əməliyyat isə Lukaşenkonu ömürlük iflic və yataq xəstəsinə çevirə bilər. Bu əməliyyatı keyfiyyətli şəkildə Avropada icra etmək mümkündür, amma məlum olduğu kimi, Lukaşenko üçün oralara gedən yollar bağlıdır...

Mətbuat və internet resursları Lukaşenkonun xəstəliklərinin onurğa yırtığı ilə məhdudlaşmadığını iddia edirlər. Məsələn, qeyd olunur ki, Belarus Prezidenti uzun illərdir şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Onun 3-cü dərəcəli şəkər xəstəsi olduğu iddia edilir. Məsələ ondadır ki, Lukaşenkonun ailə şəkillərinin birində sağ ayağının bir barmağının olmadığı görünür. İddia olunur ki, həmin barmağın kəsilməsi məhz ağır şəkər xəstəliyinin nəticəsidir.

“EUobserver” isə yazır ki, Lukaşenko hələ 2010-cu ildə İsveçrədə prostatitdən əməliyyat olunub. Onun hətta prostatit xərçəngi olduğu iddia olunur.



Rusiyalı politoloq Valeri Solovey iddia edib ki, Lukaşenko bir neçə dəfə mini insult keçirib və bu, onun üz əzələlərində, mimikasında özünü əks etdirir.

Bir sözlə, Belarus Prezidenti ilə bağlı “diaqnozlar” çoxdur. Ancaq hər necə olsa, Lukaşenkonun səhhətində problemlər olduğu göz önündədir. Onun xəstəliklərinin nə dərəcədə ciddi və təhlükəli olduğu isə məlum deyil. Çünki Belarus tipli bir çox ölkələrdə rəhbərə aid hər şey, o cümlədən də onun səhhəti dövlət sirri kimi gizli saxlanılır. Bu anormallıq isə müxtəlif real və qeyri-real diaqnozlara, “özəl məlumatlara”, şayiələrə, feyklərə yol açır ki, bu da nəticədə elə həmin rəhbərin özünə qarşı çevrilir...

C.Məmmədov

“AzPolitika.info”    

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.