Keçən ilin iyul ayında uğurla nəticələnən üz köçürülməsindən sonra Rəcəb Sərtin həyatı tamamilə dəyişdi. Əməliyyatdan sonra yeni üzünə qovuşan Rəcəb hətta evlənməyə hazırlaşır.
Türkiyə mətbuatı xəbərinə görə, Türkiyədə üz köçürülməsi əməliyyatı keçirən Rəcəb Sərt qocalar evində xəstə baxıcısı işləyən Esma Aykul ilə Bursada nişanlanıb.
Bursalı 27 yaşlı Rəcəb keçən il təmizləməyə çalışdığı tüfənginin qəfildən atəş açması nəticəsində tanınmaz hala düşmüşdü. Keçən il 18 iyul tarixində Akdəniz Universitetinin həkim heyəti tərəfindən həyata keçirilən əməliyyat zamanı beyin ölümü keçirən 43 yaşlı polşalı turist Andrzej Kuzcanın üzü və çənəsi Rəcəbin üzünə köçürülüb.
Bacısının böyrək əməliyyatı üçün yenidən Akdəniz Universitetinə gələn Rəcəb burda görüb tanış olduğu Esma Aykula evlənmək təklif edib. Üz nəqlindən sonra həyatı dəyişən Rəcəb "xoşbəxt bir ailə arzulayırdım. Bunun üçün ilk addımı atdım. Nişanlımla evlənib xoşbəxt həyat quracağımıza inanıram", - deyib.
Qeyd edək ki, bu, Türkiyədə həyata keçirilən 5-ci üz nəqli əməliyyatıdır.