“Əslində, Ermənistan öz təhlükəsizliyini təmin etmək üçün 44 günlük müharibədən sonrakı mərhələdə silahlı qüvvələrini yenidən silahlandırmaq məcburiyyətində qaldı”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev deyib.
O, mayın 11-də Ermənistan tərəfinin dövlət sərhədinin Vardenis-Kəlbəcər istiqamətində yerləşən mövqelərimizə hücumundan sonra Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan ordusunda İrana məxsus PUA-ların olması ilə bağlı yaydığı açıqlamaya münasibət bildirib.
Polkovnikə görə, 44 günlük müharibədə Ermənistan ordusunun əsas texnikasının 60-70%-i sıradan çıxarılmışdı ki, bunun da yerini doldurmağa çalışırlar:
“Çünki silahlı bölmələr mövcuddursa, silahlanma da olmalıdır. Ermənistan isə bu boşluğu ən yaxşı halda İranın vasitəsilə doldurmaq istəyir. Onsuz da tarixən Ermənistan Silahlı Qüvvələrinin silahlanması 90%-ə qədər Rusiya istehsalı silahlarla təchiz olunub. Rusiya da artıq bunun davamını Ermənistanla istəmir, çünki özünün müharibədə ehtiyacları var və özünü təmin etməkdə çətinlik çəkir”.
Onun fikrincə, Ermənistan da bu boşluğu İran vasitəsilə doldurur:
“İranın Qafanda konsulluq nəzdində hərbi attaşesini yaratması o deməkdir ki, Ermənistanın hərbi texniki avadanlıqlarına ehtiyaclarını müəyyən etsin. Təbii ki, bu proses Ermənistanda gedir və İran da bunu mütəxəssisləri tərəfindən müəyyən edir.
Bu gün İranın silahlanmasında olan nə varsa, gələcəkdə Ermənistan Silahlı Qüvvələrinin də silahlanmasında bu silah-sursatların olması ehtimalı böyükdür. Ona görə ki, Ermənistan və İran strateji tərəfdaşdır. Strateji tərəfdaşlıq isə o deməkdir ki, İran silah arsenalındakı istənilən texnikaları Ermənistana verə bilər.
Hərbi ekspert iddia edib ki, İran 600 ədədə yaxın “Dehlaviya” və “Almas” tank əleyhinə raket sistemlərini Ermənistana ötürüb:
“Bunlar isə əslində, müdafiə silahlarıdır. Çünki Ermənistan Azərbaycan və Türkiyə ordusundan ehtiyatlandığına görə müdafiə ehtiyaclarını ödəyir.
O ki qaldı PUA-lara, İran bu gün 20-dən çox modifikasiyada PUA-sı istehsal edir və öz silahlanmasında bunlar mövcuddur. Biz bu gün onları Ukrayna müharibəsində “Shahed-136” PUA-ları qismində gördük. Bunun da Ermənistana ötürülməsində heç bir məhdudiyyətlər yoxdur. İran Ermənistanla bərabər hərbi təlimlər keçir. Bu isə o deməkdir ki, gələcəkdə Ermənistana lazım olan silahları ona vermək üçün indi onları bu silahlardan istifadəyə öyrədir.
Ermənistanda “Shahed-136” PUA-larının olması ilə bağlı bizim əlimizdə foto və ya video sübutlar olmasa da, ehtimallar var ki, İran Ermənistanı bu PUA-larla silahlandırır və buna davam edəcək. Bu açıq bazar deyil ki, İran bunu hamıya elan etsin. Bunlar gizli bir məsələdir və Azərbaycanın nəzarətində olmayan yollarla onlar ağlımıza gələn-gəlməyən hər şeyi Ermənistana daşıya bilərlər”.
“Bu gün Fransa, İran və Hindistan Ermənistanın silahlandırılmasında böyük bir yarışa giriblər. Çünki Ermənistanda hazırda böyük bir boşluq var, ona görə də kimsə bunu doldurmalıdır. Bunu da ya İran, ya Fransa, ya da Hindistan edəcək. Azərbaycan da Ermənistanın silahlanmasının fərqindədir. Onsuz da ordumuz 44 günlük müharibədən sonra yerində saymır. Yəni Azərbaycan Ordusu da silahlanmanı davam edir və Türkiyə ordusu modelinə keçid artıq başlayıb. Ermənistanı silahlandıran ölkələr bilirlər ki, onu Azərbaycana qarşı silahlandırırlar. Ona görə də bizim də hərbi doktrinamız yeni çağırışlara uyğun hesablanmlıdır”, - müsahibimiz yekunlaşdırıb.